Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikol Paşinyan Münxen Konfransında bir daha rüsvay oldu

“Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş paneldəki çıxışı  ölkəmizin  böyük diplomatik qələbəsi kimi yadda qalacaq. Debat zamanı  dövlətimizin başçısının  məntiqli, tutarlı  faktlar  səsləndirməklə opponenti üzərində  böyük üstünlük qazanması, Paşinyanın  isə  daha çox heç bir əsası olmayan, real faktlara söykənməyən arqumentlər gətirməyə cəhdi ilə gülüş doğurması beynəlxalq ictimaiyyətin diqqətindən yayınmadı. Azərbaycan Prezidenti tarixi faktlarla Paşinyanı  çıxılmaz vəziyyətə saldı, işğalçı ölkənin  rəhbəri isə  tez-tez nitqində səhv etdi və siyasi savadsızlığını yenidən nümayiş etdirdi”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elman Nəsirov bildirdi. O daha sonra dedi:

– Ermənistanın baş naziri birinci dəfə deyildi ki, belə gülünc vəziyyətə düşürdü. Buna qədər “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında və MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında da Nikol Paşinyanın faktlar qarşısında aciz qalmasının şahidi olmuşduq. Dövlətimizin başçısının bu mühüm əhəmiyyətli tədbirlərdə nümayiş etdirdiyi qətiyyət dünya azərbaycanlılarının möhtəşəm məmnunluğu ilə qarşılanmışdır. Möhtərəm Prezidentimiz Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, diqqəti Ermənistanın işğalçılıq siyasətinin acı fəsadlarına, faciəvi nəticələrinə yönəltmiş, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən bəri yerinə yetirilmədiyini vurğulamışdır. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu bildirən dövlətimizin başçısının “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”, -- deməsi hələ də ermənilərin qulaqlarında cingildəyir. 
Bu zərbədən sonra hələ də özünü toparlaya bilməyəm Nikol Paşinyanın Münxendəki rabitəsiz, heç bir fakta əsaslanmayan, cəfəng fikirləri bu dəfə də ona baha başa gəldi. Panel müzakirələrdə Prezident İlham Əliyev münaqişənin yaranma tarixini bir daha diqqətə çatdırdı. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayan ölkəmizin rəhbəri bunun tarixi həqiqət olmaqla yanaşı, beynəlxalq hüququn normalarına əsaslandığını faktlarla diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Həmin qətnamələrin tələblərinin hələ də yerinə yetirilmədiyini diqqətə çatdıran Prezident İlham Əliyev qətiyyətlə bəyan etdi ki, sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir. 
Dövlət başçımızın məntiqi qarşısında çaşqın duruma düşən baş nazir Nikol Paşinyan vəziyyətdən çıxmaq üçün müxtəlif yalanlar səsləndirdi və ötən tədbirlərdə olduğu kimi, yenə də gülüş hədəfinə çevrildi. Beləliklə, Prezident İlham Əliyev erməni baş nazir Nikol Paşinyanın beynəlxalq ictimaiyyətin gözü qarşısında siyasi savadsızlığını ortaya qoydu və Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi. Bununla da işğalçı ölkənin rəhbəri növbəti dəfə məğlubiyyətin acısını dadmalı oldu. 
Bu gün Azərbaycan ictimaiyyəti növbəti dəfə öz Prezidentinə minnətdarlığını bildirir ki, o, Soçidə, Aşqabadda və Münxendə Ermənistanın baş nazirini çıxılmaz vəziyyətə saldı, onu təkzibedilməz faktlarla tamamilə tərksilah etdi. Müzakirələrdə Azərbaycan Prezidentinin məntiqə, faktlara söykənən prinsipial və qətiyyətli mövqeyi qarşısında Ermənistanın baş nazirinin silsilə xarakterli səhvlərə yol verməsi də bunu təsdiqləyir. Məhz buna görə də Ermənistan ictimaiyyəti Paşinyanı ciddi qınaq obyektinə çevirib. Bütün bunlara rəğmən, hesab edirəm ki, Prezident İlham Əliyevin debatda səsləndirdiyi fikirlər Azərbaycanın böyük diplomatik qələbəsidir. 

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

 

21 2020 00:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə