Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Quba: bütün sahələrdə dinamik inkişaf güclənir

Quba rayonunda 2019-cu ilin sosial-­iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət fəalları, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, kütləvi informasiya vasitələrinin işçiləri iştirak ediblər.

Yığıncaqdan əvvəl rayon rəhbərliyi və fəallar şəhərin mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, ümummilli liderə ehtiramlarını bildiriblər.
Dövlət himninin səslənməsi ilə başlanılan hesabat yığıncağını rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev açıb. Sonra hesabat dövründə Qubanın sosial-iqtisadi inkişafını əks etdirən film nümayiş olunub.
Tədbirdə çıxış edən başçı 2019-cu ilin respublikamızın sosial-iqtisadi baxımdan daha da güclənməsi, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və mövqelərinin getdikcə möhkəmlənməsi, xalqımızın rifahının davamlı olaraq yaxşılaşması, dövlətimizin hərbi qüdrətinin güclənməsi, ölkəmizin tərəqqisinin əsas şərti olan ictimai-siyasi sabitliyin qorunması, iqtidar-xalq birliyinin daha sıx xarakter alması baxımından olduqca əhəmiyyətli bir il olduğunu vurğulayıb. 
Rayon rəhbəri çıxışında qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi qətiyyətli kompleks islahatlar, əhalinin bütün təbəqəsinə göstərdiyi yüksək diqqət və qayğı, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, habelə digər imtiyazlı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində gerçəkləşdirilən humanist tədbirlər xalqımız tərəfindən böyük minnətdarlıq və ehtiram hissi ilə qarşılanır.
Yığıncaqda 2019-cu ildə respublikamızın hər yerində olduğu kimi, bağlar diyarı, zəngin multikultural və tolerant dəyərlərə malik Quba rayonunda da ölkə Prezidentinin böyük diqqət və qayğısı sayəsində bütün istiqamətlərdə mühüm işlər görüldüyü bildirilib. Eyni zamanda, dövlət başçısının Qubanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə imzaladığı mühüm sərəncamlar rayon əhalisi tərəfindən dərin hörmət və ehtiram hissilə qarşılandığı diqqətə çatdırılıb. 
Hazırda rayonda iri miqyaslı layihələr həyata keçirilir, ucqar Xınalıq kəndinə digər istiqamətdən yol çəkilir, dağlıq ərazidə yerləşən Quba-Qonaqkənd yolu yenidən qurulur, yeni məktəblər və müxtəlif təyinatlı binalar tikilir. 
Yığıncaqda vurğulanıb ki, Quba rayonunun siması gündən-günə dəyişir, daha da gözəlləşir. Son iki il ərzində burada qeyri-dövlət sektoru tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə 82 milyon 135 min manat investisiya qoyulub ki, bunun da 44 milyon 858 min manatı ötən ilin payına düşür.
Hesabat dövründə 1694 nəfər rayon sakini işlə təmin edilib, onlardan da 525 nəfəri “DOST İş Mərkəzi” MMC-nin vasitəsilə ödənişli ictimai işlərə cəlb olunub. 
Azərbaycan Prezidentinin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair sərəncamlarına əsasən rayonda 31 ədəd subartezian quyusu qazılıb, hazırda daha 6 quyunun qazılması istiqamətində işlər davam etdirilir. ­Regional Dövlət proqramına uyğun olaraq ­“Qaraçay Su Qovşağı və Nəqledici Kanallar Qurğusu”nun inşası rayonun su təminatının yaxşılaşdırılmasına mühüm töhfə verib. 
Son illərdə rayonda kənd təsərrüfatının inkişafına da xüsusi diqqət yetirilir. Hazırda Qubada, ümumilikdə, 18 min 222 hektar bağ sahəsi var ki, bunun da 13 min 514 hektarını alma bağları təşkil edir. Həmin bağların 2 min 474 hektarı ənənəvi üsulla, 10 min 628 hektarı intensiv, 412 hektarı isə super intensiv qaydada əkilib. 
Yığıncaqda qeyd edilib ki, respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biri olan Qubada fermerlərə 2007-2019-cu illər ərzində 23 milyon 573 min manat subsidiya verilib.
Əhalinin mavi yanacaqla və elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülüb. Son iki ildə Qonaqkənd qəsəbəsi və ətraf ərazidəki yaşayış sahələrinə, həmçinin 3 min nəfərdən artıq əhali yaşayan “Dəvədabanı” adlanan yaşayış massivinə qaz çəkilib. Ötən il Mazdok-Qazməmməd magistral qaz xəttindən ayrılan 530 millimetrlik Quba xəttinin üstündə yüksək təzyiqli Qaz Paylayıcı Məntəqə istifadəyə verilib ki, bu da 14 yaşayış sahəsinin yüksək keyfiyyətli mavi yanacaqla təmin olunmasına şərait yaradıb. 
Hesabat dövründə Quba şəhəri də daxil olmaqla 12 yaşayış məntəqəsinin elektrik təsərrüfatı, o cümlədən “Dəvədabanı” adlanan yaşayış massivindəki 110/35/10 kilovatlıq yarımstansiya müasir tələblər səviyyəsində yenidən qurulub ki, bu da rayonun enerji təminatında dayanıqlılığı artırıb. 
Hesabat yığıncağında ötən il reallaşdırılan genişmiqyaslı təmir-tikinti və yenidənqurma işlərindən, turizmin inkişafı istiqamətində görülən tədbirlərdən, istehsal və emal müəssisələrinin səmərəli fəaliyyətindən geniş bəhs edilib. 
Yığıncaqda Prezident Adminstrasiyasının sektor müdiri Habil Əzənmədov çıxış edərək bildirib ki, dövlət başçısının qayğı və diqqətilə Quba rayonunda bir çox layihələr uğurla həyata keçirilir. Ölkəmizin iqtisadi qüdrəti artdıqca insanların həyat səviyyəsi də yüksəlir. Azərbaycanda aparılan və xalq tərəfindən dəstəklənən islahatlar davamlı xarakter daşıyır. 
H.Əzənmədov daha sonra qeyd edib ki, Azərbaycanda reallaşdırılan sosial-iqtisadi islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, iqtisadiyyatı gücləndirir. Ötən il respublika iqtisadiyyatı 2,2 faiz artıb, qeyri-neft sektorunda artım 3,5 faiz, sənaye istehsalındakı isə 1,5 faiz təşkil edib. “Doing Business” hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilib. İl ərzində əhalinin gəlirləri 7,4 faiz, valyuta ehtiyatları isə 6,4 milyard dollar artıb. Hazırda ölkəmizin valyuta ehtiyatları 52 milyard dollara çatıb. 
Hesabat yığıncağında müzakirə olunan məsələlərə və yerlərdən alınan təkliflərə uyğun olaraq müvafiq qərar qəbul olunub.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul edilib. 

 

Qəhrəman QASIMOV,
Quba rayonunda çıxan “Şəfəq” qəzetinin baş redaktoru, 
Əməkdar jurnalist

 

18 2020 23:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə