Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətənə qayıdan suriyalı qaçqınların sayı artır

Son günlər qonşu ölkələrdən Vətənə qayıdan suriyalıların sayı artmaqdadır. Dünən 200 qaçqının Livandan, 800 nəfərin isə İordaniyadan qayıtması barədə məlumat yayılıb. İnformasiyanı Rusiyanın Müdafiə Nazirliyi verib. 

Suriyadakı Qaçqınların bölüşdürülməsi və yerləşdirilməsi üzrə Mərkəzdən verilən açıqlamaya görə, ötən sutka ərzində Suriyaya xarici ölkələrdən ümumilikdə 1023 qaçqın qayıdıb. “Ceydət-Yabus” və “Tell-Kalax” sərhəd-keçid məntəqələri vasitəsilə Livandan qayıdanlar 229 nəfər (onlardan 69-u qadın, 117-si uşaqdır), “Nəsib” keçid məntəqəsi vasitəsilə İordaniyadan qayıdanlar isə 794 nəfər (238-i qadın, 405-i uşaq) təşkil edib.
Məlumata görə, Suriya Silahlı Qüvvələrinin mühəndis dəstələri Dəməşq əyalətinin Duma yaşayış məntəqəsində, Deraa əyalətinin Casim və Əl-Hərra məntəqələrində ərazilərin və obyektlərin minalardan təmizlənməsi əməliyyatlarını yerinə yetiriblər. Sutka ərzində 2,7 hektar ərazi təmizlənib və 31 ədəd partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib.
İsveçin Xarici İşlər naziri Ann Linde isə son vaxtlar Suriyanın İdlib bölgəsində dəhşətli vəziyyət yarandığını bildirərək, əraziyə göndərilən humanitar yardımların artırıldığını deyib. Onun sözlərinə görə, Suriyanın İdlib şəhərindəki vəziyyəti Brüsseldə Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə müzakirə edib. 
Ann Linde qeyd edib: “Biz mülki obyektlərin, o cümlədən xəstəxanaların bombalandığının şahidi oluruq. Bir milyona qədər insan bu yerləri tərk edir. Avropa İttifaqı hərəkətə keçməlidir. Dəməşqə təzyiq göstərmək, atəşkəs və humanitar yardımların çatdırılması üçün şərait tələb etmək lazımdır”.
Xatırladaq ki, Suriyada hərbi münaqişə 2011-ci ildən başlanıb. 2017-ci ilin axırlarında ABŞ İŞİD terror qruplaşması üzərində qələbə qazanıldığını elan edib. Hazırda Suriyada əsas problem siyasi nizamlamaya, ölkənin bərpasına və qaçqınların Vətənə dönüşünə nail olmaqdır. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

18 2020 23:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə