Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya ilə əlaqələrin inkişafı Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin genişlənməsinə kömək edə bilər

Professor Musa Qasımlı bildirib ki, Avropa İttifaqının üzvü olan İtaliya ilə münasibətlərin inkişafı ölkəmizin bu qurumla münasibətlərinin genişlənməsinə böyük kömək edə bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərinin bir neçə baxımdan mühüm əhəmiyyətə malik olduğunu deyən M.Qasımlı qeyd edib ki, bu səfər hər şeydən əvvəl Azərbaycanın xarici siyasətinin uğurlu səhifələrindən biridir.

Professor İtaliya-Azərbaycan münasibətlərinin dərin tarixi köklərə malik olduğunu nəzərə çatdırıb: “Hələ orta əsrlərdə italyan səyyahları Azərbaycana səfərə gələrək ölkəmizlə maraqlanırdılar. 1918-1920-ci illərdə Azərbaycan və İtaliya arasında müəyyən münasibətlər qurulmuşdu. 1922-ci ilə qədər iki ölkə arasında siyasi-diplomatik əlaqələr bu və ya başqa səviyyədə mövcud olub. Sovet dövründə Azərbaycan mərkəz vasitəsilə İtaliya ilə əlaqələr saxlayıb. Azərbaycanda istehsal olunan bəzi məhsullar İtaliyaya göndərilirdi, mədəni əlaqələr var idi”.

M.Qasımlı qeyd edib ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra İtaliya ilə birbaşa, müstəqil əlaqələrin qurulması üçün imkanlar yaranıb. İki ölkə arasında münasibətlərdə yeni səhifəni ümummilli lider Heydər Əliyevin İtaliyaya səfəri açıb: "Bu səfərdən sonra Azərbaycan-İtaliya münasibətlərinin hüquqi müqavilə bazası genişləndirildi və müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etdirildi. Sonrakı dövrlərdə Prezident İlham Əliyevin gərgin səyləri nəticəsində Azərbaycan-İtaliya münasibətləri tamamilə yeni səviyyəyə yüksəldi".

Bakı və Neapolun qardaşlaşmış şəhərlər olduğunu vurğulayan deputat bu gün Azərbaycan-İtaliya münasibətlərinin geniş perspektivləri olduğunu vurğulayıb: “Bu gün İtaliya dünyanın yeddi böyük ölkəsindən biridir və dünya siyasətində, iqtisadiyyatında çəkisi olan ölkədir. İtaliya Azərbaycanın ən mühüm ticarət ortaqlarından biridir. Hesab edirəm ki, Prezident İlham Əliyevin bu səfəri ölkələrimiz arasında münasibətlərə yeni dinamizm verəcək və yeni potensialları üzə çıxaracaq”.

“Xalq qəzeti”

21 2020 12:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə