Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Münxendə səsləndirilən erməni yalanları və dünyaya çatdırılan həqiqət

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ­Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Prezident İlham Əliyev bir daha dünya ictimaiyyətinin gözləri önündə erməni yalanlarını və Nikol ­Paşinyanı ifşa etdi.
Çünki dövlət başçımızın çıxışı tarixi faktlarla zəngin idi və debatda o, əsl liderə xas olan siyasi soyuqqanlılıq, təmkin nümayiş etdirdi. Ermənistanın baş naziri isə yalanlar, böhtanlar, uydurma müddəalar və ən əsası isə psixoloji böhran vəziyyəti ilə yaddaşlarda qaldı. Onun danışıqlar zamanı gözlərini qarşı tərəfdən yayındırması hər kəsin diqqətində idi və bu, onun yalan danışdığını biruzə verirdi.
Nikol Paşinyan hər nə qədər müzakirələrin istiqamətini fərqli tərəfə çəkərək, erməni jurnalistin yalanlarına istinad etməklə vəziyyətdən çıxmağa çalışsa da, dövlət başçımız Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti həyata keçirdiyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Prezident İlham Əliyev Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini və işğal olunmuş ərazilərdə mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığını, Xocalı soyqırımı törədildiyini tarixi faktlarla göstərərək Paşinyanı faktiki zərbə altında qoydu.
Bu debatda Paşinyan özünü istər ölkə daxilində, istərsə də beynəlxalq arenada savadsız, populist, avantürist və piyada siyasətçi kimi tanıtdığı halda, ölkəmizin başçısı Azərbaycanın heç bir təzyiq altında qalmadan yürütdüyü xarici siyasəti, Dağlıq Qarabağın tarixi ədalətə və beynəlxalq hüquq normalarına əsaslanaraq Azərbaycana aid olduğu faktları açıq şəkildə, geniş kütlə qarşısında dünyaya çatdırmağa qadir lider olduğunu sübut etdi.
Qeyd etməliyik ki, debat zamanı dövlət başçılarının simasında Azərbaycan xalqı ilə erməni xalqı üz-üzə idi. Bu xüsusi məqamdan İlham Əliyev məharətlə bəhrələndi və Azərbaycan insanının intellektini, savadını, mədəniyyətini, ziyalılığını öz simasında ifadə etdi. İlham Əliyev həm tarixi həqiqətləri ortaya qoydu, həm də Xocalı soyqırımını xatırlatmaqla, ermənilərin əslində uşaqlara, qocalara və qadınlara qarşı dəhşətli qətliam həyata keçirən vəhşilər olduğunu nümayiş etdirməklə, həqiqəti, erməni aqressiyasının mahiyyətini canlandırmağa və onu beynəlxalq ictimaiyyətin anlayacağı dildə təqdim etməyə nail oldu.
Azərbaycan Prezidenti təkcə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin deyil, eləcə də bütövlükdə Qafqazın tarixi barədə əhatəli məlumata malik olduğuna, həmin məlumatları sübut edən mənbələri göstərdiyinə və həqiqətə söykəndiyinə görə tədbir iştirakçıları və milyonlarla televiziya tamaşaçısı tərəfindən rəğbətlə qarşılandı və alqışlandı.
Genində riyakarlıq olan Ermənistan rəhbəri Münxen Təhlükəsizlik Konfransına qarşı da yalan danışmaqdan çəkinməyərək, münaqişənin həllinin Azərbaycan xalqı üçün də səmərəli olmasını arzuladığını, amma Azərbaycan Prezidentinın Dağlıq Qarabağın erməni əhalisi ilə danışmaq istəmədiyini dedi. Prezident İlham Əliyev həmin riyakarlığa çox konkret cavab verərək onu daha bir zərbə altında qoydu. Bildirdi ki, biz təcavüzkarla danışıqlar aparırıq. Biz Dağlıq Qarabağla danışmağa o vaxt hazır olarıq ki, Ermənistan həmin qeyri-qanuni rejimi maliyyələşdirməsini dayandırsın, bütün hərbi qoşunları Dağlıq Qarabağdan çıxarsın və bizim əraziləri tamamilə tərk etsin. Sonra isə bizim həmin insanlarla danışıq aparmağa arqumentimiz olacaq. Lakin nə qədər ki, onlar oradadır, bu, baş verməyəcək.
Debat onu göstərdi ki, Ermənistan hazırda hər hansı bir substantiv addım atmağa hazır deyil. Nikol Paşinyanın uydurmalarına, tarixi faktları bilərəkdən təhrif etməsinə, yalanlarına Azərbaycan Prezidentinin sübutlarla, inkaredilməz dəlillərlə cavab verərək onu ifşa etməsi göstərdi ki, Azərbaycanın mövqeyi həm hüquqi, həm tarixi baxımdan Ermənistandan qat-qat üstündür. Yalan nə qədər ayaq tutsa, əl-qol atsa da, həqiqət qarşısında susar, elə N. Paşinyan Azərbaycan Prezidenti qarşısında susmağa məcbur qaldığı kimi.

 

Vüsal BAYRAMOV, 
iqtisad üzrə fəlsəfə doktoru

20 2020 00:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə