Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyana xatırlatma: Dağlıq Qarabağdakı ermənilər ayrıca bir millət deyil, Azərbaycanın tərkibində etnik azlıqdır

Beynəlxalq insan hüquqları, münaqişələrin həlli və sülh quruculuğu, ayrı-seçkiliyə yol verilməməsi kimi məsələlər üzrə ixtisaslaşmış “Raoul Wallenberg” İnsan Hüquqları və Humanitar Hüquq İnstitutunun elmi işçisi, hüquq elmləri doktoru, Malmö Universitetinin (İsveç) baş müəllimi, soydaşımız Kamal Makili-Əliyev son günlər dünya mediasının diqqət mərkəzində olan Azərbaycan və Ermənistan rəhbərlərinin Münxen debatında işğalçı dövlətin baş nazirinin tarixi və hüquqi savadının azlığı və yanlışlığı ilə bağlı aşağıdakıları bildirmişdir:
– Münxen debatında millətçi-separatçı erməni ideoloqlarının əldədüzəltmə “Böyük Ermənistan” xülyasının saxta arqumentlərini biabırçı bir naşılıqla təkrarlamağa cəhd edən baş nazir N.Paşinyan beynəlxalq hüquqda aydın şəkildə əksini tapmış öz müqəddəratını təyinetmə hüququ ilə bağlı da özünü gülünc vəziyyətə saldı. Cənab baş nazir niyə anlamaq istəmir ki, Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyinetmə hüququ yoxdur. Dağlıq Qarabağ münaqişəsində əsas problemlərdən biri beynəlxalq hüquqda xalqlar konsepsiyasının necə anlaşılmasıdır. Çünki yalnız xalqların öz müqəddəratını təyinetmə hüququ var. 
Nikol Paşinyan və onun millətçilik zəhərilə beyni dumanlanmış ardıcılları bilməlidirlər ki, qondarma “Dağlıq Qarabağ” adlı separatçı qurum bir dövlət kimi qəbul edilə bilməz, çünki onun ayrıca milləti və ya xalqı mövcud deyil. Dağlıq Qarabağdakı ermənilərin vətəndaşlığı Ermənistanda yaşayan ermənilərlə eyni deyil. Onlar Azərbaycan vətəndaşlarıdırlar, milli azlıqdırlar, çünki Azərbaycan ərazisində yaşayırlar. 
Ermənistanda yaşayan ermənilər isə öz müqəddəratlarını təyin edərək dövlətlərini yaradıblar. Azərbaycanda bir çox etnik azlıqlar var: ləzgilər, talışlar, lakin öz müqəddəratını təyin etmək prinsipi onlara tətbiq oluna bilməz. Muxtariyyətlər isə milli azlıqların, mədəniyyətlərin qorunması üçün formalaşır. Bu, onların assimilyasiyasının qarşısını almağa xidmət edir. Azərbaycan Dağlıq Qarabağ ermənilərinə dünyada mövcud olan ən geniş muxtariyyət verməyə razıdır. 
Əslində bu, Azərbaycanın suverenliyinin qismən azalmasıdır. Çünki muxtariyyət suverenliyi məhdudlaşdırır və bu, Azərbaycan tərəfindən böyük bir güzəştdir. Təəssüf ki, Minsk qrupu üzrə həmsədrlər Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində bu qədər böyük güzəştə getdiyini Ermənistana qədərincə anlatmırlar. Nəticədə, ermənistan münaqişənin həddindən artıq uzanmasından hamıdan çox əziyyət çəkir, onun rəhbəri isə dünya qarşısında açıq debatlara çıxanda gülünc vəziyyətə düşür.
Nəhayət, son üç onillik müddətində beynəlxalq hüquq, dünya birliyi qondarma “Dağlıq Qarabağ respublikası” adlı separatçı qurumu tanıya bilmirsə, deməli, beynəlxalq hüququn prinsiplərini pozmaq mümkün deyil. Üstəlik, Ermənistan dünya birliyində getdikcə daha çox işğalçı, terrorçuluğu himayə edən, soyqırımı törədən dövlət kimi tanınır. Ermənilər bu gerçəyi anlamadıqca öz məğlubiyyətlərini daha da dərinləşdirəcəklər.
Xatırladaq ki, Kamal Makili-Əliyev AMEA Fəlsəfə İnstitutunda etnik münaqişələrin beynəlxalq hüquq əsasında həlli sahəsində elmi iş müdafiə edib, “Mübahisəli ərazilər və beynəlxalq hüquq: Dağlıq Qarabağ münaqişəsi və Aland adaları presedentinin müqayisəli tədqiqi” kitabının müəllifidir. O, əvvəllər Strateji Araşdırmalar Mərkəzinin (SAM) baş elmi işçisi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi hüquq idarəsinin zabiti olmuşdur.

 

R.TAHİR, “Xalq qəzeti”

21 2020 00:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə