Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qida məhsullarının keyfiyyətinə ictimai nəzarət gücləndirilir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Açıq qapı” günü keçirilib. Tədbirdə vətəndaşlar, bir sıra ictimai təşkilatların, qida sahəsində fəaliyyət göstərən şirkətlərin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumatda bildirilir ki,  “Açıq qapı” gününün keçirilməsində məqsəd qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində ictimai nəzarət mexanizminin gücləndirilməsi, vətəndaşların prosesdə aktiv iştirakının təmin edilməsidir.

AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin müdiri Xalid Bayramlı məlumat verib ki, hazırda İnstitutun bazasında Bakıda və regionlarda ən müasir tələblərə cavab verən laboratoriyalar fəaliyyət göstərir. Seçilmiş kadrlar təlimlərə cəlb edilərək, laboratoriyalarda müvafiq işlə təmin olunublar. Laboratoriyalarda müayinələr beynəlxalq standartlara uyğun, müasir metodlarla həyata keçirilir.

Azərbaycanda əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi ilə yanaşı, qida məhsullarının ixrac imkanlarının genişlənməsi də diqqət mərkəzindədir.

Vətəndaşlar tərkibindən və keyfiyyətindən şübhələndikləri istənilən qida məhsulunu İnstitutun beynəlxalq tələblərə cavab verən laboratoriyalarında yoxlatdıra bilərlər.

“Açıq qapı” gününün iştirakçıları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda qida təhlükəsizliyinin təbliği istiqamətində həyata keçirilən bu tədbirin maariflənmə baxımından əhəmiyyətini xüsusi vurğulayıb və görüşə görə təşəkkürlərini bildiriblər.

Samirə Əliyeva,
“Xalq qəzeti”

21 2020 12:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə