Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində alternativ və etibarlı layihədir

Son 16 ildə “Əsrin müqaviləsi” sayəsində ölkəmizin imkanları ardıcıl şəkildə genişləndirilib. Qaz ehtiyatları 1 trilyon kubmetrdən çox olan “Şahdəniz” qaz kontraktı üzrə saziş bağlanılıb. Xəzər dənizini Qara dənizlə birləşdirən yeni bir ixrac marşrutu–Bakı-Supsa neft kəməri tikilib. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi Azərbaycanı dünyada, həm də qaz ölkəsi kimi tanıdıb. 

Bütün bunlarla bərabər, 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub. 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən strateji enerji əməkdaşlığına dair memorandum imzalanıb və bununla da Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması istiqamətində tarixi addım atılıb. 
Azərbaycan Prezidenti fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”da iştirak edərkən də bu məsələyə xüsusilə diqqət çəkərək vurğulayıb ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin artırılması istiqamətində alternativ və etibarlı layihədir. Əgər əvvəllər Azərbaycan bu layihənin reallaşdırılması istiqamətində bir vasitəçi ölkə kimi görünürdüsə, hazırda Cənub Dəhlizinin formasını və gələcəyini təyin edən əsas iştirakçıya çevrilib. Avropanın enerji təhlükəsizliyində fəal iştirakı, həm də onun qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərib.
Hazırda Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans–Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) Azərbaycan qazını birbaşa Avropaya çatdırmağa hazırdır. Bu Cənub layihənin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) tamamlandıqdan sonra Azərbaycan “Şahdəniz -2” yatağından çıxarılan təbii qazı TANAP və TAP vasitəsilə Avropaya ötürəcəkdir. Beləliklə, 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi artıq istismara veriləcək. Əsas infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi təkcə regionumuz üçün deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir. Ölkə başçısının da qeyd etdiyi kimi, layihə üzrə yekun tamamlanma işlərinin bu ilin sonunadək olacağına baxmayaraq, Cənub Qaz Dəhlizini artıq tamamlanmış layihə hesab edə bilərik.
Prezident İlham Əliyevin dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsində də Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşdirilməsi barədə ətraflı bəhs edilib. Bildirilib ki, qaz təchizatının şaxələndirilməsi istiqamətində Avropanın səylərinə dəstək verən Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə nail olub. Uzunluğu 3500 kilometr olan bu layihə Xəzər regionundan qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Bu layihə Avropaya qazın nəqlinə alternativ kimi deyil, Avropaya qaz təchizatının şaxələndirilməsi məqsədilə həyata keçirilib. Ümumi kapital qoyuluşu 40 milyard ABŞ dolları olan bu layihə 4 hissədən ibarətdir. Artıq birinci hissə–“Şahdəniz-2” fazası üzrə bütün işlər tamamlanıb. Şahdəniz qazı 2500 metr hündürlüyə qalxaraq və dəniz dibindən 800 metr dərinliyə enərək 3500 kilometr məsafə boyunca nəql ediləcək.
Layihənin ikinci hissəsi–Cənubi Qafqaz Boru Kəməri də artıq istismara verilib. Azərbaycanı Gürcüstandan keçərək Türkiyə ilə birləşdirən bu kəmərin uzunluğu 691 kilometr təşkil edir.
Layihənin üçüncü hissəsi–Trans-Anadolu Boru Kəməri (TANAP) Cənubi Qafqaz Boru Kəmərinin davamı olaraq Türkiyənin qərb sərhədinə qədər davam etməklə, uzunluğu 1850 kilometr təşkil edir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran bu boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşib.
Sonuncu–dördüncü hissə isə Trans-Adriatik Boru Kəməridir (TAP). Bu kəmərin uzunluğu 878 kilometrdir. Tikintisinin 90 faizdən çoxunun başa çatdığı həmin layihə əsasında qaz kəməri Yunanıstandan Albaniyaya, oradan da Adriatik dənizinin altından keçməklə İtaliyaya çatacaq. Xatırladaq ki, ötən il noyabrın 30-da TANAP-ın TAP ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.
Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı çıxışında deyib: “Keçən il TANAP qaz kəməri istismara verildi. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Çünki TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə imzalanmış sazişdən sonra “Şahdəniz-2” qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilmişdir. Əgər TANAP imzalanmasaydı, “Şahdəniz-2”nin işlənilməsi başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi və nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi doğrudan da böyük tarixi nailiyyətimizdir. Cənub Qaz Dəhlizinin qalan dördüncü layihəsi də uğurla icra edilir. TAP layihəsinin icra səviyyəsi 90 faizi keçibdir. Əminəm ki, biz bu il TAP-ın istismara verilməsini də nəzərdə tutulmuş vaxtda qeyd edəcəyik”.
Xatırladaq ki, Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP boru kəməri layihəsi üzrə Albaniya və Yunanıstandakı kompressor stansiyalarının, həmçinin Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi tamamlanıb. İtaliyadakı təbii qazın qəbulu terminalının isə tikinti işlərinin 65 faizi başa çatıb.
Ümumiyyətlə, TAP layihəsi üzrə işlərin 91 faizi yekunlaşıb. Hazırda boru kəməri tikinti mərhələsindədir. TAP-ın inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa olunur. 
Yeri gəlmişkən, layihə üzrə kapital xərclər 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

 

V.BÜNYATOĞLU, “Xalq qəzeti”

 

28 2020 01:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə