Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Dünya, Xocalını tanı!” çağırışı səsləndirilib

Yaxın tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımına həsr edilmiş “Xocalısız 28 il” adlı ədəbi bədii tədbir keçirilib. Tədbir Binəqədi rayonundakı 283 nömrəli və 30 nömrəli tam ora məktəblərin təşkilatçılığı ilə 283 saylı məktəbdə baş tutub.

Tədbirdə, həmçinin Xocalı soyqırımının canlı şahidi, “Erməni zindanında səkkiz gün” kitabının müəllifi Dürdanə Ağayeva, Bakı şəhəri 30 nömrəli tam orta məktəbin direktoru Rübabə Abdullayeva, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən 283 nömrəli  məktəbin direktoru Tünzalə Zeynalova bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş, öz ağlasığmaz qəddarlığı və qeyri – insani üsulları ilə bəşər tarixində analoqu çox az olan vandalizmin tarixindən danışaraq şagirdlərə Azərbaycanın tarixini dərindən öyrənməyi tövsiyə etdi.

Şagirdlərin təqdimatında Ələmdar Quluzadənin “Şəhid – şəhər” pyesi əsasında hazırlanmış kompozisiya nümayiş etdirilib, Xocalıda törədilmiş hadisə Xatın, Xirosima faciələri ilə müqayisə olunub. Məktəblilər rus və ingilis dillərində “Dünya, Xocalını tanı!” adlı çağırış ediblər. Bir – birini əvəz edən təqdimatlar tədbir iştirakçılarının marağına səbəb olub.

Sonra erməni əsirliyində ağlasığmaz vəhşiliklərə məruz qalan Dürdanə Ağayeva Xocalı ilə bağlı müdhiş, unudulmayacaq xatirələrini bölüşərək, Xocalını unutmadıqlarına və unutdurmadıqlarına görə  tədbir təşkilatçılarına təşəkkürünü bildirib.
Sonda tədbir məktəbin xor qrupunun ifasında “Can, Azərbaycan” mahnısı ilə nikbin ruhda başa çatıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 2020 10:38 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə