Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan iqtisadi inkişaf, ciddi islahatlar yolundadır

Prezident İlham Əliyevin rəhbərliyi ilə ­2019-cu ildə ölkəmizdə sosial-iqtisadi islahatların yeni mərhələsinə başlanılıb. Genişmiqyaslı xarakter daşıyan islahatlar respublikada yüksək dayanıqlı iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb. Struktur-institusional islahatlar isə keyfiyyətcə yeni sosial-iqtisadi artım modelinə keçidi şərtləndirib və bundan əsas məqsəd isə Azərbaycan vətəndaşlarının rifahının daha da yaxşılaşdırılması olub.  

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə rəhbəri giriş nitqində islahatların ardıcıl xarakter daşıdığını xatırladaraq bildirib ki, bütün bunlar dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsi məqsədi daşıyır: “Biz bütün bu məqsədlərə çatırıq. Keçən il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər bunu bir daha təsdiqləyir. İqtisadiyyatımız 2,2 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı nəticədir. Neftin qiyməti sabitdir, ancaq Azərbaycanda neft hasilatı bir qədər aşağı düşüb. Ümumi daxili məhsulun 2,2 faiz artması, hesab edirəm ki, yaxşı nəticədir. Xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb. Bunun da səbəbi məhz neftin hasilatı ilə bağlıdır. Ancaq bizim əsas prioritetimiz olan qeyri-neft sektoru 14 faizdən çox artıb. Burada, əlbəttə ki, keçən il istismara verilmiş nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması xüsusi rol oynayıb”. 
İslahatların uğurla aparılmasının nəticəsidir ki, keçən il 98 min yeni iş yeri yaradılıb, son illərin rekord göstəricisi–valyuta ehtiyatlarımızın 6,4 milyard dollar artması qeydə alınıb. Yanvar ayı da nəzərə alınsa, Azərbaycanın valyuta ehtiyatları artıq 52 milyard dollara çatıb. Son bir il ərzində isə respublikanın sosial-iqtisadi sahələrinə 13,5 milyard dollar sərmayə qoyulub. Makroiqtisadi vəziyyət sabit qalıb, inflyasiya 2,5 faiz, əhalinin gəlirləri isə 7,4 faiz təşkil edib. Başqa sözlə, həmişə olduğu kimi, əhalinin gəlirləri infl­yasiyanı üstələyib. 
Ötən il ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım, pensiya sisteminin təkmilləşdirilməsi, bu sahədə artımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 16 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir.
Bütün bunlar bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin səmərəliliyini, reallaşdırılan islahatların yüksək nəticələr verdiyini göstərir. 
İslahatlar respublikanın bütün regionlarında tikinti-quruculuq, abadlıq işlərinin sürətlənməsinə də öz müsbət təsirini göstərib. Belə ki, təkcə keçən il ərzində Bakı şəhərində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, Əmlak Xidmətləri Məkanı, Beyləqanda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, paytaxtda, Naxçıvan Muxtar Respublikasında, Lənkəran, Şəki, Ağcabədi, Lerik, Cəlilabad, İmişli, İsmayıllı, Quba rayonlarında ümumi təhsil müəssisələri, Goranboy, Qazax, Qobustan və Şəmkir rayonlarında xəstəxana binaları və s. mühüm sosial əhəmiyyətli obyektlər istifadəyə verilib. 
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə ölkədə genişmiqyaslı infrastruktur layihələri reallaşdırılıb. Su və kanalizasiya layihələrinin icrasına başlanılan 50 şəhər və rayon mərkəzinin 38-də su şəbəkələrinin tikintisi artıq yekunlaşıb. Şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənddə içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb.
Hesabat dövründə avtomobil magistrallarının tikintisi və yenidən qurulmasına, regionlarda yol şəbəkəsinin bərpasına da xüsusi önəm verilib. Bu isə respublikada sərnişin və yükdaşımaların keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, iqtisadiyyatın inkişafını sürətləndirib, turizm potensialından səmərəli istifadəni şərtləndirib. 
Ötən il üçün tərtib edilən “Tədbirlər planı”na uyğun olaraq, 1376,6 kilometr uzunluğunda yolları əhatə edən 56 layihə başa çatıb. Bura 7 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihəsi, 14 yeni körpünün və 7 piyada keçidinin tikintisi işləri daxildir. Bundan əlavə “Avtomobil yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43,8 kilometr olan 3 respublika əhəmiyyətli, uzunluğu 79,3 kilometr olan 13 kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 197,6 kilometr olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib.
Hazırda Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran regional bərpa mərkəzlərində, Bakıda əlilliyi olan şəxslər üçün müalicə pansionatında, Göygöl və Şamaxı psixonevroloji sosial xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri davam edir. Qobustan Sosial Adaptasiya Mərkəzinin yaxın vaxtlarda istifadəyə veriləcəyi nəzərdə tutulur. 
İqtisadiyyatda gerçəkləşdirilən sistemli islahatlar maliyyə imkanlarının artmasına və bunun sayəsində yeni iş yerlərinin açılmasına, özünüməşğulluğun təmin olunmasına əlverişli şərait yaradıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 16 ildə 2 milyon 369 min iş yeri yaradılıb. Bunun nəticəsində işsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizə, yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizə enib.
İş yerlərinin açılmasında mütərəqqi metod kimi investisiya təşviqi mexanizminin tətbiqi də mühüm rol oynayıb. Ölkədə idxalı əvəzedən və ixracyönümlü sənayenin inkişafı, bu sahəyə investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədi ilə indiyədək 400-ə yaxın layihəyə investisiya təşviqi sənədi verilib, bu layihələr çərçivəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat investisiya yatırılıb və 16 mindən çox iş yeri açılıb.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2019-cu il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 1639,1 min nəfər olub, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 2019-cu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artaraq 603,5 manat təşkil edib. 
Prezident İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunan “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının məşğulluq strategiyası” əhalinin məşğulluq probleminin həllini sürətləndirir. Dövlətin qarşıya qoyduğu prioritetlərdən biri olan məşğulluq barədə Prezident İlham Əliyev deyib: “İş yerlərinin yaradılması üçün, əlbəttə ki, vacib amillərdən, vasitələrdən biri özünüməşğulluq proqramıdır. Biz buna da başlamışıq. Bu proqram çox böyük rəğbət qazanıb. Biz hər il özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insanı işə cəlb etmək fikrindəyik. Ancaq yerlərdən gələn sifarişlər qat-qat çoxdur. Bunu biz nəzərə almalıyıq və öz planımıza düzəlişlər etməliyik. Bu, əlbəttə ki, təkcə maliyyə vəsaiti tələb edən məsələ deyil, burada bir çox texniki məsələlər, vasitələrin alınması var, ondan sonra, nəzarət mexanizmi tətbiq edilməlidir”.
Ölkədə işsizliyin aşağı səviyyəyə düşməsinə məşğulluq proqramlarının uğurlu həlli də müsbət təsir göstərib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən, icra olunan özünüməşğulluq proqramı 1400 nəfərə yaxın şəxsin ailə təsərrüfatlarını qurmaqla özünüməşğulluğuna imkan yaradıb ki, onların 84 faizinin biznes-planları məhz kənd təsərrüfatı sahələrini əhatə edir. Proqram çərçivəsində artıq 1000 nəfərə yaxın şəxsə aktivlər (mal və materiallar) verilib və onlar ailə təsərrüfatlarını qurublar. 
Azərbaycanda yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi istiqamətində nəzərə çarpan uğurları digər faktlardan da görmək mümkündür. Belə ki, hazırda respublikada yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
İslahatların nəticələri beynəlxalq hesabatlarda da öz ifadəsini tapıb. “Doing Business 2020” hesabatında Azərbaycan ümumilikdə 190 ölkə arasında 34-cü mövqedə olub. Belə ki, Azərbaycan kreditlərin alınması üzrə 1-ci, biznesə başlama üzrə 9-cu, müqavilələrin icrası üzrə 28-ci, vergilərin ödənilməsi üzrə 40-cı, əmlakın qeydiyyatı üzrə 44-cü, müflisləşmənin həlli indikatoru üzrə 47-ci, tikinti üçün icazələrin alınması üzrə isə 59-cu yerdə qərarlaşıb.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

28 2020 01:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə