Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Münxendə həqiqət anı

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə panel müzakirə keçirildi. Beynəlxalq səviyyədə qəbul edilmiş rəsmi deyilişlə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi (faktiki halın ifadəsi ilə desək, Ermənistanın Azərbaycan torpaqlarını, Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal altında saxlaması) ilə bağlı mövzuya həsr edilmiş panel müzakirələri Azərbaycanın haqlı olduğunu bir daha beynəlxalq ictimaiyyətə göstərdi. 

Azərbaycan Prezidenti Münxendən öncə də, bir neçə mötəbər beynəlxalq tribunada işğalçı ölkə rəhbərini yerində oturdub, başqa sözlə, Paşinyanı çətin suallar qarşısında qoyub. Yalnız ötən bir neçə ay ərzində Soçi (RF), Aşqabad (Türkmənistan) və başqa şəhərlərdə, ayrı-ayrı platformalarda düşmən ölkəyə, onun “demokrat qiyafəli, işğalçı zehniyyətli” baş nazirinə Qafqazda sülh və təhlükəsizliyin əsasları yönündə sərrast, təsirli mövqe bildirib, kəskin cavab verib. İnanıram ki, Ali Baş Komandan İlham Əliyevin faktlara söykənən, qətiyyətli çıxışı ikili standart yeridənləri də, erməni diaspor və lobbi güclərinin təsirinə düşənləri də dərindən düşünməyə vadar etməkdədir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə pozulmuş haqq-ədalətin bərpası gec-tez baş tutmalıdır. Beynəlxalq hüquq da, Azərbaycanın haqlı, dəyişməz mövqeyi də bunu tələb edir – təxirəsalınmaz həll perspektivi doğurur. Üstəlik, Ermənistanın geriləyən iqtisadiyyatı, əhalinin azalması, gənc ermənilərin ümidsizlik sindromuna məruz qalması və s. danılmaz gerçəklikdir. Bunun qarşılığında Azərbaycanın iqtisadi gücü, əhali sayı (burada gənclərin tutduğu önəmli yer), haqq işin gənc nəslə verdiyi enerji, ordu quruculuğu, milli silahlanma sahəsindəki irəliləyişlər və s. respublikamızı üstün mövqelərə çıxarır. 
Biz qalib gələcəyik!
İlham Əliyev dövlət başçısı kimi də, Ali Baş Komandan, diplomat, nüfuzlu ictimai-siyasi xadim kimi də, onunla eyni zaman kəsimində Ermənistana rəhbərlik etmiş şəxslərin hamısından daha nüfuzlu, daha güclüdür. 2016-cı ilin aprelində hərb meydanında bu nüfuz, güc özünü silahların dili ilə ifadə etdi, Ermənistanı sarsıtdı. Azərbaycan Prezidentinin bundan sonrakı diplomatik gedişləri, ictimai-siyasi nüfuzu da, öz yerində Ermənistanı ümidsizlik, uğursuzluq zolağına itələyir. Qaregin Njde bataqlığından çıxmamış, daha başqa zərbələrlə qarşılaşan Ermənistan hakimiyyəti, haqsızlığını ağ yalan və həyasızlıqla ört-basdır etməyə çalışsa da, gah dili dolaşa-dolaşa, gah çaşa-çaşa rüsvayçı duruma düşməkdən yaxa qurtara bilmir.
Əlbəttə, Azərbaycan Prezidentinin Münxen debatındakı parlaq çıxışı təsa-düfi deyil. Bu, təcrübəyə, siyasi-dplomatik ənənəyə, cəsarətə və haqqa sarsılmaz inama əsaslanır. Burada, cənab Prezidentin intellektuallığı, tarix bilgisi və ingilis dilində yüksək səviyyəli sərbəst danışığı özünəməxsus əzm və iradə yaradır. 
Söhbət yalnız Azərbaycanda və Ermənistanda Münxenə dikilmiş diqqətdən getmir, istər-istəməz, belə mötəbər tədbirlərdə beynəlxalq aləm yeni informasiya qazanır, haqlı mövqe ilə bir daha, debat formatında da yaxından tanış olur, təsirlənir. 
Münxen debatı açıq-aşkar göstərdi ki, Azərbaycan Prezidenti qarşı tərəfin baş nazirindən müqayisəedilməz dərəcədə üstündür. Onun Münxen debatındakı parlaq çıxışı təsadüfi olmadığı kimi, Ermənistan baş nazirinin çaşqınlığı, dilinin topuq çalması, diplomatik məğlubiyəti də təsadüfi deyil. 
“…Rusiya imperiyasının süquta uğradığı, Gürcüstan və Azərbaycan demokratik respublikaları yaradıldığı zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan biri Yerevanın Azərbaycandan Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı idi. Bu da, həmçinin tarixi faktdır. Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o verdiyiniz nə isə sizə məxsus olub.” – Prezidentin debatdakı buna bənzər xatırlatmaları, erməni işğalı, əsli olmayan erməni iddiaları və ermənisayağı digər “səbəb”lər barədə aydın təsəvvür yaradır. Qarabağın işğalına minbir don geyindirmək cəhdləri müqabilində, İrəvan mövzusunun qabardılması, heç şübhəsiz, gözlənilməz idi və həmin məqamda ayrı bir səhifə açdı. Bu səhifə, kimin üçünsə yeni, ağ səhifə ola bilər. Amma Ermənistan rəhbərliyi üçün qara səhifə olacaq!
Moderator Selest Volenderin Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün çağırışlar və imkanlarla ­bağlı ilkin fikirlərindən tutmuş, Münxen Təhlükəsizlik Konfransının hər zaman diqqətdə saxladığı və irəliləməsi üçün çalışdığı bir mövzu üzrə, bu mövzunun beynəlxalq münasibətlər sistemindəki yeri, habelə mübahisələrin barış mövqeli çözümünə aid məsələləri xüsusi vurğulaması (konfransın sədri İşingerə bu məsələləri gündəmdə saxldığı üçün minnətdarlıq etməsi) fonunda, iki liderin fikirləri mötəbər auditoriyada hansı reaksiyanı yaratdı? Elə bilirəm, bu məqamı çox gözləmək lazım gəlmədi. Bir faktı xatırlamaq yerinə düşər: Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun Azərbaycan Prezidentinə yaxınlaşaraq, istiqanlı görüşü, çıxışa görə təbrik etməsi, həmin reaksiyanın özünəməxsus təntənəsi idi. 
Haqq nazilər, üzülməz. “Həm suçlu, həm güclü” formula bir siyasi, diplomatik sofizm kimi əvvəl-axır sıfırlanır. Azərbaycan diplomatlarına İlham Əliyevin birinci prezidentlik dövründən verilmiş “hücum diplomatiyası” əmrinin necə olması baxımından, Prezident Əliyevin arasıkəsilməz diplomatik hücumları özlüyündə bir örnəkdir. 
Azərbaycan Prezidentinin Münxen debatındakı parlaq çıxışı – mübaliğəsiz üstün mövqeyi, Ermənistanın öz içində də, savadlı insanlar tərəfindən etiraf olunur və onlar öz baş nazirlərinin miskin duruşunu tənqid edir. Ancaq bu tənqidlər gec-tez həqiqətlərin etirafı, Azərbaycan torpaqlarının işğalına don geyindirmələrdən arınmayadək saflaşmalıdır, əlbəttə. 
Biz dövlət başçımızın Münxen debatındakı çıxışını, Prezidentin digər addımları ilə sinxron şəkildə qəbul edir, birgə qiymətləndiririk. İnanırıq ki, hərtərəfli siyasət öz bəhrəsini uzaq olmayan zaman zərfində verəcək, Şuşada, Xankəndidə yenidən müqəddəs Azərbaycan bayrağı dalğalanacaqdır! 

 

Əkbər QOŞALI (YOLÇUYEV),
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü 

20 2020 00:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə