Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Münxendə erməni yalanları fiaskoya uğradı”

Fevralın 15-də Münxen Təhlükə­siz­lik Konfransı çərçivəsində ­Azər­bay­can Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr Türkiyədə də maraqla qarşılanıb. Gündəmin əsas mövzusu ilə bağlı tanınmış türkiyəli diplomat Hulusi Kılıc “Xalq qəzeti”nə müsahibə verib.

– Hulusi bəy, Münxen Konfransında baş tutan debatda diqqətinizi daha çox hansı məqamlar çəkdi?
– Əvvəla, onu deyim ki, debat çox maraqlı idi. Hər iki dövlət başçısına fikirlərini konstruktiv ifadə etmək üçün vaxt ayrılmışdı. Lakin Nikol Paşinyan özündən əvvəlki sələflərinin tərzinə uyğun olaraq, qeyri-səmimi danışıq üslubunu, rəvayətlərə söykənən fikirlərini davam etdirirdi. Həmin səbəb üzündən onun söylədiyi bütün yalanlar bu dəfə də fiaskoya uğradı. Çünki qarşısında özündən dəfələrlə hazırlıqlı, tarixi bilən, fikirlərini dəqiq ifadə etməyi bacaran bir lider var idi. Paşinyan, sözün həqiqi mənasında, çətin vəziyyətə düşmüşdü. Hətta mövzunu başqa istiqamətlərə çəkirdi ki, Ermənistanın işğalçı sifətini pərdələsin. Amma alınmadı. Cənab İlham Əliyev arqumentlərə söykənən, tarixə əsaslanan fikirləri ilə onu ifşa etdi. Bir sözlə, cənab Əliyev Münxendə Ermənistan baş nazirini mat vəziyyətinə saldı və ona unuda bilməyəcəyi bir tarix dərsi keçdi. 
– Uzun illərin diplomatı kimi dövlət başçımızın cavablarında irəli sürülən müddəaları necə dəyərləndirirsiz?
– Cənab İlham Əliyev problemin iki yüz illik tarixi barədə yetərincə müfəssəl məlumat verdi. Bundan əlavə, İrəvanda vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyini vuğruladı. Xankəndi şəhərinin tarixi və dəyişdirilmiş adı ilə bağlı sanballı məlumatlar verdi. Eyni zamanda, Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğal edilməsinin bir fakt olduğunu və bu ərazilərin qeyd-şərtsiz qaytarılmasının zəruriliyini vurğuladı. Yalnız bundan sonra Dağlıq Qarabağın statusundan danışıla biləcəyini qeyd etdi. Yəni, cənab Əliyev bütün fikirlərini ayrılan vaxt çərçivəsində dəqiq, sərrast ifadə etdi. Prezident, həmçinin ATƏT və BMT-ni bu problemin doğru, hüquqi çərçivədə həlli istiqamətində konkret əməli fəaliyyət ortaya qoymağa çağırdı. 
– Ümumiyyətlə, münaqişənin həlli istiqamətində Azərbaycan və Türkiyənin hansı konkret addımlar atmalı olduğunu düşünürsünüz?
– Münaqişənin həlli istiqamətində Azərbaycan və Türkiyə bütün diplomatik güclərini birləşdirməli, BMT, ATƏT və digər təşkilatlar qarşısında tələblər qoymalıdırlar. Biz hər zaman bir-birimizə dəstək vermişik və verəcəyik. Dünyada ikinci belə bir ölkə yoxdur ki, digər dövlətə görə öz sərhədini bağlasın. Lakin Türkiyə bunu edib və edəcək də. Bu, Türkiyə və Azərbaycanın bir-birinə nə dərəcədə yaxın olmasının sübutudur. Odur ki, diplomatik təzyiq metodlarımızı daha da birləşdirməli və sərtləşdirməliyik. 

 

Müsahibəni qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”

 

18 2020 23:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə