Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmişli: inkişaf bütün sahələri əhatə edir

İmişli Rаyоn İcrа Hаkimiyyətində 2019-cu il ərzində rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Rаyоn icrа hаkimiyyətinin bаşçısı Vilyam Hacıyev tədbirdə məruzə ilə çıxış edərək bildirdi ki, 2020-ci il yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. 2019-cu ilin nəticələrindən danışarkən cənab Prezident qeyd etmişdir ki, Azərbaycan bu müddət ərzində uğurla inkişaf etmiş, qarşıda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilmiş, ölkəmiz güclənmiş və hərtərəfli inkişaf etmişdir.

Məruzədə qeyd olundu ki, Azərbaycanın hər yerində olduğu kimi, İmişli rayonunun əhalisi Prezident İlham Əliyevin xalqımızın parlaq gələcəyinə xidmət edən müdrik daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyir və bundan sonra da hər zaman dəstəkləyəcək. 
Əlamətdar haldır ki, 2019-cu ildə İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunmuşdur. Bеlə ki, 2019-cu il ərzində iqtisadiyyatın əsas sahələri üzrə ilkin hesablamalara görə 621 milyon 509 min manatlıq məhsul istehsal edilmiş və xidmət göstərilmişdir ki, bunun da 128 milyon 922 min manatı, yaxud 20,8 faizi kənd təsərrüfatı, 351 milyon 942 min manatı, və ya 56,6 faizi sənayenin payına düşür.
RİH başçısı qeyd etmişdir ki, İmişli rayonu əsasən aqrar rayon olmasına baxmayaraq, hazırda sənaye məhsullarının çəkisi ümumi məhsul buraxılışında üstünlük təşkil edir. Belə ki, 2019-cu ildə rayonda 351 milyon 942 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bunun da 96,5 faizi qeyri-dövlət sektorunun payına düşür.
Tədbirdə sonra qeyd olundu ki, ölkəmizdə Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş Dövlət Proqramları digər bölgələrdə olduğu kimi, İmişli rayonunda da uğurla icra edilmiş və bunun nəticəsində rayonun sosial-iqtisadi inkişafı daha da sürətlənmişdir. 
Rayonda taxılçılıq əsas bitkiçilik sahəsi kimi qalmaqdadır. 2019-cu ilin məhsulu üçün 2018-ci ilin payızında 19 min 38 hektar sahədə taxıl səpini aparılmışdır. Həmin sahənin 6 min 322 hektarını arpa, 12,716 hektarını isə buğda sahələri təşkil etmişdir. Ötən il buğda və arpa sahələrindən rekord miqdarda məhsul toplanmışdır. 2019-cu ildə rayonda kartof, tərəvəz, şəkər çuğunduru, pambıq əkini sahələrinin də məhsuldarlığı artmışdır. 
Natiq bildirdi ki, son illər İmişlinin elektrik enerjisi ilə davamlı təhcizatı ilə bağlı mühüm işlər görülmüşdür. Təkcə 2019-ci ildə istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 kv-luq xətlərdə yenidənqurma işləri aparılmış, mövcud istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilmiş, yeni güc mərkəzləri yaradılmışdır. Bu müddətdə 255 ədəd müxtəlif gücü 10/0,4 kv-luq transformator cari, 115 ədəd trasformator yarımstansiyası əsaslı təmir edilərək əhalinin istifadəsinə verilmişdir. 
İmişli şəhəri su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar “Milli Su Təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində tikinti işləri 2011-ci ilin sentyabr ayından həyata keçirilmişdir. Hazırda İmişli şəhərinin bütün küçə və məhəllələri içməli su ilə təmin olunmuşdur. 
Ötən il rayonda aparılan abadlıq və quruculuq işlərinin həcmi və vüsəti artmışdır. Rayon ərazisində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yeni yaşayış binasının tikintisi başa çatmış, rayon statistika idarəsinin inzibatı binası əsaslı təmir edilmiş və rayon icra hakimiyyətinin inzibati binasının tikintisi isə davam etdirilir. 
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə inşa edilən Muradxanlı kəndində 56 yerlik modul tipli orta məktəb binasının, 132 yerlik Aranlı 2 saylı və 624 yerlik Qızılkənd kənd tam orta məktəb binalarının tikintisi başa çataraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir. 264 yerlik Muradxanlı kənd orta məktəb binasının tikintisi davam etdirilir. Bundan əlavə, şəhərin Q.Qarayev, C.Cabbarlı, M.Ə.Sabir, 28 May, C.Dədəkişiyev küçələrinə asfalt örtük qoyulmuşdur.
Hesabat yığıncağında məruzə ətrafında geniş müzakirələr oldu. Əslində müzakirələr əsasən canlı dialoq və sual-cavab şəklində keçdi. Müzakirələrə qoşulanların çoxu ötən il rayonda bütün sahələrdə müsbət dəyişikliklərin baş verdiyini, yeni iş yerlərinin yaradıldığını, əhalinin maddi rifahının yaxşılaşdırıldığını dərin razılıq hissi ilə qeyd etdilər. 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev tədbirdə çıxış etmişdir. 
V.Hacıyev konfransın sonunda bildirdi ki, İmişi RİH-in rəhbərliyi bundan sonra da rayonun sosial-iqtisadi inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirəcək, möhtərəm Prezidentin fərman və sərəncamlarından, tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində bütün imkanları səfərbər edəcək.
Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu. 

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

20 2020 23:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə