Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır

Bu gün Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq bütün istiqamətlərdə, o cümlədən siyasi sahədə uğurla inkişaf edir. Bu işdə müxtəlif səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır... İqtisadi sahədə əməkdaşlığımızı, xüsusilə, qeyd etmək istərdim. İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 19-da İtaliya Respublikasına başlanan dövlət səfərinin təəssüratları fonunda bu iki ölkənin əməkdaşlıq tarixçəsinə qısa da olsa nəzər salmaq istədik. Məlum olduğu kimi, Azərbaycan – İtaliya əməkdaşlığı ölkəmizin öz dövlət müstəqilliyini bərpa etdiyi dövrdən bu günədək daim artan templə inkişaf edir. 
Rəsmi sənədlərdə qeyd edilir ki, İtaliya 1992-ci il yanvarın 1-də Azərbaycanın dövlət müstəqilliyini tanımış, 8 may 1992-ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır. 1997-ci ilin mart ayında İtaliya hökuməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi təsis edilmişdir.
Sonrakı illərdə bu əməkdaşlıq qarşılıqlı səfərlər nəticəsində daha da genişləndirilmiş və indiki yüksək səviyyəyə nail olunmuşdur. Təkcə ötən – 2019-cu ilin əməkdaşlıq istiqamətlərinə nəzər salsaq, bu ölkələr arasındakı əlaqələrin miqyası barədə təsəvvür yaranar. 
2019-cu il fevralın 20-də İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyinin dövlət katibi Andrea Çioffi Azərbaycanda səfərdə olarkən ­Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş, Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak etmişdir. İki həftə sonra – martın 4-də isə ATƏT Parlament Assambleyası yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldi Azərbaycanda səfərdə olmuş, Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş, Milli Məclisdə İtaliya ilə Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmilərlə görüşlər keçirmişdir.
Ötən il iyun ayının son günlərində Bakıda keçirilmiş UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək məqsədilə İtaliyanın Turizm, Meşəçilik, Qida və Kənd Təsərrüfatı naziri Gian Marko Centinaio, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Quqlielmo Pikki, Mədəniyyət İrsi və Fəaliyyəti Nazirliyinin dövlət katibi Luçia Boqronzoni və İtaliyanın Veneto regionunun prezidenti Luka Zayadan ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olmuş və səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişlər. 
Bu faktları yada salmaqda məqsədimiz odur ki, Romadan Bakıya gələn istənilən dövlət və hökumət rəsmisi Prezident İlham Əliyev tərəfindən qəbul edilir və əməkdaşlığın gələcək prerspektivləri barədə müzakirələr aparılır. Eləcə də, Azərbaycandan İtaliyaya səfər edən dövlət və hökumət rəsmiləri dost ölkədə daim böyük hörmət və ehtiramla qəbul edilirlər. 
Xatırladaq ki, 2018-ci il iyul ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın şərəfinə təşkil edilən rəsmi qəbulda ölkələrarası münasibətlərin bütün spektrləri barədə müfəssəl məlumat vermişdi. Dövlət başçımız qeyd etmişdi ki, ikitərəfli münasibətlərimizin tarixində ilk dəfədir ki, İtaliya Respublikasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlmişdir: “Əminəm ki, bu əlamətdar hadisə əlaqələrimizin inkişafında yeni bir səhifə açacaqdır. Bu gün Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq bütün istiqamətlərdə, o cümlədən siyasi sahədə uğurla inkişaf edir. Bu işdə müxtəlif səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. Mən İtaliyaya etdiyim səfərləri və Sizinlə görüşümüzü məmnunluqla xatırlayıram. 2014-cü ildə Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır”.
Bu gün həm Bakıda, həm də Romada hamının məmnunluqla qarşıladığı bir faktı dilə gətirən Azərbaycan Prezidenti xatırlatmışdır ki, uzun illərdir energetika sahəsində əlaqələrimiz mövcuddur. Azərbaycan bu sahədə fəaliyyət göstərən İtaliya şirkətləri ilə sıx əməkdaşlıq edir: “Azərbaycan nefti böyük həcmdə İtaliyaya nəql edilir. İtaliyanın neft idxalında Azərbaycan birinci yerdədir və ölkəmizin İtaliyanın xam neft idxalında payı 15 faiz təşkil edir. Bu gün işə saldığımız polipropilen zavodu sənaye istehsalı sahəsində əməkdaşlığımızın gözəl nümunəsidir. Digər sahələrdə, o cümlədən infrastruktur, inşaat, nəqliyyat, kənd təsərrüfatı sahələrində də ölkələrimiz əməkdaşlıq edir”.
Prezident İlham Əliyevin fikrincə, Azərbaycanla İtaliya arasında zəngin tarixi-mədəni əlaqələr də mövcuddur: “Hələ XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya dövləti arasında siyasi-diplomatik əlaqələr qurulmuş, 1469-cu ildən 1478-ci ilə kimi Venesiya dövlətinin Azərbaycanda səfirliyi fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycan diplomatları Neapol Krallığında danışıqlar aparmışlar. Qeyd etməliyəm ki, 1972-ci ildə Bakı ilə Neapol qardaşlaşmış şəhərlər olmuşdur”.
Müasir tariximizə gəlincə isə qeyd etmək lazımdır ki, Bakı ilə Roma arasında təkcə siyasi, iqtisadi və ticari sahələrdə deyil, eləcə də mədəniyyət sahəsində əməkdaşlıq uğurla aparılır. Məsələn, 2012-ci ildə Romada dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Azərbaycan tərəfinin dəstəyi ilə Roma Forumunun bərpası işləri aparılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən birgə humanitar layihələr mədəniyyət sahəsində əlaqələrimizi daha da möhkəmləndirir. Bundan başqa, Azərbaycan “Milan Ekspo”da 2015-ci ildə fəal iştirak etmiş və orada ayrıca pavilyon inşa etmiş ilk ölkələrdəndir. Bizim pavilyonu 3 milyon 200 min insan ziyarət etmişdir.
Yeri gəlmişkən, İtaliya Azərbaycanın Avropa İttifaqı və ATƏT çərçivəsində də sıx əməkdaşlıq etdiyi ölkələrdəndir. Məlum faktdır ki, bu ölkə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan müzakirələrdə həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella da Bakıda həmin faktı dilə gətirmişdi: “İtaliya Azərbaycanın səmimi, qətiyyətli və sadiq tərəfdaşı olmaqda davam edəcək”.

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

21 2020 00:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə