Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli futbol komandamızın ilk kapitanının 55 yaşı tamam oldu

Bugünlərdə Azərbaycan futbol məktəbinin tanınmış yetirməsi, milli futbol kpomandamızın ilk kapitanı Nazim Süleymanovun 55 yaşı tamam oldu. Bu münasibətlə futbol ictimaiyyətinin, çoxsaylı azarkeşlərin milli futbolumuzun ulduzuna ünvanlanmış təbriklərində Nazim Süleymanovun ölkə idmanı qarşısında xidmətləri qədirbilənliklə qeyd olunur, Azərbaycan futbolunun inkişafı yolunda fəaliyyətində ona yeni uğurlar arzu olunur.

Xatırladaq ki, Nazim Süleymanov 1965-ci il fevralın 17-də Sumqayıt şəhərində anadan olub. 8--9 yaşlarından Azərbaycanın ən şöhrətli futbol klubu “Neftçi”nin Sumqayıtdakı akademiyasında futbola başlayan Nazim 17 yaşında “Neftçi İSM”in komandasında debüt edib.

İstedadlı futbolçu tezliklə mütəxəssislərin diqqətini cəlb edib və SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında yarışan “Avtomobilçi” (Mingəçevir) klubunun heyətinə cəlb edilib. İnamlı oyunu ilə seçilən Nazim daha sonra Azərbaycanın birinci komandası sayılan “Neftçi” klubuna dəvət alıb. Ölkə və beynəlxalq futbol yarışmalarında Bakı təmsilçisi kimi uğur marafonunu məharətlə davam etdirən, milyonlarla  futbolsevərin rəğbətini qazanan Nazim Süleymanovun adı indi də milli futbolumuzun ən şöhrətli oyunçuları sırasında xatırlanır.

Nazim Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1996-cı ildə Vladiqafqazın “Alaniya” komandasında   Rusiya çempionu titulunu qazanan Nazim Süleymanovun adı, eyni zamanda, Rusiya çempionatının ən sərrast futbolçusu kimi də bu ölkənin idman tarixinə düşüb.   Bu unudulmaz futbolçunun karyerasında Moskvanın “Spartak” , Soçinin  “Jemçujina”  klubları da yer alıb. Adı iki dəfə Rusiyanın “Ən yaxşı 33 futbolçusu” siyahısına daxil edilən soydaşımız Osetiyanın fəxri vətəndaşıdır,  “Şöhrət” ordeninə layiq ngörülüb.

Futbolçu karyerasını beynəlxalq futbolun şöhrət zirvəsində başa  vuran Nazim Süleymanov Soçinin  “Jemçujina”klubunda start verdiyi məqşçilik fəaliyyətini öz vətəninə dönüb Lənkəranın “Xəzər” kubunda baş məşqçi və paytaxtın “Bakı” klubunun gənclər komandasının məşqçisi  kimi davam etdirib.

Nazim Süleymanov təkcə futbolda deyil, güləşdə də uğur qazanıb, o, Mingəçevirdə sərbəst güləş üzrə şəhər yarışının qalibi olub.

Nazim Süleymanov hazırda AFFA Azad Həmkarlar İttifaqnın sədridir. 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

20 2020 11:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə