Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxtın Nəsimi rayonu ildən-ilə yeniləşir, abadlaşır və gözəlləşir

2019-cu il Azərbaycanın ictimai-siyasi həyatında, daxili və xarici siyasətində mühüm uğurlarla yadda qaldı. İstər regionda, istərsə də qlobal iqtisadiyyatda baş verən mürəkkəb proseslərə baxmayaraq, ölkədə həyata keçirilən sosial layihələrin heç biri dayandırılmadı. Azərbaycanın təşəbbüsü, iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsi istiqamətində atılan addımlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə səbəb oldu.

Bu möhtəşəm yeniləşmə və yüksəliş, hər şeydən əvvəl, ümummilli lider Heydər Əliyevin əsaslarını yaratdığı, ulu öndərin ən layiqli davamçısı İlham Əliyevin 16 illik prezidentliyi dövründə elmi əsaslarla formalaşdırdığı və qlobal çağırışlara uyğun olaraq daim təkmilləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. 13 yanvar 2020-ci il tarixdə Prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə dövlət rəhbərinin qeyd etdiyi kimi, aparılan iqtisadi siyasət, büdcə vəsaitindən səmərəli istifadə, dayanıqlı və davamlı inkişafın təmin edilməsi sayəsində ölkəmizin valyuta ehtiyatları rekord həddə–51 milyard dollara çatmışdır. Bununla adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan hazırda MDB məkanında birinci yeri tutur. 
2018-ci ilə nisbətən keçən il ümumi daxili məhsulda 2,2 faiz, o cümlədən qeyri-neft sektorunda 3,5 faiz artımın əldə edilməsi, qeyri-neft sektorunda sənaye istehsalının 14 faiz, kənd təsərrüfatı istehsalının 7 faiz çoxalması bütün sahələrdə dinamik inkişafın davam etməsini, iqtisadiyyatın neftdən asılılığının getdikcə azalmasını göstərir.
Bütün bunlar göstərir ki, Azərbaycan, həqiqətən, bütün parametrlərə görə, bölgənin qüdrətli dövlətidir və daha güclü dövlətə çevrilmək iddiasını reallaşdırmağa başlayıb.
2019-cu ildə ölkəmizin hər yerində gedən dinamik inkişaf, infrastrukturun yeniləşdirilməsi, istehsal müəssisələrinin, iş yerlərinin yaradılması, geniş vüsət almış tikinti, quruculuq və abadlıq işləri Bakının Nəsimi rayonunda da uğurla davam etdirilmişdir. Paytaxtda əhalinin ən sıx yerləşdiyi ərazilərdən biri olan Nəsimi rayonu ötən il ölkəmizdə qazanılan irimiqyaslı uğurlara samballı təhfələr vermişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun 2019-cu il üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə hesabatında bu uğurlar əhatəli və bitkin əksini tapmış və dərindən təhlil edilmişdir.
Hesabatda bildirilir ki, hərtərəfli yeniləşmə və yüksəliş prosesinin inamla gerçəkləşdirilməsi nəticəsində rayonun görkəmi ildən-ilə dəyişir, əhalinin normal yaşayış səviyyəsi təmin olunur, sosial problemlərinin həlli istiqamətində silsilə tədbirlər davam etdirilir. Ötən il də Nəsimi rayonunun iqtisadi və sosial həyatında baş verən dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunmuşdur. Rayonda sosialyönümlü tədbirlərə geniş yer verilməsi sakinlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. İnşa edilən yeni obyektlər, abadlaşdırılan ərazilər turizmin inkişafına da böyük imkanlar yaradır.
2019-cu ildə rayonda yerləşən müxtəlif təyinatlı obyektlərin inşası, təmiri və yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmişdir. Həmin obyektlərin açılışında və tikinti işlərinin gedişi ilə tanışlıq mərasimlərində Prezident İlham Əliyev, Birinci vitse-prezident ­Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı rayonun ictimai-mədəni həyatında əlamətdar hadisələr olmuşdur. Fevral ayının 11-də Birinci vitse-prezident Mehriban xanım Əliyeva rayondakı 1 nömrəli körpələr evində və 268 nömrəli xüsusi məktəbdə, fevral ayının 28-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna gəlmiş, bu sosial obyerktylərdə yaradılmış yeniliklərlə tanış olmuşlar.
Aprel ayının 3-də Prezident İlham Əliyev Bakı–Tbilisi–Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olmuş, Bakı Dəmir Yolu Vağzalında Qəbələ dəmir yolu stansiyasının binasının eskiz layihəsinə baxmışdır. Aprel ayının 26-da Birinci vitse-prezident Mehriban xanım Əliyeva Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşmüş, onların qayğı və ehtiyacları ilə maraqlanmışdır. Oktyabrın 1-də isə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində salınmış yeni park istifadəyə verilmişdir. Noyabr ayının 19-da dövlət başçısı metronun 28 May stansiyasının qarşısında vətəndaşlarla görüşmüş və orada yerləşən Dəmir Yolu Muzeyi ilə tanış olmuşdur. 
Hesabatda rayon iqtisadiyyatında son bir ildə əldə edilmiş irəliləyiş də geniş əksini tapmışdır. 2019-cu ildə ərazidə 581 milyon 78,1 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla, sənaye müəssisələrinin anbarlarında ilin sonuna 3 milyon 183,9 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur. 
2019-cu ildə bütün maliyyə mənbələri hesabına 229 milyon 594 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir. Tikinti təşkilatlarının gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi 1,6 milyard manatdan çox olmuşdur ki, bu da əvvəlkki ilə nisbətən 4,1 faiz çoxdur. Podrat təşkilatlarının gördükləri tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 1,13 milyard manat, əsaslı təmir 22 milyon 616,4 min manat, cari təmir 14 milyon 528,4 min manat, sair tikinti işləri isə 109 mkilyon 767,1 min manat təşkil etmişdir. 
Keçən il rabitə müəssisələri 393 milyon 656,6 min manat həcmində xidmət göstərmiş, bu rəqəm əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2 faiz artmışdır. Nəqliyyat müəssisələrinin xidməti isə 382 milyon 493,4 min manata çatmışdır.
İaşə müəssisələrinin ümumi dövriyyəsi 112 milyon 653,1 min manat olmuşdur. Bunun 45,9 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti ilə əldə olunmuş və onlar əhaliyə 51 milyon 710 min manatlıq xidmətlər göstərmişdir. Hüquqi şəxslərin fəaliyyəti isə 60 milyon 943 min manat olmuşdur. Ödənişli xidmətlərin həcmi 733 milyon 336,9 min manat təşkil etmişdir. 
İl ərzində əhaliyə göstərilən xidmətlərin 20,5 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Ödənişli xidmətlərin həcmi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin obyektlərində reallaşmış və 105 milyon 938,9 min manat təşkil etmişdir.
 Ötən il Nəsimi rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,1 faiz, orta aylıq nominal əmək haqqının səviyyəsi isə 16,9 faiz artmışdır.
 2019-cu ildə rayon icra hakimiyyəti ərazidə iqtisadi durumun yaxşılaşdırılması məqsədilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin ­formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işləri davam etdirmişdir. Sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə imzalanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarının icra olunması istiqamətində ardıcıl işlər görülmüşdür.
 Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri ilə bir sırada Bakının Nəsimi rayonunda da sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, istismar müddəti bitmiş, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, qəzalı vəziyyətdə olan sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələrini sakinlər dərin rəğbət və ölkə rəhbərliyinə minnətdarlıq hissləri ilə qarşılamışlar. Bu layihələr çərçivəsində 25 məhəllə üzrə söküntü və inşaat işləri 2019-cu ildə də uğurla davam etdirilmişdir. 
Layihə ərazilərindən müqavilələr bağlanaraq, kirayə haqları ödənilməklə sakinlərin və mülkiyyətçilərin müvəqqəti köçürülməsinə dair irimiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu layihələrin başa çatması ilə Nəsimi rayonunda qəzalı, istismar müddəti bitmiş, yaşayış üçün yararsız vəziyyətdə olan binalarda və evlərdə yaşayan ailələr 3 mindən çox yeni, tam təmirli, sahəsi əvvəlkindən geniş olan mənzillərlə təmin ediləcəklər. Bununla da mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların müəyyən qisminin uzun illər etdikləri müraciətlər öz həllini tapacaqdır. 
 Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi il boyu təmizlik, abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, yaşayış binalarının, evlərin istismar vəziyyətinin yaxşılaşdırılması və qorunması, binadaxili aşağı mühəndis-kommunikasiya qovşaqlarının etibarlı və təhlükəsiz fəaliyyətinin təmin olunması, qış mövsümündə istilik alan binaların istiliklə təmin olunmasına xidmət edən mühəndis qovşaqlarının texniki tələbə uyğun istismar olunması, yolların, səkilərin, park və bağların, meydanların, yaşıllıq və qazonların hər gün süpürülməsi və yığışdırılması, tullantıların zərərsizləşdirilmək üçün poliqonlara daşınması istiqamətində ardıcıl işlər görmüşdür. İl ərzində MKTB yaşayış binalarının və evlərin dam örtüklərində, eləcə də 149 binanın fasiləsiz olaraq istiliklə təmin olunması üçün şəbəkədə cari təmir işləri yerinə yetirmişdir. Binaların tüstü bacaları və ventilyasiya kanallarında təmizlik işləri aparılmışdır. Bir sıra ünvanlarda həyətlər abadlaşdırılmış, binalarda zəruri təmir-abadlıq işləri görülmüşdür.
 Rayon Sukanal İdarəsi əhali sektoru üzrə 65 minədək, qeyri- əhali sektoru üzrə 7,1 mindən ­artıq abonentə xidmət göstərir. Rayon üzrə əhalinin su təchizatı 100 faizdir. Yaşayış məntəqələrinin 92,2 faizi sutka ərzində fasiləsiz və keyfiyyətli su ilə təmin olunur.
 Nəsimi rayonu üzrə 1 ­saylı ­İSİS-in ərazisində olan 26 məhəllədaxili qazanxana və 19 istilik məntəqəsi, RİQ-1 də daxil olmaqla istilik enerjisi istehsal edərək tələbatçıları fasiləsiz istilik enerjisi ilə təmin edir. İl ərzində qazanxanaların iş rejimi tənzimlənmiş, onların fasiləsiz, keyfiyyətli istilik enerjisi istehsal etməsi üçün yaranan qüsurlar aradan qaldırılmışdır. Payız-qış mövsümünün bitməsi ilə əlaqədar olaraq tədbirlər planı işlənilib hazırlanmış, istilik xətlərində yaranan qüsurlar aradan qaldırılmışdır.
 Hesabat dövründə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 1, 2, 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin ərazilərində də dvamlı və genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmış, bir sıra çoxmərtəbəli binanın fasadı əsaslı təmir olunmuş, “Abad həyət” və “Bizim həyət” layihələri gerçəkləşdirilmiş, yeni yaşıllıq zolaqları salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni skamyalar, yeni söhbətgahlar qoyulmuş, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılmışdır. Ərazilərin sanitar vəziyyəti, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtlı vaxtında daşınması daim nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların aradan qaldırlması istiqamətində operativ işlər görülmüşdür.
 Rayonda ekoloji tarazlığın qorunması, əhalinin diqqətinin yaşıllıqların qorunmasına yönəldilməsi və paytaxtımızın daha da gözəlləşməsi istiqamətində həyata keçirilən tədbirlər də daim nəzarətdə saxlanılır. Həmin tədbirlərin davamı olaraq rayon ərazisində vaxtaşırı iməciliklər təşkil edilir. 2019-cu il mayın 14-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibəti ilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlərin davamı olaraq parklarda və yaşıllıq zolaqlarında güləkmə aksiyası keçirilmişdir. 
 İl boyu sahə nümayəndəliklərinin ərazisində ayrı-ayrı ünvanlarda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çoxsaylı səyyar qəbullar keçirmiş, bu görüşlərdə minlərlə sakin iştirak etmişdir. Qaldırılmış problemlər RİH ­başçısının verdiyi tapşırıqlara əsasən həll edilmiş, bəzi məsələlərə isə izahatlar verilmişdir.
 Nəsimi Rayon İcra Hakimiyyəti üzrə yaradılmış Apellyasiya Şurasının fəaliyyəti ilə bağlı il boyu müvafiq tədbirlər həyata keçirilmişdir. Nəsimi Rayon Fövqəladə Hallar Komissiyası da il ərzində məqsədyönlü tədbirlər həyata keçirmiş, fövqəladə hallarla bağlı profilaktik istiqamətlər müəyyənləşdirilmişdir. 
 20 Yanvar, Xocalı və Çernobıl faciələrinin ildönümləri, Novruz, Ramazan və Qurban bayramları, 9 May Qələbə, 28 May Respublika, Ahıllar, Əlillər günləri və Yeni İl ərəfəsində ehtiyacı olan sakinlərə ərzaq payı çatdırılmış və maddi yardım göstərilmişdir. Ramazan ayında ehsan süfrələri açılmışdır. Dövlət qayğısı çərçivəsində 2019-cu ildə imtiyazlı şəxslərdən 28 ailəyə, о cümlədən 3 şəhid аiləsinə, 16 Qarabağ müharibəsi əlili ailəsinə, 5 nəfər 20 yanvar əlili ailəsinə mənzillər verilmişdir. 
 Ölkə başçısının tapşırığına uyğun olaraq 2019-cu ilin fevral ayından başlanmış əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar tədbirlər davam etdirilmişdir. 1, 3, 5 və 20 saylı şəhər poliklinikalarında bu önəmli sosial kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Ərazidə yerləşən özəl səhiyyə müəssisələrində də əhalinin tibbi müayinəsi təşkil edilmişdir. Həkimlərdən ibarət səyyar briqadalar fəaliyyət qabiliyyəti məhdud olan və yaşlı rayon sakinlərinə evlərində tibbi xidmət göstərmişdir. 
 2019-cu il ərzində Nəsimi Rayon İcra Hakimiyyətinə vətəndaşların 3 min 116 ərizə və müraciəti daxil olmuşdur. Aparılmış təhlil göstərir ki, mənzil və yaşayış şəraitinin yaxşılaşdırılması, şəhərsalma və təmir-tikinti məsələləri ilə bağlı ərizələr ümumi müraciətlərin 67,4 faizini təşkil etmişdir.
 Hesabat dövründə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən verilən tapşırıq və tövsiyələrin icrası təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının, rayon icra hakimiyyəti başçısı yanında şuranın, hesabat yığıncaqlarında səslənən təklif və qeydlərin icrasının vəziyyəti il ərzində nəzarətdə saxlanmış, qarşıya çıxan vəzifələrin həlli istiqamətində zəruri tədbirlər görülməsi təmin edilmişdir. 
 İl ərzində Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın davamlı iclasları keçirilmiş, ­RİH-in 2019-cu il üçün təsdiq olunmuş tədbilər planında nəzərdə tutulmuş məsələlər ardıcıllıqla müzakirə olunmuşdur.
Аzərbaycan ­Respublikasının Prezidenti İlham Əliyevin müşavirədəki nitqindən irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün Nəsimi ­Rayon İcra Hakimiyyəti, yerli strukturlar, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

(Səhifə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları barədə hesabatı əsasında hazırlanmışdır.)

 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

18 2020 23:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə