Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə və Rusiya nümayəndə heyətləri İdlibdəki vəziyyəti müzakirə ediblər

“Anadolu” agentliyi Türkiyənin ­diplomatik mənbələrinə istinadən xəbər verir ki, bu il fevralın 17-də Moskvada Türkiyə və Rusiya nümayəndə heyətləri görüşərək, son vaxtlar kəskin silahlı qarşıdurmaların baş verdiyi Suriyanın İdlib vilayətindəki vəziyyəti müzakirə ediblər. Məsləhətləşmələr dünən də davam edib. 

Qeyd edək ki, görüş mətbuat üçün qapalı şəraitdə keçirilib. Türkiyə nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Sedat Onal rəhbərlik edib. Nümayəndə heyətlərinə, həmçinin hər iki tərəfdən diplomatlar, müdafiə nazirliklərinin və xüsusi xidmət orqanlarının nümayəndələri daxil idilər.  
Türkiyə tərəfi hesab edir ki, İdlib deeskalasiya zonası ilə bağlı Soçi razılaşması tam yerinə yetirilməlidir. Bunun üçün, ilk növbədə, bölgədə gərginliyin azaldılması və humanitar vəziyyətin pisləşməsinin qarşısının alınması üçün bir çox təsirli  addımların atılması vacibdir.  
Yeri gəlmişkən, İdlibdə mövcud durum bu il fevralın 14-də Münxen Təhlükəsizlik konfransı çərçivəsində Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında keçirilən görüş zamanı da diqqət mərkəzində olub. Nazirlər təmsil etdikləri hökumətlərin regionda gərginliyin azaldılmasında maraqlı olduqlarını qeyd ediblər. 
Xatırladaq ki, son həftələr ərzində Bəşər Əsəd rejimi və müttəfiqləri İdlib vilayətində kəskin hücumlar həyata keçirirlər. Hər iki tərəfdən ölən və yaralananların sayı durmadan artır. Hər gün minlərlə dinc sakin ərazini tərk etməyə məcbur olur. Rəsmi Ankara Türkiyə ərazisinə suriyalı qaçqınların yeni dalğasının başlanacağından narahatdır. 

 

M.HACIXANLI,
“Xalq qəzeti”

18 2020 23:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə