Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Münxendə dağıdılan erməni mifi

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı dövlət başçımızın arqumentləri qarşısında aciz qalan Nikol Paşinyan növbəti dəfə siyasi məğlubiyyətə uğradı. Münxendə dağıdılan erməni mifi işğalçı Ermənistanın iç üzünü bir daha dünyaya göstərdi. Ermənistanın baş nazirinin sərsəm çıxışları, eyni zamanda, qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə əlaqədar ictimaiyyətə yanlış məlumat çatdırmaq cəhdi bu dəfə də alt-üst oldu. Paşinyan qeyri-dəqiq fikirləri ilə rəhbərlik etdiyi ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini aşkar şəkildə nümayiş etdirdi.

Prezident İlham Əliyev ilə baş nazir Nikol Paşinyan arasında Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə həsr olunmuş panelin keçirilməsi dünyanın aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşları ilə yanaşı, həm də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan hadisə idi. Dünya birliyinin bu ədalətsizliyə laqeyd münasibəti, işğalçı dövlətə qarşı indiyədək hər hansı bir sanksiyanın tətbiq edilməməsi, bu ölkənin nüfuzlu beynəlxalq qurumların qətnamələrinə əhəmiyyət verməməsinə seyrçi mövqeyi diqqətdən yayınmadı. Dünyada mövcud olan ikili standartlar Ermənistanı, onun rəhbərliyini daha da həyasızlaşdırıb. Münxendə işğalçı ölkənin baş nazirinin utanıb- çəkinmədən yalan danışması, tarixi faktları təhrif etməsi bunu bir daha təsdiqlədi. 
Nikol Paşinyanın indiyədək münaqişə ilə bağlı səsləndirdiyi fikirlər onun siyasi səbatsızlığından, hadisələrin gedişindən düzgün baş çıxara bilməməsindən və işğalçı siyasətdən hələ də əl çəkməməsindən xəbər verirdi. O, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel iclasındakı çıxışında da xəbis niyyətini bir daha ortaya qoydu. Onun tarixi reallıqların əksinə olan fikirləri, eyni zamanda, qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə əlaqədar ictimaiyyətə yanlış məlumatlar çatdırmaq cəhdi bu məqsədə xidmət etməklə yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə zidd idi. 
Panel iclasında dövlətimizin başçısının moderatorun suallarına verdiyi cavabında münaqişənin yaranma səbəbləri, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə səsləndirdiyi tarixi faktlar, münaqişə haqqında həqiqətlərin canlı yayımda bütün beynəlxalq ictimaiyyətə çatdırılması Paşinyana növbəti sarsıdıcı zərbə oldu. Dövlətimizin başçısı 1988-ci ildən başlayan Ermənistanın işğalçılıq siyasətinin bütün qəddarlığı, insanlığa xas olmayan çalarları barədə dünya ictimaiyyətinə məlumat verdi. Qeyd etdi ki, bu qəddarlıq, hərbi təcavüz və işğalçı siyasət nəticəsində 1 milyondan çox məcburi köçkün və qaçqınımız var. Bu gün də 20 faiz torpaqlarımız işğal altındadır. Dövlət başçımız bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin dünyanı dəhşətə gətirən bəşəri cinayətə –Xocalı soyqırımına imza atdığını da diqqətə çatdırdı. Azərbaycan Prezidenti, sözün həqiqi mənasında, Ermənistanın baş nazirinə dərs keçdi və özünün siyasi lider olduğunu nümayiş etdirdi. Ermənistanın baş naziri isə səsləndirdiyi “arqumentlərlə” nə qədər hazırlıqsız, siyasət meydanında hələ də naşı, tarixi, hüquqi, siyasi biliklərinin yox dərəcəsində olduğunu bir daha nümayiş etdirdi. Buna qədər keçirilən beynəlxalq tədbirlərdə də Nikol Paşinyanın sərsəm fikirləri, dediklərini bir saat sonra təkzib etməsi onun qeyri-ciddi adam olması barədə təəssürat ­yaratmışdı. Münxen konfransı isə onun bütün “qabiliyyətini” üzə çıxardı. 
Söz yox ki, Münxen konfransına qədər də dövlətimizin başçısı nüfuzlu beynəlxalq tədbirlərdə Ermənistan baş nazirinin sərsəm fikirlərini bir neçə dəfə alt-üst etmiş, bu ölkənin işğalçı siyasətini faktlarla ortaya qoymuşdu. Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında və Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında səslənən fikirlər hər birimizin , eləcə də, dünya ictimaiyyətinin xatirindədir. Münxen konfransı isə işağlçı Ermənistan və onun baş naziri üçün zərbə üstündən zərbə oldu. Budəfəki zərbə daha ağır oldu. Azərbaycan Prezidenti növbəti dəfə təkzibolunmaz faktlarla sübut etdi ki, Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. 

 

Yusif AĞAYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, dosent

18 2020 23:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə