Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Saatlı: məqsəd uğurları daha da artırmaqdır

Saatlı Rayon İcra Hakimiyyətində (RİH) rayonun sosial-­iqtisadi inkişafının ötənilki yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Saatlı RİH-in başçısı Nazim İsmayılov məruzə ilə çıxış etmişdir. Natiq çıxışının əvvəlində vurğuladı ki, 2020-ci ilin yanvar ayının 13-də Nazirlər Kabinetinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və fevral ayının 3-də “Regionların 2019–2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin ölkəmiz üçün uğurlu il olduğunu bildirmişdir.

Təqdirəlayiq haldır ki, Saatlı rayonunda keçən il bütün sahələrədə, xüsusilə, pambıqçılıqda nəzərəçarpan uğurlar əldə olunmuşdur. 2019-cu ildə 13 min 741 hektar sahədə çiyid səpini aparılmışdır. Rayon pambıqçıları hər hektardan 30,4 sentner olmaqla 41 min 813,ton pambıq tədarük etmiş, bunun 10 min 227 tonu əllə, 31 min 585 tonu isə maşınlarla yığılmışdır. Pambığın becərilməsi və yığımı işlərinə, ümumilikdə, 8200 nəfər işçi qüvvəsi cəlb olunmuşdur. Mülkiyyətçilər pambıqçılıqdan 20 milyon manatdan çox xalis gəlir götürmüşlər. 2020-ci ildə rayon üzrə 14 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur.
Mərzuzədə sonra qeyd olundu ki, rayonda 7 min hektar ərazidə “İD-Aqropark”ın yaradılması işləri davam etdirilir. Burada soyuducu anbar, istixanalar, tövlələr, yem zavodu, quşçuluq fabriki tikiləcək və kənd təsərrüfatı məhsullarınn istehsalı və emalı ilə bağlı müxtəlif bitki növləri becəriləcəkdir. Bu günə kimi “İD-Aqropark” ərazisində 9 kilometr elektrik xətti çəkilmiş, 400 və 630 kva-lıq 2 ədəd transformator quraşdırılmış və s. lazımi işlər görülmüşdür. 
Saatlıda 2019-cu ilin məhsulu üçün 2018-ci ilin payızında 19 min hektar sahədə buğda, 5 min 822 hektar sahədə isə arpa, 308 hektar sahədə kartof, 1min 988 hektar sahədə bostan, 789 hektar sahədə tərəvəz əkilmişdir. Ötən ildə buğda əkin sahəsindən hər hektardan 42,9 sentner olmaqla 81 min 698 ton buğda, arpa sahəsindən hər hektardan 36,2 sentner olmaqla 21 min 75 ton arpa yığılmışdır. 
Ümumilikdə, 24 min 866 hektar taxıl sahəsindən hər hektardan 41,3 sentner olmaqla 102 min 774 ton taxıl tədarük edilmişdir. 2020-ci ilin məhsulu üçün isə 2019-cu ilin payızında, ümumilikdə, 22 min 986 hektar sahədə taxıl, o cümlədən 17 min 731 hektar sahədə buğda, 5 min 254 hektar sahədə isə arpa əkilmişdir. Bu il saatlılılar bitkiçilik sahəsində daha böyük uğurlar əldə etmək əzmindədirlər. 
Ötən il Saatlı rayonunda heyvandarlığın inkişafına diqqət artmışdır. Belə ki, keçən il rayonda 2018-ci illə müqayisədə 5,9 ton artıq olmaqla diri çəkidə 7 min 51,4 ton ət, 18 ton artıq olmaqla 41 min 870 ton süd, 23,7 ton artıq olmaqla 194,5 ton yun istehsal edilmişdir. Hazırda rayonda bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qaranın sayı 67 min 691 başa, xırda buynuzlu mal-qaranın sayı 118 min 74 başa çatmışdır.
Məlum olduğu kimi, uzun illərdir Saatlı rayonunun bir sıra kəndləri sudan əziyyət çəkir. Ötən il havaların quraqlıq keçməsi bu çətinlikləri pik həddə çatdırmış, əkinlərin, xüsusilə, pambıq sahələrinin suvarılmasında ciddi problemlər yaranmışdır. Nəzərə alsaq ki, əhalinin içməli və mal-qaranın su təchizatı həmin mənbə hesabına təmin olunur vəziyyətin nə qədər çətin olmasını əlavə şərh etməyə ehtiyac yoxdur. 
N.İsmayılov xatırlatdı ki, 2019-ci ilin dekabr ayının 19-da ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən pambıqçılıq müşavirəsində onun tərəfindən bu problem qaldırıldı. Cənab Prezident məsələyə çox ciddi münasibət bildirərək əlaqədar mərkəzi icra orqanlarının rəhbərlərinə Saatlının su probleminin həlli ilə bağlı konkret göstəriş vermişdir. Tapşırığa uyğun olaraq, hazırda layihə işləri yekunlaşmaq ərəfəsindədir. Layihəyə görə Kür çayından saniyədə 20 kubmetr həcmində suötürmə gücünə malik 17 kilometr olan beton suvarma kanalı çəkilməlidir. 
Məruzədə son bir ildə rayonda təhsil, mədəniyyət, sahibkarlıq, tikinti-­quruculuq, abadlıq sahələrində görülən davamlı işlər, eləcə də qarşıda duran mühüm vəzifələr barədə də geniş söhbət açıldı. Bildirildi ki, rayon əhalisi Prezident İlham Əliyevin müdrik daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyir və hər zaman dəstəkləyəcək. 
Mühazirə ətrafında çıxış edən Saatlı Rayon Maliyyə İdarəsinin müdiri Tahir Kazımov, Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Ağa Əsədov və başqaları ötən il rayonda bütün sahələrdə müsbət dəyişiklərin baş verdiyini, yeni iş yerlərinin yaradıldığını, əhalinin maddi rifahının yaxşılaşdırılğını dərin razılıq hissi ilə qeyd etdilər. 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibala Əliyev tədbirdə çıxış etmişdir. 
N.İsmayılov konfransın sonunda bildirdi ki, Saatlı RİH-in rəhbərliyi bundan sonra da rayonun sosial-iqtisadi inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirəcək, dövlət başçısının fərman və sərəncamlarından, tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində bütün imkanları səfərbər edəcəkdir.
Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müraciət qəbul olundu. 

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

18 2020 23:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə