Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistan Prezidenti Türkiyədə rəsmi səfərdə olub

Özbəkistan Prezidenti Şövkət Mirziyoyev Türkiyədə rəsmi səfərdə olub. Səfər çərçivəsində özbək lideri Türkiyə ­Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Hər iki lider Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclasında iştirak edib. Məlumatı “Anadolu” verib.

Mirziyoyev həm də Türkiyə biznes dairələrinin nümayəndələri ilə görüşüb və Türkiyə Prezidenti Administrasiyasının nəzdində Milli Kitabxananın açılış mərasiminə qatılıb. 
Özbəkistan Prezidenti bildirib ki, Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclası iki xalqın dostluq münasibətləri tarixində yeni səhifə açır. Onun sözlərinə görə, iclasda iki ölkə arasında siyasi, ticarət-iqtisadi, investisiya, nəqliyyat, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq üzrə geniş müzakirələr aparılıb. 
Mirziyoyev deyib: “Dialoqumuz zamanı birgə layihələrin reallaşdırılması mühüm yer tutdu. Türkiyənin aparıcı şirkətləri ilə bir milyard dollardan artıq həcmdə yeni birgə layihələr hazırlayırıq. Eyni zamanda, beynəlxalq və regional problemləri müzakirə etdik, müasir təhlükə və çağırışlara qarşı birgə mübarizə sahəsində əməkdaşlığın vacibliyini qeyd etdik”. 
Ərdoğan isə deyib ki, Türkiyə və Özbəkistan arasında qarşılıqlı ticarət dövriyyəsi 2,2 milyard təşkil edir. İndi bu rəqəmi 5 milyard dollara çatdırmaq nəzərdə tutulur. “Biz türk sahibkarlarının Özbəkistan iqtisadiyyatına sərmayə qoymasını stimullaşdırırıq. Özbəkistanda keçən il 430 türk şirkəti işə başlayıb, onların ümumi sayı isə 1306-dır”. 
Türkiyə Prezidenti iki qardaş xalq arasında əlaqələrin ümumi tarixə, dil və mədəniyyətə əsaslandığını bildirib. Onun sözlərinə görə, Özbəkistan keçən il Türk Şurasının Bakı sammitində təşkilata tamhüquqlu üzv olub. O, əməkdaşlığın möhkəmlənməsi sahəsində səylərinə görə özbək həmkarına minnətdarlığını bildirib. 

 

Paşa ƏMİRCANOV,
 “Xalq qəzeti”

20 2020 23:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə