Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici media Azərbaycan haqqında

Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu, Los-Anceles konsulluq korpusunun duayeni Nəsimi Ağayev ABŞ-ın ən böyük farsdilli radiosu olan KIRN radiosunun aparıcısı Debbi Amininin dəvətilə radionun “One World, One Community” (“Bir dünya, bir icma”) proqramının qonağı olub. Baş konsul müsahibəsində Azərbaycanla bağlı geniş məlumat verib. O, ölkəmizin müstəqillik tarixi haqqında danışıb və 1918-ci ildə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi, demokratik respublika yaratdığını, eləcə də qadınlara səsvermə ­hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü bildirib. Proqramda, həmçinin  Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqqında məlumat verilib. Ölkəmizdə müsəlmanlarla  yanaşı, xristian, yəhudi, bəhai və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqları diqqətə çatdırılıb.

Baş konsul daha ­sonra Azərbaycanın zəngin mədəniyyəti, mətbəxi, əsrarəngiz təbiəti, turizm imkanları, Bakı şəhərinin görməli yerləri, eləcə də Baş Konsulluğun Los-Ancelesdə keçirdiyi tədbirlər barədə də suallara cavab verib. Proqram, həmçinin canlı şəkildə kanalın rəsmi sosial şəbəkə profillərində video formatında yayımlanıb.
Bonnda yerləşən Beynəlxalq Konversiya İnstitutu (BICC) 2019-cu ilin yekunları üzrə Qlobal Hərbiləşdirmə İndeksini (Global Militarization Index 2019) dərc edib. Bu indeksə əsasən, Azərbaycan ötən illə (12-ci yer) müqayisədə 2 pillə irəliləyərək reytinqdə 10-cu sırada qərarlaşıb. Müəlliflər bu cür tədqiqatları 1990-cı ildən başlayaraq hər il aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclər, həmin sahədə çalışan insanların ümumi əhaliyə nisbətdə sayı, eləcə də əhaliyə nisbətdə ölkədə ağır silahların miqdarı kimi bir sıra parametrlər üzrə dünyanın 150-yə yaxın ölkəsini qiymətləndirirlər. Hesabat Stokholmdakı Dünya Problemlərinin Tədqiqat İnstitutu (SDPTİ), Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BICC-nin məlumatları əsasında tərtib olunur.
Hindistanın “abplive.com” saytı “Azərbaycan şəhəri Bakıda bir gün” sərlövhəli reportaj yayımlayıb. Məqalədə Bakının timsalında Azərbaycanın turizm potensialı, müasir və tarixi özəllikləri, dünya üçün əhəmiyyətli olan, turistlərin daha çox diqqətini çəkən məkanları barədə ətraflı bəhs edilir. Qeyd edilir ki, Bakı “Formula 1” yarışları, “Alov qüllələri” və Xəzərdəki neft mədənlərinə görə tanınır. Qeyd edilir ki, təbii resurslarla zəngin olan Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xeyli tərəqqi edib. Azərbaycan Avropanın ən dünyəvi ölkələrindən biri hesab olunur. Müəllif ABP xəbərlərinin prodüseri Chanakya Bhatia bildirib ki, Azərbaycan turizm potensialını dünyaya nümayiş etdirməyə daha çox önəm verib: “Əsas cəlbedici məkanlar qalalar, mədəni irs yerləri, milli parklar və digərləridir. Azərbaycanın təklif olunan məftunedici İçərişəhərini gəzməkdən, Alov qüllələri”ni, heyrətamiz göydələnləri və digər yerləri görməkdən doymursan. Bundan başqa, son vaxtlar burada həmçinin sağlamlıq turizmi də populyarlaşıb.”
Məqalədə UNESKO-nun Mədəni İrs Siyahısına daxil olmuş İçərişəhər, Qız qalası və Qobustan Milli Tarixi-Bədii Qoruğu, “Atəşgah”, “Yanardağ”, eləcə də Bakıda olan palçıq vulkanlarının özəllikləri barədə də məlumat verilir. Müəllif yazır: “Bələdçimin bildirdiyinə görə, dünyanın palçıq vulkanlarının çoxu Azərbaycanın payına düşür. Digər bir maraqlı fakt isə odur ki, Mars planetini araşdıran NASA geoloqları Azərbaycanın palçıq vulkanlarının quruluşuna görə planetin dağlıq hissələrinə bənzədiyi qənaətindədir. 2004-cü ildə Azərbaycan ərazisindəki ən böyük palçıq vulkanı Ginnesin Rekordlar kitabına daxil edilib. Qobustan qoruğunda yerləşən palçıq vulkanları minlərlə turisti özünə cəlb edir.”

 

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

 

22 2020 23:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə