Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilər tarixi saxtalaşdırmaq yolu ilə ərazi iddialarına bəraət qazandırmağa çalışırlar

Münxen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasəti bir daha ifşa olundu

Fevralın 15-də Münxen Təhlükəsizlik ­Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol ­Paşinyanın iştirakı ilə Ermənistan–Azərbaycan, ­Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən paneldə səsləndirilən arqumentlər bir daha kimin tarixi saxtalaşdırdığını, kimin münaqişənin həllində tarixi həqiqətlərə  və beynəlxalq hüququn prinsiplərinə söykəndiyini əyani şəkildə nümayiş etdirdi. 

Cəmi 45 dəqiqə davam edən paneldə tərəflərin hər birinə öz arqumentlərini ifadə etmək üçün təqribən 20 dəqiqə vaxt ayrılmışdı. Həmin 20 dəqiqə ərzində Prezident İlham Əliyev konkret tarixi faktlarla və beynəlxalq hüququn dili ilə öz arqumentlərini əsaslandırdı. Nikol Paşinyan isə Prezident İlham Əliyevin dəmir məntiqi qarşısında aciz qaldığı və onları təkzib etmək üçün əks arqument tapmadığından başdan ayağa saxta olan “ermənilərin qədim tarixi”ndən yapışmaqla, tarixin bataqlıqlarında çapalamağa başladı. 
Üstəlik, Nikol Paşinyan ənənəvi erməni bicliyi ilə vəziyyətdən çıxmağa çalışdı və yenə də özünün ciddi polemikaya hazır olmadığını nümayiş etdirdi. Ona görə də hazırda Ermənistan cəmiyyətində Paşinyana qarşı ciddi narazılıq ifadə edilir. Onun ünvanına erməni analitikləri və siyasətçiləri tərəfindən təhqiramiz ifadələr səsləndirilir.
Prezident İlham Əliyev münaqişənin necə həll edilməsi yolunu göstərmək üçün, hər şeydən öncə, geriyə qayıtmağın və məsələnin tarixinə baxmağın zəruri olduğunu bəyan etdi. Çünki ermənilər öncə tarixi saxtalaşdırmaq yolu ilə qədim Azərbaycan ərazilərinin mifik “Ermənistana” aid olduğunu iddia etmişlər. Sonra isə onlar ərazi iddialarına baş vurmuş və tarixi şəraitin verdiyi fürsətlər sayəsində onu mərhələ-mərhələ gerçəkləşdirmişlər. Haşiyə çıxaraq qeyd edirik ki, Cənubi Qafqaza ilk dəfə xristian missionerləri kimi gələn ermənilər, onlara göstərilən humanizm sayəsində tarixi Azərbaycan torpaqlarında mövcud alban və xristian türklərin dini ibadət yerlərinə tədricən sahib çıxmışlar. Erməni din xadimləri bütün dövrlərdə Şərqlə Qərb arasında casusluq fəaliyyəti ilə məşğul olduqları üçün himayə edilmişlər və ilk erməni yaşayış məskənləri də məhz erməni kilsələrinin ətrafında yaranmışdır. XIX əsrin sonlarından etibarən erməni kilsələri terror yuvasına və silah-sursat anbarına çevrilmişdir. Erməni kilsələri dini mərkəz kimi deyil, siyasi mərkəz kimi, terrorçu erməni partiyalarının gizli qərargahı kimi fəaliyyət göstərmişdir. 
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 1805-ci il mayın 14-də Qarabağ xanlığının Rusiyanın himayəliyinə qəbul edilməsini təsdiq edən Kürəkçay müqaviləsi imzalanmışdır. Müqaviləni Rusiya imperatoru adından Qafqaz qoşunlarının baş komandanı Sisianov və Qarabağ xanı İbrahimxəlil xan imzalamışlar. (Акты Кавказской Археографической комиссии. Т. II, Тифлис, 1868, sənəd 1436). Müqavilənin şərtlərinə əsasən Rusiya, birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edir, İbrahim xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq edirdi. 1806-cı ildə İbrahim xanın qəddarcasına qətlə yetirilməsindən sonra çar I Aleksandrın fərmanı ilə İbrahim xanın oğlu Mehdiqulu ağa xan elan edildi. 1813-cü ildə imzalanan Gülüstan müqaviləsinə əsasən, Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçdi. 1822-ci ildə Qarabağ xanlığı ləğv edildi və komendantlıq idarə üsulu yaradıldı. Əyalətin idarəçiliyi erməni əsilli general Valerian Mədətova həvalə edildi. Bununla da Qarabağın bu günədək davam edən faciələrinin əsası qoyuldu. 1823-cü ildə keçirilən siyahıyaalmanın nəticələrinə görə, əyalətdə yaşayan 20.095 ailədən 15.729-u azərbaycanlı, 4.336-sı erməni ailələrindən ibarət idi. Ermənilər kimi qeydə alınan ailələrin böyük əksəriyyəti qriqorianlaşdırılmış və erməniləşdirilmiş alban sülalələrinin törəmələri idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün bu faktların təsdiqini internet vasitəsilə əldə etmək olar. 
1828-ci il fevralın 10-da Rusiya ilə Qacarlar İranı arasında imzalanan Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verilirdi. Müqaviləyə əsasən rus qoşunlarının Cənubi Azərbaycandan geri çəkilmə prosesi martın 8-dən etibarən Marağadan başlanmışdı. Ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə keçmiş Mardakert rayonunun Marağaşen kəndində üzərində “Marağa – 150” sözləri yazılmış abidə ucaldılmışdı. Lakin Dağlıq Qarabağ Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra həmin abidə dağıdılmışdır. Hazırda Şıxarx adlanan həmin kənd işğaldan azad edilmiş və abidə kompleksi bərpa olunmuşdur.
Köçürülmə işlərinə rəhbərlik edən erməni əsilli polkovnik Yeğiazar Lazaryev ermənilərə müraciətində deyirdi: "Orada (yəni Şimali Azərbaycanda – N.M.) siz xristianların məskunlaşdığı yeni vətən əldə edəcəksiniz... Tələsin! Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək, bundan sonra sizin köçməyiniz çətinləşəcək və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh olmayacağıq. Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik". (Глинка Н.С. Описания переселения армян Aзербайджанских в пределы России, Moskva, 1831, s. 111).
Həmin dövrdə İrandan köçürülən 8249 ailədən 6949-u İrəvan və Naxçıvan xanlıqlarının ərazisində, yerdə qalan 1300 ailə isə Qarabağ və Zəngəzurda yerləşdirilmişdi.
Y. Lazaryevin 1828-ci ildə “yeni vətən” adlandırdığı əraziləri bu gün Paşinyan həyasızcasına qədim erməni torpağı adlandırır. 
Rusiya imperatorunun 11 mart 1836-cı il tarixli fərmanı ilə alban apostol kilsəsi yeni yaradılan erməni-qriqorian Qarabağ yeparxiyasının tərkibinə daxil edildi və Eçmiədzin katolikosluğuna tabe etdirildi. Bundan sonra Qarabağ ərazisində yaşayan albanların tədricən öz identikliklərini itirərək erməniləşmələri prosesi daha da sürətləndi.
Erməni müəllifi A-Do (əsl adı Hovanes Ter-Martirosyan) yazır ki, XX əsrin əvvəllərində  Şuşa, Cavanşır və Cəbrayıl qəzalarında 475 kənddə azərbaycanlılar, 162 kənddə ermənilər, 3 kənddə isə ermənilərlə azərbaycanlılar qarışıq yaşayırdılar.
“Daşnaksütyun” və “Hnçak” partiyaları azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə 1890-cı illərdə Türkiyədə baş qaldıran erməni üsyanlarının yatırılmasından sonra qaçıb gələn qaçqınları məskunlaşdırmaq, sonra isə erməni anklavlarını birləşdirməklə, erməni dövlətinin əsasını qoymaq istəyirdilər. Qarabağdakı bütün kilsələrini silah-sursat anbarına çevirmişdilər. 
Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, 1918-ci ildə tarixdə ilk dəfə müstəqil erməni dövləti – Ermənistan (Ararat) Respublikası quruldu. Azərbaycan Milli Şurası 29 may 1918-ci ildə keçirilən iclasında İrəvan şəhərini o şərtlə paytaxt kimi Ermənistana güzəştə gedilməsi haqqında qərar qəbul etdi ki, Azərbaycana qarşı ərazi iddiası irəli sürülməyəcək. Lakin Ermənistan hökumətinin ilk işi Zəngəzur və Qarabağı silah gücünə ələ keçirmək üçün hərbi əməliyyatlara başlaması oldu. Əvvəlcə Andranikin, sonra isə Dronun, daha sonra isə Njdenin komandanlığında Ermənistan silahlı qüvvələri Zəngəzur üzərindən Qarabağı ələ keçirmək üçün dəfələrlə hücuma keçdilər. Ermənistan hökumətinin dəstəyi ilə 1918-ci ildə ermənilərin Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının 157 kəndində törətdikləri qırğınlar haqqında istintaq materialları Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası tərəfindən sənədləşdirilmişdir. 
1919-cu il mayın 28-də Ermənistan parlamenti “Birləşmiş Ermənistan” haqqında qərar qəbul etdi. Zəngəzur, Qarabağ və Naxçıvan Ermənistan ərazisi elan edildi. Bu gün Ermənistan hökuməti “Birləşmiş Ermənistan” qərarını icra edib, başa çatdırmağa çalışır. 
1918-20-ci illərdə Ermənistanın özünün aclıq və səfalət içərisində olduğunu görən bəzi realist erməni xadimləri Qarabağın silah gücünə Ermənistana birləşdirilməsinin daha ağır fəsadlara gətirib çıxaracağını düşünürdülər. Ermənistan parlamentində təmsil olunan eserlər Qarabağın Ermənistana birləşdirilməsinin əleyhinə idilər. Həmin partiyanın orqanı “Aşxatank” (“Əmək”) qəzeti 1919-cu il oktyabrın 12-də yazırdı: “Qarabağ həyati cəhətdən Azərbaycanla bağlıdır, heç vaxt Ermənistana birləşmək fikrində olmayıb”. 
Bolşevik liderlərindən Anastas Mikoyan 1919-cu il mayın 22-də Sovet hökumətinin başçısı Leninə göndərdiyi məruzəsində yazırdı: “Erməni hökumətinin nümayəndələri olan daşnaklar Qarabağı Ermənistana birləşdirməyə can atırlar, lakin bu, Qarabağ əhalisinin öz həyat mənbəyindən, yəni Bakıdan məhrum olması və heç bir əlaqəsi olmadığı Yerevana bağlanması demək olardı. Erməni kəndliləri də Sovet Azərbaycanını tanımağı və ona qoşulmağı qət etmişlər” (Российский Государственный Архив Социально-Политической Истории, фонд 461, опись 1, дело 4525, лист 1).
Erməni etnoqrafı və tarixçisi Stepan Lisitsyan yazır ki, 1920-ci il martın 20-də Ermənistandan göndərilən silahlıların və hərbi sursatın yardımı ilə erməni komitələri üsyan qaldırdılar və gecəyarısı qəflətən Şuşadakı azərbaycanlı əsgərlərin qışlasına hücuma keçdilər. Silah səslərinə oyanan azərbaycanlı məhəllələrin sakinləri mühasirədə qalan azərbaycanlı əsgərlərin köməyinə gəldilər. Şəhərdə qırğınlar və talanlar başladı. Eyni zamanda, erməni dəstələri Xankəndidəki azərbaycanlı əsgərlərin qışlasına da hücum etdilər. Azərbaycanlı əsgərlər mühasirəni yarıb Qarqar vadisinə tərəf çəkildilər və erməni separatçılarını məğlub etdilər. (Лисициан Степан. Армяне Нагорного Карабаха. Этнографический очерк. Ереван, 1992, s. 66)
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ermənistan ordusu Zəngəzuru işğal etsə də, Qarabağa hücumunun qarşısı qətiyyətlə alındı və baş qaldıran erməni iğtişaşları general-qubernator Xosrov bəy Sultanovun qətiyyəti sayəsində yatırıldı. Erməni təcavüzünün qarşısını almaq məqsədilə Azərbaycan hökuməti general-mayor Həbib bəy Səlimovun başçılıq etdiyi 20 minlik qoşunu 1920-ci ilin aprelində Qarabağa göndərdi. Qanlı döyüşlərdən sonra Azərbaycan Ordusu bütün Qarabağ ərazisində Azərbaycanın suveren hüquqlarını bərqərar etdi. Paşinyan isə Münxen Təhlükəsizlik Konfransında həyasızcasına iddia etdi ki, guya Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb. 
Ermənilər Sovet hakimiyyətinin ilk illərindən etibarən Dağlıq Qarabağa ərazi iddialarını siyasi qərarlar vasitəsilə həyata keçirməyə çalışdılar. Zəngəzurun bir hissəsini ələ keçirməyə nail olan ermənilər, Moskvadakı havadarlarının köməyi ilə Qarabağı Azərbaycandan qoparmaq istəyirdilər. Lakin sadə Qarabağ erməniləri Azərbaycanın tərkibində qalmaq istəyirdilər.
Paşinyan dili dolaşa-dolaşa iddia etdi ki, guya 1921-ci ildə Qafqaz Bürosu Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olmasına qərar verib, sonra isə Stalin, Lenin və Atatürkün gizli sövdələşməsi nəticəsində Qarabağ qanunsuz olaraq Azərbaycanın tərkibinə verilib. Halbuki, Rusiya Kommunist Partiyası Qafqaz Bürosunun 5 iyul 1921-ci il tarixli qərarı ilə Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edilmişdir. Bu sənədin əsli internet səhifələrində yerləşdirilib. Stalin və Leninin mövqelərinə gəldikdə isə onu qeyd etmək lazımdır ki, məhz Stalinin və Leninin Azərbaycana qarşı tutduqları qərəzli mövqe sayəsində 1918-ci ildə daşnak Ermənistan Respublikasının ərazisi 9 min kvadratkilometrdən bir qədər artıq olduğu halda, sovet hakimiyyətinin ilk illərində bu rəqəm təqribən 30 min kvadratkilometrə çatdırıldı. Məhz Stalinin sayəsində ermənilər 1948-1953-cü illərdə 100 minə yaxın azərbaycanlının Ermənistandan Azərbaycanın Kür-Araz ovalığına deportasiya edilməsinə nail oldular. 
Fakt odur ki, 7 iyul 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bununla da Qarabağ süni surətdə dağlıq və aran bölgələrinə bölündü. Xankəndi qəsəbəsi vilayətin mərkəzi oldu və Bakıda 1918-ci il 31 mart soyqırımının təşkilatçısı Stepan Şaumyanın xatirəsinə Stepanakert adlandırıldı. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı səsləndirdiyi fikir ermənilər üçün soyuq duş təsiri bağışladı. Cənab Prezident dedi: “Sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb? Çünki paytaxtın qədim adı Xankəndidir – Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, kert Ermənistanda şəhər deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur və mənim başladığım məqama gəldikdə bu tarixi məsələ münaqişənin necə həll olunmalı olduğunu başa düşmək üçün mühümdür”. 
Ermənilər indiki Ermənistan ərazisində 1905-ci ildən etibarən 1990-cı ilədək azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar, soyqırımları törədərək, deportasiya siyasəti həyata keçirərək, həmin ərazinin aborigen əhalisini etnik təmizləməyə məruz qoymuşlar. İndi həmin siyasəti ermənilər Dağlıq Qarabağda və işğal etdikləri 7 rayonda həyata keçirmişlər. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında söylədiyi ifadələr Ermənistanın ünvanına ittiham aktı kimi səsləndi: “Ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər. Onlar hazırda bütün işğal edilmiş ərazilərdən ibarət olan Dağlıq Qarabağın xəritəsini çap ediblər. Sonra onlar deyirlər ki, biz bu reallıqlarla razılaşmalıyıq”.
Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus olmuş bütün maddi-mədəniyyət nümunələri yer üzündən silinib, silinməsi mümkün olmayan abidələr isə başqa xalqlara məxsus abidələr kimi dünya ictimaiyyətinə təqdim edilir. Hazırda Ermənistan ərazisində ta qədimdən azərbaycanlıların adlandırdıqları 40 minə yaxın oykonimlərin (yaşayış məntəqələri, şəhərlər, kəndlər, yaylaqlar, məhəllələr və s.), hidronimlərin (çaylar, göllər, bulaqlar, şəlalələr və s.) və oronimlərin (dağlar, dərələr, aşırımlar, düzənliklər və s.) adları erməniləşdirilmişdir. 
İndi həmin proses işğal altında olan Azərbaycan ərazilərində aparılır. Qondarma Dağlıq Qarabağ respublikasının (indi Arsax respublikası adlandırırlar) Ali Sovetinin 2 dekabr 1993-cü il tarixli qərarı ilə işğal olunmuş Laçın, Qubadlı və Zəngilan rayonlarını əhatə edən Kaşatağ rayonu yaradılmış və rayon mərkəzi kimi, Laçın şəhərinin adı dəyişdirilərək “Berdzor” adlandırılmışdır. Xocalı rayonu və Ağdam rayonunun işğal olunmuş əraziləri Əsgəran rayonunun, Füzuli və Cəbrayıl rayonlarının işğal altında olan əraziləri Hadrut rayonunun ərazisi kimi göstərilir. Son vaxtadək qondarma DQR-in qondarma parlamentinin qərarları ilə 120-dən artıq azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Ağdam şəhəri “Akn”, Füzuli şəhəri “Varanda”, Zəngilan şəhəri “Kovsakan”, Qubadlı şəhəri “Sanasar”, Kəlbəcər şəhəri “Karvacar”, Cəbrayıl şəhəri “Crakan” adlandırılmışdır. Dünyanın gözü qarşısında soyqırımına məruz qoyulan Xocalı şəhəri, onun işğal planını hazırlayan Rusiya ordusunun sabiq generalı Xristofer İvanyanın adı ilə “İvanyan” adlandırılmışdır. Daha bir qəribə “əməliyyat”. Pənahəli xanın 1751-1752-ci illərdə inşa etdirdiyi Şahbulaq qəsrində ermənilər indı “Tiqranakert” şəhərinin qalıqları kimi arxeoloji tədqiqatlar aparırlar. Halbuki, “Tiqranakert”i Sovet Ermənistanı tarixçiləri Şərqi Anadoluda Van gölünün ətrafında lokalizə etmişdilər. Görünür, ermənilərin özlərinin sürüşkən olduqları qədər tarixləri də o dərəcədə sürüşkəndir ki, “Tiqranakert” şəhəri də sürüşə-sürüşə Şərqi Anadoludan gəlib Ağdam ərazisində peyda olub.
Ermənistanın hərbi təcavüzü zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Ermənistan Respublikası UNESKO-nun “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi” haqqında 1954-cü il Konvensiyasının  və “Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri” haqqında 1970-ci il Konvesiyasının müddəalarını kobudcasına pozaraq, Azərbaycanın maddi-mədəni sərvətlərini talamaqla məşğuldur. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycana dəymiş zərər “Beynəlxalq qiymətləndirmə standartları”na uyğun olaraq hesablanmış və 800 milyard dollardan artıq olduğu müəyyən edilmişdir.  
İşğal altında olan ərazilərdə infrastruktur tamamilə dağıdılıb. 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə zidd olaraq milliyyətcə erməni olan mülki əhali kənardan gətirilərək bu ərazilərə yerləşdirilir. Tərkibində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələrinin də iştirak etdiyi ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin Səhra Qiymətləndirmə Missiyası 2010-cu ilin oktyabrında işğal altında olan Dağlıq Qarabağa və ətraf 7 rayona səfər zamanı bu cür faktları qeydə almışdır. 
İşğal altında olan və nəzarətsiz zonaya çevrilən ərazilərdən ermənilər terrorçu dəstələrin hazırlanması və narkotik vasitələrin qanunsuz tranziti məqsədilə istifadə edirlər.  
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında ən yüksək beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməsi üçün Ermənistana daha çox təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.
Panelin sonunda Prezident İlham Əliyev Paşinyanın Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratlarını təyin etmək hüququ barədə dəfələrlə səsləndirdiyi iddiasına cavab olaraq bir daha bəyan etdi: “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!” 
Münxen Təhlükəsizlik Konfransı bir daha göstərdi ki, ermənilər Paşinyanın timsalında tarixi saxtalaşdırmaq yolu ilə ərazi iddialarına bəraət qazandırmağa çalışırlar. Lakin Prezident İlham Əliyev zəngin faktlarla dolu arqumentləri ilə ermənilərin ərazi iddialarının əsassızlığını bir daha sübut etdi. Onlara növbəti dərs verdi. 

 

Nazim Mustafa, 
Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru 

20 2020 00:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə