Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Eleonora Mustafayeva: Sevinirəm ki, ifa etdiyim Abay Kunanbayevin əsəri tamaşaçıların ürəyincə oldu

TÜRKSOY yarandığı gündən  Azərbaycan daim təşkilatın  bütün tədbirlərində, mədəniyyət festivalları və yubiley tədbirlərində fəal şəkildə iştirak edir. TÜRKSOY-un bu yaxınlarda Türkiyədə qeyd edilmiş görkəmli qazax şairi Abay Kunanbayevin anadan olmasının 175 illiyinə həsr edilmiş "2020 – Abay Kunanbayevi anma ili" konsert proqramında ölkəmiz uğurla təmsil edildi. Türk dünyası üçün əhəmiyyətli olan bu möhtəşəm mədəni tədbirdə ölkəmizi təmsil edənlər sırasında  Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, çoxsaylı beynəlxalq festivalların iştirakçısı  Eleonora Mustafayeva  da olub. Onun səfər təəssüratlarını və yaradıcılığı ilə bağlı yenilikləri sənətsevərlərə çatdırmaq üçün söhbətləşdik.

-Eleonora xanım, mətbuatdan da bildiyimiz kimi, bu yaxınlarda Türkiyədə TÜRKSOY-un təşkilatçılığı ilə baş tutmuş Abay Kunanbayevin 175 illik yubileyində çıxış etmisiniz. İstərdik ki, bizə  səfər təəssüratlarınızdan danışasınız. Necə oldu ki, bu tədbirə dəvət aldınız?

-Əvvəla onu deyim ki, TÜRKSOY-un təşkil etdiyi tədbirlər daim yüksək bayram və həmrəylik ab-havasında keçir. Bu dəfə də elə oldu. Görkəmli qazax şairi, filosof, maarifpərvər  ziyalı  Abay Kunanbayevin 175 illiyi ilə əlaqədar 2020-ci ili TÜRKSOY “Abay Kunanbayev ili” elan edib.  Bununla əlaqədar Ankarada türk xalqlarının tanınmış opera sənətçilərinin, folklor musiqisi ifaçılarının iştirakı ilə möhtəşəm bir musiqi bayramı-yubiley tədbiri keçirildi.  Ölkəmizin bu tədbirdə təmsil olunması üçün TÜRKSOY Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət etmişdi, təşkilat bu müraciətə əsasən mənim və əməkdar artist İlham Nazarovun tədbirdə çıxış etməsinə şərait yaratmasını bizim nazirlikdən  xahiş etdi. Mənə göstərilən etimada görə TÜRKSOY-un baş katibi Düsen Kasaenova, bu önəmli tədbirdə iştirakıma şərait yaratdığına görə Azərbaycan Respublikası Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə və  çalışdığım teatrın rəhbəri əməkdar incəsənət xadimi, sənətşunaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə dərin təşəkkürümü bildirirəm. Tədbir həqiqətən də yüksək səviyyədə keçdi. Türk dövlətlərindən şairin işığına toplanmış sənətçilər onun poetikasından olan nümunələri, əsasən də onun sözlərinə bəstələnmiş mahnıları ifa etdilər. Tədbirdə səslənmiş mahnılardan doqquzunun söz və musiqisi Abay Kunanbayevə aid idi.  Bizi Türkiyə Cümhuriyyəti Cümhurbaşkanlığı Simfonik orkestri müşayət etdi. Təbii ki, bu da böyük fəxr eyni zamanda, məsuliyyət idi. Orkestrin dirijoru isə Qazaxıstandan olan tanınmış  dirijor Yerbolat Ahmedyarov idi.

Bu cür beynəlxalq tədbirlərin əhəmiyyəti böyükdür. TÜRKSOY-un təşkil etdiyi bu cür tədbirlərin məqsədi  türk xalqları arasında həmrəylik nümayiş etdirmək, mədəni sahədə əlaqələri inkişaf etdirmək, xalqlar arasında dostluq əlaqələrini daha da gücləndirməkdir. TÜRKSOY-un baş katibi Düsen Karabayeviç Kaseinov hər dəfə bu cür görüşlərdə təşkilatın ali missiyasının ortaq tarixi kökləri və zəngin mədəniyyətləri olan xalqların mədəniyyət təmsilçiləri arasında mədəni və dostluq əlaqələrinin, əməkdaşlığın daha da sıxlaşdırılması  olduğunu dönə-dönə vurğulayır.  Məhz bu tədbirlərin nəticəsidir ki, biz digər ölkələrin sənətçiləri ilə  ünsiyyətdə olur, yaradıcılıqla, sənətlə bağlı fikir mübadiləsi aparırıq. Yeni əməkdaşlıqların əsası qoyulur. Bu cür səfərlərdən sonra insan, həqiqətən, daha çox yaradıcılığa vaxt ayırmaq, daha həvəslə çalışmaq istəyir. 

Tədbirdə Abay Kunanbayevin hansı əsərlərini ifa etdiniz?

-Mənə təklif edilən mahnının  sözləri, eləcə də məzmunu ilə tanış oldum. Mahnının həm sözləri, həm də musiqisi çox gözəl idi.  Qazax dilində oxuduğuma görə qazax sənətçi dostlarıma müraciət etdim ki, tələffüzdə kömək etsinlər.  Sağ olsunlar, köməklik göstərdilər.  Onlara da öz  təşəkkürümü bildirirəm.

Elə alındı ki, biz şəhərə çatanda  birbaşa məşqə  qoşulmalı olduq. Vaxtımız idi.  Mən  məşqdə ifa edərkən bariton tonallığı qoydular, halbuki soprano ifaçısıyam. Ancaq mən heç bir söz demədən, ifa etdim. İfadan sonra qazax bariton ifaçısı mənə yaxınlaşıb dedi ki, bu, mənim tonallığımdır, siz bunun necə öhdəsindən gəldiniz?!  Daha sonra mənim xahişimlə səsimə uyğun tonallıq müəyyən edildi. Orkestrin, dirijorun yüksək peşəkarlığı nəticəsində konsertimiz yüksək səviyyədə baş tutdu.

"Cümhurbaşkanlığı simfonik orkestri”nin müşayiəti ilə "Jelsiz tünde jarık ay” ("Rüzigarsız gecədə parlaq ay”) əsərini ifa etdim.  Sevinirəm ki, alqışlarla və maraqla qarşılandı.  Mən ifa edərkən səhnədə parlaq ayın təsviri , təbiət mənzərələri mahnıda Qazaxıstanın  təbiətini özündə əks etdirirdi. Tədbirdə müəyyən edilmiş nömrələr axıcı və ürəyəyatan idi. Biz də zaldan tamaşa edirdik tədbirə. Bir tamaşaçı kimi də həqiqətən tədbir məndə yüksək təəssürat oyatdı. Deyərdim ki, qazax xalqının da zəngin musiqisi, gözəl ifaçıları var. TRT AVAZ kanalında yayımlanmış tədbirə baxarkən bir daha həmin xoş duyğuları və təəssüratları yaşadım.

-Bu konsertdən sonra repertuarınıza qazax musiqisindən əsərlər daxil etmək istəyiniz varmı?

-Bəli, var. “Abay” operasından Ajarın ariyası çox xoşuma gəlir.  İstərdim ki, bu ariyanı və bir neçə mahnını repertuarıma daxil edim.

-Konsertdən sonra sizin ifanız barədə təəssüratlar necə oldu?

-Əlbəttə ki, konsertdən sonra da biz sənətçilərlə fikirlərimizi bölüşdük, konsertin sonunda “Gözümün qarası” mahnısını hamımız  bir yerdə ifa etdik.  Konsertdən sonra mənim ifam barədə  məşhur qazax ifaçısı, gözəl sənətçi, ustad sənətkar, professor  Şahmardan Abilov öz fikirlərini söylədi və yüksək təəssüratlarını bildirdi.” Nə qədər  sizin daxilinizdə musiqi var...”—deyib duyğulandığını bildirdi.  Həqiqətən də bir əsəri ürəyimcə oxuya bilməyim üçün öncə onu ürəkdən duymalıyam, hiss edib, oxumalıyam. Abayın bu əsərini oxuyarkən onun tərcüməsi ilə də tanış olub, hazırlaşmışdım. İfaçının xoşbəxtliyi ondadır ki, o, ürəkdən duyaraq oxuduğu zaman tamaşaçıya da əsəri çatdıra bilir.

Mərasimin yekununda TÜRKSOY-un baş katibi  Düsen Kaseinov müxtəlif ölkələrdən olan tanınmış solistlərə, o cümlədən mənə təşkilatın mükafatını təqdim etdi.

-İstərdim, bir az da Azərbaycan Dövlət Akademik Musiqili Teatrındakı fəaliyyətinizdən bəhs edəsiniz. 2020-ci ilin əvvəlidir, hansı tamaşalarda rol almısınız?

-Daim üzərimdə işləyirəm. Bir rolu neçə dəfə oynasam da, fərqi yoxdur. Hər dəfə o rola hazırlaşanda, sanki ilk dəfə səhnəyə çıxıram; eyni həyəcan, eyni məsuliyyət. Bilmirəm, bu yaxşıdır, yoxsa pis. Yəqin ki, bu xarakterimdən irəli gəlir. Hər obraz üzərində işləyəndə məşqlərdə  həyəcanlı oluram. Elə ki, tamaşa başlanır, səhnəyə çıxarkən o həyəcan itir. Məşqdə nə qədər yaxşı hazırlaşırsansa, o qədər rolun tamaşada  mükəmməl görünür. 

Yeri gəlmişkən, bildirim ki, mən hər bir roluma hazırlaşanda  həyat yoldaşım  da mənə kömək edir. Bildiyiniz kimi, yoldaşım Azərbaycan Gənc Tamaşaçılar teatrında baş rəssam vəzifəsində çalışır.  Hər zaman onun dəstəyini hiss edirəm, onun fikirləri mənim üçün çox önəmlidir. Hətta əsərim üzərində çalışanda ilk olaraq onun fikirlərini öyrənirəm. Bir sözlə, mənim ilk tamaşaçım həyat yoldaşımdır.

Bu yaxınlarda dünya şöhrətli yazıçı-dramaturq Mark Kamolettinin “Fransızsayağı qarnir” ikihissəli musiqili lirik komediyası təqdim olundu. Quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru isə əməkdar artist Boris Qrafkin  idi. Yeri gəlmişkən, onlara öz təşəkkürümü bildirirəm. Tamaşaçılar tərəfindən çox maraqla qarşılandı. Bu tamaşada  mən Jaklin obrazında çıxış etdim. Jaklin illər sonra ərinin dostu ilə rastlaşır, məlum olur ki, o və Jaklin bir zamanlar bir-birlərini seviblər. Bu obraz açığı, mənim üçün yeni idi. Tamaşaçılar daim məni lirik obrazlarda görüblər. Bu lirik obrazlar həm də mənim xarakterimə də uyğundur, deyə bilərəm. Odur ki, Jaklin obrazı fərqli olduğuna görə, bir az narahat idim. Bu obrazın xarakteri də fərqli idi. Jaklin yetkin, emosional qadın obrazıdır. Odur ki, məndən soruşurdular ki, bu obrazı sən necə oynayacaqsan?! Həyatda  bu obrazın xarakterinə əks insanam, odur ki, bəziləri məni bu obrazda təsəvvür edə bilmirdilər. Ancaq mənə inananlar da çox idi, deyirdilər ki, Jaklin obrazını yaratmaq üçün Eleonoranın daxilində potensial var. O, bu rolun öhdəsindən gələcək.

Çox şükürlər olsun, obrazımın öhdəsindən gəldim. Jaklin obrazını uğurla ifa etdim. Bu tamaşada həmin obraz mənim illk debütüm idi. Tamaşadan  sonra hələ də tamaşaçılar zəng edib, “Fransızsayağı qarnir” tamaşasının bir də nə vaxt təqdim ediləcəyini soruşurlar. Sözsüz ki, tamaşanın bu cür uğurlu alınmasında və sevilməsində bütün yaradıcı heyətin rolu böyükdür. Teatr rəhbərimiz  Əliqismət müəllimə  dərin təşəkkürümü bildirirəm ki, məşqlərin təşkilində hər cür şərait yaratdı ki, bu tamaşaya yüksək səviyyədə hazırlaşa bilək. Yaradıcı kollektivimizə  onun dəstəyi  böyükdür.

-Tamaşaçılar sizi hansı tamaşalarda  görə bilərlər?

-Teatrımızda bir sıra əsərlər üzərində hazırlıq gedir.  Artıq keçən bazar libretto müəllifi Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” tamaşasında Gülnaz obrazını oynadım. Martın 6-da Rauf Hacıyevin “Qafqazlı qardaşı qızı” əsərində isə əsas rol olan Lalə obrazını  canlandıracağam. Eləcə də tamaşaçılarımız məni  Rauf Hacıyevin “Talelər qovuşanda” tamaşasında Nərgiz, “Qızıl toy”da Aygün, “Fransızsayağı qarnir” tamaşasında Jaklin və digər obrazlarda  görə bilərlər.  

Sevinirəm ki, tamaşalarımız  daim maraqla qarşılanır, tamaşaçılardan aldığım təəssüratlara əsasən deyə bilərəm ki, Azərbaycan Dövlət Akademik Musiqili  Teatrı daim sənətsevərlərin zövqünü oxşayır. 

Söhbətləşdi:
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

18 2020 17:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə