Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Münxendəki siyasi debat xarici mətbuatın gözü ilə

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş paneldə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla siyasi debatı dünya mediasının diqqətindədir. 

ABŞ-ın “US Tribune” qəzeti “Münxendə söz dueli: qalib hansı tərəf oldu?” sərlövhəli məqalədə müasir beynəlxalq əlaqələrdə silahlı dueldən deyil, söz duelindən istifadə edilməsi təqdir olunur. Məqalədə müasir siyasi arenada söz duelinin daha güclü vasitə olduğu xatırladılır. Müəllif BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Davos Forumu, Münxen Təhlükəsizlik Konfransının söz duellərinin keçirildiyi əsas arenalar olduğunu yazır və əsas diqqəti İlham Əliyevlə Nikol Paşinyan arasında olan ­debata çəkir. Hər iki tərəfə öz fikirlərini ifadə etmək üçün moderatorun söz duelini yaxşı idarə etdiyi vurğulanır: “O, həm Azərbaycan Prezidenti İlham Əliyevə, həm də Ermənistanın baş naziri Nikol Paşinyana faktları istədikləri kimi ortaya qoymaq imkanı yaradıb. Azərbaycan və Ermənistan liderləri ölkələrinin Qarabağ üzərində qanuni sahibliyini sübut etmək üçün tarixdən misallar gətiriblər. Lakin Ermənistanın baş naziri dueldə heç bir əsası olmayan, saxta fikirləri təkrarlamaqdan başqa bir iş görə bilməyib: Guya ermənilər Cənubi Qafqazın yerli əhalisi olub, Qarabağ tarixi Ermənistan ərazisidir və s. Əlbəttə ki, Azərbaycan lideri bu iddiaları təkzib edərək, tarixi faktların, əslində, başqa cür olduğunu söyləyib.”
Məqalədə Paşinyanın çıxışını əsas gətirərək, onun beynəlxalq hüquqdan zərrə qədər anlayışının olmadığı vurğulanır. 
Yazıda, həmçinin Prezident İlham Əliyevin debatda münaqişənin tarixi kökləri və obyektiv həlli ilə bağlı çıxışlarına xüsusi yer ayrılır. İlham Əliyev Paşinyanın BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə uğursuz fikirlərinə münasibət bildirib: “O, BMT Təhlükəsizlik Şurası qətnamələrinin Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur”.
Tədbirdə, həmçinin Azərbaycanın dövlət başçısı bildirib ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupu Ermənistanın qeyri-konstruktiv mövqedən imtina etməsi, real danışıqlara başlaması üçün Yerevana təzyiqi artırmalıdır: “ATƏT-in Minsk qrupunun həmsədrləri, nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil!”
“US Tribune” nəşri, həmçinin Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həll yolları barədə fikrinə yer ayırıb. ­Prezident bildirib ki, biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik – ərazilərin bir hissəsinin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması. Dağlıq Qarabağın statusu sonra müəyyənləşdirilə bilər. Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır.
Məqalədə azərbaycanlıların işğal altındakı ərazilərdə, həmçinin Şuşada etnik təmizləməyə məruz qalması, üstəlik, ermənilərin işğal altındakı ərazilərdə azərbaycanlılara aid bütün tarixi, maddi-mədəni irsi məhv etməsi qeyd edilib.
Türkiyənin “Haber Global” saytı İlham Əliyev və Nikol Paşinyan debatını “Azərbaycan Prezidenti İlham Əliyevdən Ermənistanın baş nazirinə tarixi şillə!” kimi təqdim edib. Videoreportajda bildirilir ki, Paşinyan tarixi təhrif edərək Xocalı soyqırımını inkar etsə də, İlham Əliyev faktları xatırlatmaqla, ona şillə kimi cavablar verib.
Videoreportajda deyilir: “Əliyev Paşinyanı yalnız səbrilə deyil, təcrübəsilə, ifadə qabiliyyətilə də kölgədə qoyub. Erməni baş nazir arqumentlərini ifadə edərkən nəinki tez-tez özü-özünü inkar edib, hətta dili belə, “dolaşıb”. Paşinyan: “Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın... yox, üzr istəyirəm, Ermənistanın tərkibində olmasına qərar vermişdi”.
Rusiyanın “news.ru” saytında “Münxen Konfransı Əliyevlə ­Paşinyanı yaxınlaşdırmadı” sərlövhəli məqalədə debatda səsləndirilmiş fikirlər təhlil edilib. Qeyd edilib ki, Azərbaycan Prezidenti dialoqa hazır olduğunu dəfələrlə təkrar edib. Prezidentin “Ermənistana Dağlıq Qarabağın onun ərazisi və ya müstəqil dövlət deyil, qeyri-qanuni qurum olduğunu bildirmək lazımdır – deməsi, məqalədə xüsusi vurğulanır. Müəllif Renat Abdullin fevralın 15-də konfrans günlərində erməni snayperin Azərbaycan hərbçisini qətlə yetirməsini, belə təxribatların yüksək səviyyəli danışıqların xarakterinə təsirsiz ötüşməyəcəyini bəyan edib.

 

Paşinyanın məğlubiyyəti Ermənistan mediasında


Almaniyanın Münxen şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş debat Ermənistan mediasının da diqqətində olub. Əksər media orqanlarında və sosial şəbəkələrdə baş nazirin debatdakı çıxışı onun məğlubiyyəti kimi dəyərləndirilib və sərt tənqid atəşinə tutulub. 
Ermənistanın keçmiş müdafiə naziri Artak Zakaryan facebook səhifəsində Paşinyanın Azərbaycan Prezidentinə məğlub olduğunu qeyd edib: “Mən heç vaxt Paşinyandan Qarabağ məsələsində müsbət irəliləyiş və ya həll gözləmirdim və bu barədə deyirdim. Münxendə baş verənlər – bu qeyri-mütəşəkkil, yarımçıq söhbət, yumşaq desək, olan bütün ümidləri sarsıtdı. Aydındır ki, Paşinyan hətta Qarabağ məsələsinin həlli ilə bağlı fasiləyə belə tab gətirə bilmir. İlham Əliyev danışıqlar prosesində məsələni mərhələli həll yoluna yönəltdiklərini bir daha qeyd etdi”. 
Keçmiş nazir etiraf edir ki, Paşinyan İlham Əliyevin fikirlərinə tam cavab verə bilməyib: “Birtəhər Düşənbə haqqında danışdı. Buna hətta Məmmədyarov da güldü. ­İlham Əliyev bizə öz müqəddəratımızı təyin etmək üçün başqa bir yer tapmağı tövsiyə edərkən, Paşinyan niyə yenidən Tiqran dövrünə qayıdır və orada olanlarda gülüş doğurur? Keçmiş xatirələrə və tarixi mübahisələrə nə ehtiyac var axı?”
Separatçı rejim nümayəndəsi Vaqram Balayan “tert.am” saytında görüşlə bağlı açıqlamasında Paşinyanın debatda çıxışını tənqid edib. Qeyd edib ki, o, İlham Əliyev tərəfindən təqdim edilmiş tarixi hadisələrə adekvat reaksiya verə bilməyib. Xüsuilə də Xocalı məsələsində. 
Ermənistanın müxalif Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov özünün facebook səhifəsində ölkəsinin baş nazirini tənqid edib: “Paşinyan-Əliyev debatına baxdınız? Bir neçə dəqiqə ərzində Ermənistan qapısından o qədər avtoqol buraxdı ki...”
Erməni politoloq Andranik Tevanyan isə ölkə rəhbəri yükünün Paşinyanın çiyinlərinə ağır gəldiyini qeyd edib: “Əliyevin davranışı, onun duruşu, Paşinyanın çıxışlarına rişxəndlə gülməsi onu göstərdi ki, bu savaşdan məğlub ayrılan tərəf biz olduq. Hətta Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov belə özünü gülməkdən saxlaya bilmirdi. Paşinyan onunla belə davranılmasına görə özünü qınamalıdır. Belə göründü ki, Paşinyan – Əliyev debatı ağır psixoloji təəssürat oyatdı. Biz, əslində, Nikol Paşinyanın əsl çəkisini gördük. Paşinyanın bunun üçün nə siyasi savadı, nə operativ reaksiya qabiliyyəti, nə də cürəti var. Bunun əvəzində bizə hələ də “Tiqran”dan danışır. O, bir daha göstərdi ki, ölkə rəhbəri kostyumu ona çox böyük gəlir.”
Politoloq Aleksandr Manasyan Paşinyanı bu debata kifayət qədər hazırlaşmamaqda ­günahlandırıb. ABŞ-da yaşayan yazıçı Anna Terkott-Astvaçaturyan sosial şəbəkə hesabında Ermənistan baş nazirinin Münxendəki çıxışını “biabırçılıq” adlandıraraq “ayıb olsun!” – deyib.
Erməni müğənni, şair Anna Hovner isə Paşinyanın “heç nə” olduğunu deyib: ‘’Utandığımdan yerin dibinə girirəm. Nikol Paşinyan, məişət adamları sənin çıxışının parlaq bir performans olduğunu söyləsə, inanma. Özünü reallıqdan uzaqlaşdırma və bil: Sən, sadəcə sıfırsan, heç nəsən!”
Erməni analitik, “Alternativ layihələr qrupu”nun rəhbəri Vahe Ovhannisyan Azərbaycan Prezidentinin sağlam məntiqə fokuslanaraq öz təcrübəsi sayəsində debatda qalib gəldiyini vurğulayıb: “Münxendən sonra Paşinyanın komandası yeraltı vəziyyətə düşdü. Onun 88 nəfərlik şanlı parlamentindən heç bir səs çıxmadı. Onlar öz liderlərini qoruya bilmədilər. Bu, təkcə Paşinyanın faciəsi deyil, həm də o deməkdir ki, ölkədə siyasi sistem, siyasi düşüncə yoxdur və buna görə də böyük uğursuzluğun qarşısını almaq üçün zəmanət mövcud deyil.”

 

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

18 2020 23:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə