Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kino dilinin üslubi və semantik xüsusiyyətləri

21 fevral Beynəlxalq Ana dili günüdür

Ədəbi tələffüz normalarının xalq arasında geniş yayılmasında televiziya, radio, qəzet və səhnənin rolu olduğu kimi kinonun da böyük rolu vardır. Diktorlar, aparıcılar və kinoaktyorlar şifahi nitqin qayda və qanunlarını az vaxtda minlərlə tamaşaçıya çatdırırlar. Onların nitqi daha emosional və bədii olduğundan buradakı orfoqrafiya və orfoepiya normalarını tamaşaçılar tez qavrayırlar.

Kinoaktyorun nitqi nümunəvi olmalıdır. Bu baxımdan xalq artisti Adil İskəndərov kino dilinin nümunəvi olması üçün aktyorların məsuliyyətini göstərərək yazırdı: “Filmdə ən qüvvətli ifadə və təsir vasitələrindən biri olan gözəl və nəcib danışmağın bizim sənətimiz üçün böyük əhəmiyyətini öz üzərimdə bu qədər parlaq bir surətdə hiss etdikdən sonra mən əvvəlcə sevindim. Lakin öz danışığımı yaxşılaşdırmağa çalışarkən, mən bunun çox çətin iş olduğunu başa düşdüm və qarşıma qoyduğum ağır vəzifə gözümü qorxutdu. O zaman mən tamamilə anladım ki, yalnız kino ekranında deyil, həyatın özündə də biz bayağı və savadsız danışırıq; bizim gündəlik, bayağı, sadə danışığımız ekranda yaramaz; sadə və gözəl danışmağı bacarmaq özü bir elmdir və onun xüsusi qanunları var”. 
Azərbaycan dili öz emosionallığı ilə dünyada ən gözəl dillərdən biridir.  Dilimizin axıcılığını, emosionallığını qorumaq üçün incəsənət işçiləri, xüsusən aktyor və rejissorlar Azərbaycan  dilinin orfoepiya prinsiplərini dərindən öyrənməlidirlər. Kino ustalarımız yaratdıqları obrazları ədəbi tələffüz normaları əsasında danışdırmalı, onları dialekt tələffüz üslubu ilə yox, sözün məntiqi gücü ilə tipikləşdirməlidirlər. 
Obrazların hərəsinin özünəməxsus nitqinin olması gənc kino aktyorlarımızı düşündürməlidir. Onlar neçə illərdir ki, repertuardan düşməyən “Uzaq sahillərdə” filmində Mehdi Hüseynzadə, “Qaynana” filmində Qaynana, “Arşın mal aqlan” filmində Sərvər, “O olmasın, bu olsun” filmində Məşədi İbad, “Yeddi oğul istərəm” filmində Bəxtiyar, “Nəsimi”  filmində Nəsimi, “Qaçaq Nəbi” filmində Qaçaq Nəbi, “Babək” filmində Babək, “Bizim Cəbiş müəllim” filmində  Cəbiş müəllim, “Böyük dayaq” filmində Rüstəm kişi obrazlarını oynayan aktyorların yaradıcılıq sirrlərini öyrənməlidirlər. 
Kino əsərləri başqa ədəbi janrlardan aktyorların danışığı ilə də fərqlənir. Kinorejissor filmi çəkərkən aktyorları dialoji nitqlə danışdırır ki, bu da əsərin təbii çıxmasına imkan yaradır. 
Kino dilinin əsas xüsusiyyətlərindən biri də obrazların nitqində tarixiliyin gözlənilməsidir. Hadisələrin baş verdiyi dövrdə qəbul olunmuş orfoepiya normaları az da olsa nitqdə saxlanılır. Əsər dövrü ilə səsləşməli, müasir inkişaf səviyyəsi ilə müqayisə edilməlidir. İnsanın dünyagörüşü, həyata baxışı, zövqü, hadisələrə münasibəti inkişaf nəticəsində dəyişir. Kino dilinə tələb get-gedə artdığı kimi, əsərdə qoyulan, yürüdülən ideyaya uyğun danışıq formasına da tələbat artır. Bu cəhətləri rejissor və aktyorlar nitqlərində nəzərə almalıdırlar. Məsələn, Ü.Hacıbəyov Sərvərin mahnılarını dövrün tələblərinə uyğun vermişdir. Kinoaktyor  Sərvər obrazını mümkün qədər o dövrün intonasiyasına uyğun danışdırır ki, bu da filmdə komedik anları bir qədər saxlayır. 
Bəzən də nitqin təbiiliyi üçün rejissor başqa xalqların nümayəndələrinin nitqinə müəyyən qədər aksent çalarlığı verir. Ölkəmizdə yaşayan xalqların nümayəndələri  istər-istəməz ikinci dilin müəyyən səslərinin və ya sözlərinin ifadəsində çətinlik çəkirlər. Bu isə çox vaxt həmin surətin nitqinə özünəməxsus şirinlik, milli kolorit, təbiilik verir: danışanın gürcü, rus və ya özbək olması aydınlaşır. “Yeddi oğul istərəm” (1970), “Nəsimi” (1973), “Mən ki, gözəl deyildim” (1968), “Böyük dayaq” (1962), “Torpaq. Dəniz. Od. Səma” (1967), “Telefonçu qız” (1962), “İstintaq davam edir” (1966) filmlərində danışanın dialektinə görə digər millətdən olması aydınlaşır. 
Filmin bədii, təbii və təsirli olmasında personajların nitqi ilə jestinin bir-birinə uyğun gəlməsi də əsas şərtdir. Düzgün, danışığa uyğun jestlər, mimika nitqin təsirini artıran vasitələrdən biridir. Məhz belə vasitələrə görə  də dram əsərləri başqa ədəbi janrlardan fərqlənir; həcmi az, lakin təsir gücü çox olur.
Danışıq texnikasında surətlərin milli xüsusiyyətləri də nəzərə alınmalıdır. Obrazın milli mənsubiyyətindən asılı olaraq, onun psixologiyası və təşəbbüskarlığı dilindən də hiss olunmalıdır. Filmdə qəhrəman müstəqil hərəkət edir. Kino əsərində dil, danışıq qəhrəman üçün hər bir şeyi əvəz edir. Doğrudur, ekranda qəhrəman öz fiziki hərəkəti ilə də çox iş görür, lakin həlledici amil dildir. Qəhrəmanın bütün xarakteri, hərəkət və məqsədi, fikri və hissiyyatı danışdığı sözlərdə açılıb meydana çıxır. Kinossenaridə personajın xarakterinin açılması geniş təsvirlərlə, sözlərlə ifadə edilirsə, ekranda aktyor sözlərlə bərabər öz geyimini, mimikasını, jestini, səsini və davranışını situasiyaya uyğunlaşdıraraq öz məqsədinə nail olur.
Başqa dillərdə olduğu kimi, Azərbaycan  dili tələffüzünün də bir neçə dialekt variantı vardır. Müşahidələr göstərir ki, “Azərbaycanfilm”in kinoaktyorları, bir qayda olaraq, mənfi surətlərin nitqində dialekt tələffüz formalarından istifadə edirlər. Aşağıdakı obyektiv səbəblərə görə bu, müsbət hal sayılmır: 
– filmlərdə mənfi surətlərin hamısı dialekt tələffüz üslubu ilə danışmır,
– dialekt tələffüz üslubu ədəbi tələffüz normalarının xalq arasında geniş yayılmasına mane ola bilər,
– dialekt tələffüzü dilin musiqililiyini, axıcılığını, anlaşıqlılığını zəiflədir, nitqin bədii təsiri azalır,
– senaristin kino dili təhrif olunur.
  Dramaturqlar dialekt xüsusiyyətlərindən yalnız surətin doğulduğu yeri bildirmək, yerli koloriti vermək məqsədilə çox az hallarda istifadə edirlər. 
Doğrudur, kino dilində nitqə çalarlıq vermək məqsədilə dialekt tələffüz üslubundan surətlərin nitqində istifadə edilir. Bu sahədə görkəmli sənətkarımız Nəsibə Zeynalovanın danışıq üslubunu öyrənməyə dəyər. Aktrisa Cəhrə, Nargilə, Züleyxa, Cənnət və Məsmə kimi surətləri dialekt tələffüzü ilə danışdıraraq, onların xarakterinə uyğun nitqlərinə də ustalıqla üslubi çalarlıq verir. Bu üsulla N.Zeynalova surətləri tipikləşdirir və onların daxili aləmini tamaşaçılara çatdırır. Onun ifasında Cəhrə qarının nitqi xarici görünüşü, yerişi, duruşu, əl-qol hərəkəti, danışanda sifətinin aldığı ən kiçik cizgiləri ilə birləşir, küpəgirən qarıların tipikləşdirilmiş surəti gözümüz önündə canlanır.
Kinoaktyorlar ictimai mənşəyinə, sosioloji mühitinə, xarakterlərinə uyğun danışaraq obrazı başqalarından fərqləndirməyə çalışırlar. Burada tələffüz xüsusiyyətləri surətlərin nitqini fərqləndirməkdə aktyorlara kömək edir.  Aktyor dilin fonetik, leksik və sintaktik qanunlarından nitqə rəngarənglik verən bir vasitə kimi istifadə edir ki,  bu da kino nitqinin özünəməxsus xüsusiyyətlərini təşkil edir.
Kino dili dedikdə, nəsr əsərlərinin  şifahi nitq formasına salınıb, dilin qayda və qanunlarından  məqsədli şəkildə istifadə edilməsi, surətlərin sosioloji-psixoloji xarakteri nəzərə alınmaqla onların orfoepiya normalarına uyğun, bədii, emosional və ekspressiv danışdırılması nəzərdə tutulur. 
Bu haqda İ.Rəhimli yazır: “Artistlərin obraz üzərində işləməsi xüsusiyyəti, onların stili, dili, mədəniyyəti ilə ciddi məşğul olmaq lazımdır. Kino əsərinin müvəffəqiyyətli çıxması əvvəlcə rejissor, sonra isə aktyorların bacarığından asılıdır. Belə ki, rejissor hətta ən qüvvətli ssenarinin də üzərində işləyir, onun təsirli çıxması üçün ssenaristin razılığı ilə onu istədiyi şəklə salır. Rejissor geyim, ekran bəzəyi ilə bərabər, surətlərin danışığına da ciddi yanaşmalıdır. Çünki, əsərin bədii gücünün təsiri ilə yanaşı tamaşaçılar kinoaktyorun nitqində tələffüz normalarını da qəbul edir və öyrənirlər”. 
Y.S.Qromov “Kino dili nədir?” adlı əsərində yazır: “Kino dili dedikdə, biz bütün xalqın canlı dilinin əsasında yaranan vahid ədəbi danışıq dilini nəzərdə tuturuq”. Müəllif haqlı olaraq vahid ədəbi danışıq dilinin “xalqın canlı dili” əsasında normalaşmasını qeyd edir. Lakin kino dili yalnız ədəbi tələffüz normaları əsasında qurulmur, burada Azərbaycan  dilinin bir ünsiyyət vasitəsi kimi müəyyən bir dövrdə öz funksiyasını necə yerinə yetirməsi kinoda canlandırılır. Hadisələr dövrünə görə real götürüldüyü kimi, iştirakçıların nitqini də rejissor və aktyorlar həyatda necə var, elə verməyə çalışırlar. Ssenaristin surətləri sosioloji cəhətdən fərqləndirilərsə, bu fərqlər onların nitqində də aydın hiss edilir, xarakterlərin açılmasında bir üslubi vasitə kimi çıxış edir. Məsələn, Ü.Hacıbəyovun  “O olmasın, bu olsun”  əsəri əsasında çəkilmiş eyniadlı kino-komediyada ayrı-ayrı personajların nitqi bu baxımdan daha xarakterikdir. Onların danışığında cümlələrin intonasiyası, ayrı-ayrı sözlərin vurğulu deyilişi, yersiz səs uzanmaları belə mənfi surətləri tamaşaçılara tanıdır. 
Məşhur kinoşünas Marsel Marten kino dili haqqında belə fikirdədir: “Aktyorların müxtəlif natura şəraitindəki nitqinə kino dili deyilir”. Əlbəttə, naturanın – buradakı şəraitin kino dilinin fərqlənməsində böyük rolu vardır, amma ən səciyyəvi xüsusiyyət qısa müddətdə ayrı-ayrı personajların xarakterinin necə açılması məsələsidir. Bu da kino əsərini başqa ədəbi janrlardan fərqləndirir. Filmdə aktyor bir neçə saatda həm minlərlə tamaşaçını dövrün ən aktual məsələləri haqqında düşünməyə, həm də onları maraqlandıran suallara cavab verməyə çalışır ki, bu hal aktyordan qısa, yığcam, bədii ecazkar və təsirli danışıq tələb edir. 
H.Seyidbəyli kino əsərinin yığcamlığı haqqında yazır: “Ü.Hacıbəyovun “Arşın mal alan” və “O olmasın, bu olsun” komediyalarında ayrı-ayrı personajların hər birinə bütün komediyalar boyu həcm etibarilə cəmi üç-dörd səhifə yer verilmişdir. Amma bu qədər az söz vasitəsi ilə canlı tiplər yaradılmışdır ki, onlar, nəinki bir şəxsiyyəti, hətta bir sinfi, bir epoxanı, bir dövrü səciyyələndirir, o barədə tamaşaçıda ən dolğun bir təsəvvür oyadırlar”.
Filmlərdə ayrı-ayrı xarakterlərin, tiplərin, obrazların həyatda tutduğu mövqeyi, peşə, sənət, vəzifə və sosioloji mənşəyindən asılı olaraq, onların geyim, hərəkət, xarakteri ilə birlikdə nitqi də fərqləndirilir.
Kino dilinə xas olan cəhətlərdən biri də obrazların özünəməxsus dialoji nitqlə danışdırılmasıdır. Rejissor isə lazım gəldikdə bu xüsusiyyətlərə daha ciddi fikir verir, ekran bəzəyi, geyim, hadisələrin inkişaf prosesi, psixoloji vəziyyətlə əlaqədar kinoaktyorun həyəcanını, yerişini, jest və mimikasını danışdığı zaman özündə təcəssüm etdirmək kimi vəzifələri əvvəlcədən götür-qoy edir.
Kino dili, radio dili, televiziya dili, səhnə dili terminlərindən bəhs edən dilçilik əsərlərində həm yazılı, həm də şifahi nitqdən söz açılır.  Biz  kino dili dedikdə, şifahi nitqdən, kino dilinin bəzi xarakterik xüsusiyyətlərindən danışacağıq. Kino dilinin radio, televiziya və səhnə dili ilə yaxın və fərqli cəhətlərindən bəhs edəcəyik.
Şifahi nitq yazılı nitqdən hazırlıqsızlığı, sərbəstliyi, axıcılığı ilə fərqlənir. Şifahi nitq kino dilinə nisbətən çox geniş anlayışdır.
Kino dilində sərbəstlik bir qədər azdır. Çünki, kinoaktyorlar mətnlər üzərində müxtəlif qeydlər aparır, tələffüzdə ayrı-ayrı durğu işarələrinə necə əməl edəcəklərini, söz və cümlələrdə vurğunun yerini və növünü də əvvəlcədən müəyyənləşdirərək, öz nitqlərini qururlar. Bir sözlə, böyük ekranda şifahi nitqin və ədəbi tələffüz normalarının bütün incəliklərinə rejissor və aktyorlar ciddi əməl etməyə çalışırlar. Kino dili yazılı və şifahi nitqin arasında özünəməxsus bir yer tutur.
Azərbaycan  filologiyasında indiyə qədər kino dili ilə səhnə və televiziya dili arasındakı fərqlər bütünlüklə aydınlaşdırılmamışdır. İndi kino ilə yanaşı, səhnə və televiziya verilişlərinin şifahi nitq formaları kimi yüksək inkişafı bunların dili haqqında bəhs etməyi qarşıya qoyur.
Kino dili dilin təmizliyi baxımından adi nitqdən fərqlənir. Kino dili hər hansı əsərin dilidir. Burada nitq yaradıcı şəkildə, düşünülmüş tərzdə qurulur. Çünki həmin nitqin üzərində yazıçı, rejissor və   aktyorlar ciddi düzəlişlər aparandan sonra çəkiliş edirlər.  Kino dilində cümlələr, sözlər əvvəlcədən orfoepiya normaları baxımından, obrazın xarakterinə uyğun olaraq seçilib saf-çürük edilir. Zəif söz və ifadə vasitələri daha münasibləri ilə əvəz olunur. Kino əsəri digər ədəbi janrlara nisbətən xalq arasında daha tez yayılır. 
Radiodakı səhnələşdirilmiş verilişlərin də kino dilindən fərqi vardır.  Belə verilişlərdə remarkasız keçinmək mümkün deyildir. Burada obrazın bütün mimikaları, hərəkətləri, ekran bəzəyi ilə birlikdə şərh olunmasa, onu görmək mümkün olmur. Radioda şərh olunan hadisələrdə aktyorun hərəkəti, geyimi, sifətindəki cizgilər (bəzən aktyor müəyyən hadisəyə qaş-qabağını tökərək, mimikası ilə münasibətini bildirir)  dinləyiciyə aydın olmadığından dramaturqun fikri çox vaxt tam çatdırılmır. Məhz buna görə də ayrı-ayrı səhnəciklər radioda verilərkən aparıcılar səhnə bəzəyini, hadisələrin baş verdiyi şəraiti dinləyicilərə əvvəlcədən şərh edirlər. Çünki radioda “əsas təsiredici, səfərbəredici vəzifəni söz daşıyır” (Y.Əlizadə, Q.Məhərrəmov. “Azərbaycan efiri: tarix və müasirlik”).
Kino dili ilə televiziya verilişlərinin dili arasında da müəyyən fərqlər vardır. Hər şeydən əvvəl, televiziya verilişlərinin tamaşaçıları kino tamaşaçılarına nisbətən müqayisəedilməz dərəcədə çoxdur. Artıq televiziyanın verilişlərinə süni peyklərdə yerləşdirilən ötürücü stansiyaları ilə dünyanın bütün xalqları baxa bilirlər. Azərbaycanda teleteatrın yaradılması da kino əsərlərinin kütlələrə çatdırılmasına böyük kömək edir. 
Teleteatrın verilişlərinin dilinə rejissor və aktyorlar xüsusi qayğı ilə yanaşmalıdırlar. Buradakı tamaşalara yalnız hazırlıqlı, ustad aktyorlar dəvət olunmalıdır.  
Televiziya tamaşaları kino ekranından bir də onunla fərqlənir ki, televiziyada lazım gələrsə, bu və ya digər hadisəni canlı təbiət guşəsi ilə əlaqədə vermək, ayrı-ayrı epizodları təkrarlayaraq olduğu kimi göstərmək mümkündür. Bu hal televiziya verilişlərinin dilini daha da anlaşıqlı edir. Kinoda isə bu, mümkün deyil.
Televiziya nitqinin müəyyən qədər universallığı vardır. Televiziya nitqi həm sözdən, həm də şəkillərdən (ekrandan) istifadə hesabına yaranır. 
Kino dili ilə səhnə dilinin də bir sıra uyğun və fərqli cəhətləri vardır. Hər hansı əsəri kinolaşdırarkən, ədəbi tələffüz normalarına və ya obrazın xarakterinə uyğun danışılmasına daha çox imkan yaranır. Bu zaman süjetdəki ən kiçik cizgilər belə təbiətdə olduğu kimi geniş işıqlandırılır ki, bu da tamaşaçı ilə aktyorun ünsiyyətini daha da gücləndirir.  
Kinoda informasiya tamaşaçıya “iki kanalla” – həm görmə, həm də eşitmə yolu ilə təsir edir.  Kino insanın görmə və eşitmə mərkəzlərini daha da qıcıqlandırır ki, nəticədə tamaşaçı, sanki hadisələrin iştirakçılarından birinə çevrilir. Bu yolla da ekran dilə yardımçı vasitə kimi əsərin reallığının artmasına kömək edir. 
Bir sözlə, kino, radio, televiziya və səhnə dilində danışıq şəraitindən asılı olaraq, fərqli və oxşar cəhətlərlə müşahidə olunur. 
Lakin ədəbi tələffüz normaları səhnə dilində daha dərindən öyrənilir, aktyorlardan böyük zəhmət tələb olunur. Kino və televiziyadakı yardımçı (texniki) vasitələri rejissor və aktyotlar özləri əvəz edirlər. Məhz buna görə də teatr aktyorları kino, televiziya və radioda məharətlə çıxış edə bilirlər. Kino aktyorları isə ciddi hazırlıqlı olsalar da, istənilən vaxt səhnədə çıxış edə bilmirlər. Səhnədə əsər oyundan oyuna təkmilləşir, dolğunlaşır, rejissor və aktyorlar hər dəfə öz tamaşaçılarını yeni-yeni quruluşla sevindirirlər. Kino isə həmişə eyni çəkilişdə olur. Onun çəkilişində təkrar-təkrar məşqlər keçirilirsə də, lentə çəkildikdən sonra dəyişməz qalır. Məhz bu cəhətdən də kino və səhnə əsərləri biri digərini əvəz edə bilmir, dil baxımından da fərqlənir. 
Lakin istər səhnə, radio, televiziya, istərsə də kino işçiləri bir şeyi unutmamalıdırlar ki, orfoqrafiya və orfoepiya qaydalarına, qrammatik tələblərə və ədəbi tələffüz normalarına riayət etmək hamının borcudur.

 

Fizuli Mustafayev, 
filologiya üzrə fəlsəfə doktoru

20 2020 23:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə