Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir

Fevralın 18-də “Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası” FDUM-un baş direktoru İqor Moiseyenkonun başçılıq etdiyi heyəti Bakıya gəlmişdir.
Səfər çərçivəsində Rusiya nümayəndə heyəti, həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyevlə görüş keçirmişdir. İkitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə “Azəraeronaviqasiya” HHİ-nin və “Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası” FDUM-un rəhbərləri əməkdaşlıq haqqında memorandum imzalamışlar.
Görüşdə tərəflər son illərdə hava daşımalarının həcminin artdığını və buna görə təhlükəsiz və keyfiyyətli hava naviqasiyası xidmətlərinin göstərilməsinin iki təşkilatın əməkdaşlığında vacib istiqamət olduğunu qeyd etmişlər.
Memorandumun imzalanması gələcəkdə hava hərəkətinin idarə edilməsi problemlərinin həlli üçün müasir texnologiyaların hazırlanması və tətbiqində milli aeronaviqasiya xidmətləri təchizatçılarının birgə fəaliyyətinə töhfə verəcəkdir.
“Bu memorandum hava gəmilərinin təhlükəsizliyinin təmin edilməsi və hava naviqasiyası sisteminin keyfiyyətinin artırılması sahəsində qarşılıqlı dəstəyin bariz nümunəsidir. Bu, həmçinin hava məkanından səmərəli istifadə sahəsində beynəlxalq tələblərin çevik şəkildə tətbiq edilməsinə imkan verəcək”, – deyə Fərhan Quliyev bildirmişdir.
Qeyd edək ki, qonşu dövlətlərlə sıx əməkdaşlıq və təcrübə mübadiləsi “Azəraeronaviqasiya” HHİ-nin strateji hədəfi – dünya hava naviqasiya sisteminə uyğunlaşması və davamlı texniki və texnoloji inkişaf yolu ilə inteqrasiya olmasında mühüm rol oynayır.
İqor Moiseyenko demişdir: “Biz azərbaycanlı həmkarlarımızla əməkdaşlığın genişlənməsini alqışlayırıq. Belə yanaşma bizə yaxın gələcəkdə artan hava hərəkəti fonunda ortaya çıxan qlobal və lokal problemləri birgə və səmərəli şəkildə həll etməyə imkan verəcək”. 
“Azəraeronaviqasiya” HHİ Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsini həyata keçirir. AZANS hər gün 500-dən çox hava gəmisinə xidmət göstərir, onlardan 300 hava gəmisi Azərbaycan ərazisindən keçən tranzit reyslər yerinə yetirir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, “Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası” FDUM Rusiya Federasiyası hökumətinin fərmanı əsasında mülki aviasiya uçuşlarının təhlükəsizliyinin və müntəzəmliyinin təmin edilməsi, hava nəqliyyatının təşkilində vahid iqtisadi sistemin formalaşdırılması məqsədi ilə yaradılmışdır.

 

“Xalq qəzeti”

18 2020 23:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə