Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar davam edir

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Təhsil Nazirliyi və yerli icra hakimiyyətləri strukturlarının birgə təşkilatçılığı ilə təhsil müəssisələrinin yuxarı sinif şagirdləri və tələbələri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar davam edir.

DTX xəbər verir ki, bu seminarların başlıca məqsədi dövlət mənafelərinin təmin olunması, milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunmasıdır.

Seminarlar DTX-nin bu sahə üzrə peşəkar mütəxəssisləri, o cümlədən DTX-nin Heydər Əliyev adına Akademiyasının təcrübəli əməkdaşları tərəfindən aparılır.

2020-ci il fevralın 20-də DTX-nin təşkilatçılığı, Təhsil Nazirliyinin, Mingəçevir şəhər, Yevlax, Ağdaş və Goranboy rayonlarının icra hakimiyyəti strukturlarının dəstəyi ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən, yuxarı sinif şagirdlərinin də çıxışçı qismində iştirak etdikləri interaktiv seminara qeyd olunan şəhər və rayonlarının təhsil müəssisələrinin ümumilikdə 570-dən çox yuxarı sinif şagirdi və tələbəsi qatılıb.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub.

Mərkəzin akt zalında davam edən tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət himni səsləndirilib.

Sonra sosial şəbəkələrin insanların gündəlik həyatlarına təsiri, müsbət və mənfi tərəflərini əks etdirən video-çarx nümayiş olunub.

Tədbiri Mingəçevir ŞİH-in başçısı İlham İsmayılov açaraq belə mühüm maarifləndirmə və tədris formalarının əhəmiyyətini vurğulayıb. O, bu seminarın dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın uşaqların və yeniyetmələrin milli ruhda tərbiyəsinə, inkişafına, təhsilinə və kamil vətəndaş kimi formalaşmalarına, ümumilikdə uğurlu gənclər siyasətinə növbəti töhfələri olduğunu qeyd edib.

İ.İsmayılov DTX-nin bu təşəbbüsünün təqdirəlayiq olduğunu və indiyədək keçirilən seminarların müəllim-şagird və tələbə kollektivləri tərəfindən rəğbətlə qarşılandığını bildirib.

Sonra DTX-nin Heydər Əliyev adına Akademiyası rəisinin birinci müavini Elşad Nəsirov mövzu üzrə ətraflı məlumat verərək bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə edilisin. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi prioritet məsələlərdəndir.

Seminarda Akademiyanın kafedra rəisi D.Rüstəmovun, psixologiya üzrə fəlsəfə doktoru dosent M.Sadıqovanın, hüquq üzrə fəlsəfə doktoru E.Balacanovun “Sosial şəbəkələr və milli təhlükəsizlik: mövcud təhdid və risklər”, “Sosial şəbəkələrdən məqsədli istifadənin faydaları”, “Sosial şəbəkələrin gənclərin psixikasına təsiri”, “Sosial şəbəkələrin gənclərin həyatında yaratdığı problemlərə ümumi baxış” və digər aktual mövzularda məruzələri dinlənilib.

Seminarda yuxarı sinif şagirdləri Aytac Mustafayeva və Cavid Mirzəzadə sosial şəbəkələrin müsbət və mənfi tərəflərinin öz təcrübələrində onların həyatlarına təsirləri barədə fikirlərini bölüşüblər.

Böyük maraqla qarşılanan seminar sonra şagird və tələbələrin yaxından iştirakları ilə onları düşündürən suallar ətrafında interaktiv müzakirələrlə davam edib.

“Xalq qəzeti”

21 2020 11:22 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə