Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyanın növbəti siyasi məğlubiyyəti

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı  debatda dövlət başçımız məntiqli, tutarlı ­faktlarla zəngin arqumentlər səsləndirməklə bu məsələ barədə əsl həqiqəti dünyaya ­çatdırdı və erməni yalanını alt-üst etdi.

Ermənistan dövlətinin başçısının isə ənənəvi ampluasında olmaqla, söylədiyi fikirləri əsaslandırmaq üçün daha çox hansısa qəzetdə çıxan materiallara istinad etməsi gülüş doğururdu. Onun çıxışında Xocalı faciəsinin Azərbaycan tərəfindən törədilməsi ilə bağlı cəfəng iddia səsləndirməsi, üstəlik, bu fikrini “gücləndirmək” üçün Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova istinad etməsi İlham Əliyevin həmin məqama yerində cavab verməsi ilə nəticələndi. Dövlət başçımız Ayaz Mütəllibovun dəfələrlə Azərbaycanın Xocalı faciəsini törətməsi ilə bağlı fikir səsləndirmədiyini söyləməsini diqqətə çatdırdı və bunun erməni jurnalistlərin fantaziyası olduğuna diqqət çəkdi.
Nikol Paşinyan Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejimin danışıqlarda tərəf kimi iştirakının vacibliyini vurğuladı.
Prezident İlham Əliyev isə dünya birliyinin, hər hansı bir dövlətin Dağlıq Qarabağdakı qondarma rejimi tanımadığını diqqətə çatdırdı: “ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımayıb”, – deyə Prezident əlavə etdi. Ölkə başçısının debatın əvvəlində tarixdən nümunələr gətirərək, Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu deməsi də mühüm mesaj idi.
Bunun ardınca diplomatiyaya keçid edərək, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrini xatırlatması onun arqumentini daha da güclü etdi.
Siyasətdə piyada olan N. Paşinyan isə debat zamanı dəfələrlə çaşdı. Belə ki, çıxışında “Qafqaz Bürosu qərar çıxarmışdı ki, Qarabağ Azərbaycanın olsun” --deyəndən sonra “üzr istəyirəm, Ermənistanın”-- deməsi baş naziri gülünc vəziyyətə saldı. Həmçinin keçmiş Şaumyan rayonunun Dağlıq Qarabağa aid olduğunu deyərkən, ­İlham Əliyevin reaksiyası onu susdurdu. Ümumilikdə, Azərbaycan Prezidentinin tarixi faktlara diqqət çəkməsi moderatorun (Rusiya–Amerika Fondunun icraçı direktoru Selesta Volender) da marağına səbəb oldu. O, “burada tarix dərsi keçilir” deməklə, əslində, İlham Əliyevin arqumentlərinin daha güclü olduğuna işarə etdi. Bu, həm də keçilən dərsdən Paşinyanın “2” alması demək idi. Debatın ümumi mənzərəsində Nikol Paşinyan çox zəif və hazırlıqsız görünürdü. Eyni zamanda, bu debat Paşinyanın növbəti siyasi məğlubiyyəti oldu.
Bir tərəfdə yüksək nitq və özünüifadə qabiliyyətinə malik, beynəlxalq nizamı incəliyinə qədər bilən Azərbaycan Prezidenti, digər tərəfdə isə nitqi kimi, savadı da yarımçıq, işğalçı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini heçə sayan Ermənistanın baş naziri. Bu müqayisədə beynəlxalq ictimaiyyətin hansı nəticə çıxardığını bilmək üçün Ermənistan mediasına ötəri nəzər salmaq yetərlidir. Erməni politoloqları bu debatdan sonra Paşinyana qarşı çox ağır ifadələr işlədirlər. Bu isə Paşinyanın simasında ermənilərin dünyada hansı vəziyyətə düşdüklərini, gec də olsa, anladıqlarının nəticəsidir.

 

Azər MUSAYEV, 
iqtisad üzrə fəlsəfə doktoru

 

20 2020 00:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə