Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisə seçkilər normal keçdi

Milli Məclisə seçkilər normal keçdi

Demokratik ölkələrin seçki təcrübəsi göstərir ki, hər bir seçkinin uğurunu təmin edən şərtlər sırasında siyasi iradə və ictimai-siyasi sabitlik amilləri ilə yanaşı, təkmil seçki qanunvericiliyinin də olması mühüm önəm daşıyır. Bu baxımdan 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası respublikamızda demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirib. Əsas Qanunda təsbit olunan müddəalara istinadən Azərbaycanda seçkilərin hüquqi bazası formalaşdırılıb. 

Konstitusiyanın 4-cü maddəsinə görə, xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Əsas Qanunun 56-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var. 
Azərbaycanın Seçki Məcəlləsi də demokratik standartlara uyğun tərtib olunmaqla, seçkilər sahəsində bütün şəffaflıq və qanunçuluq prinsiplərini özündə əks etdirir. Qüvvəyə mindikdən sonra məcəlləyə bir sıra dəyişikliklər də edilib ki, bütün bunlar ümumilikdə seçki institutlarının daha səmərəli fəaliyyət göstərməsinə, seçki prosesi ilə bağlı şikayətlərin daha çevik, operativ araşdırılmasına, seçici siyahılarının dəqiqləşdirilməsinə, seçkiləri müşahidə prosesinin asanlaşdırılmasına, namizədlərin təbliğat-təşviqat, vətəndaşların seçki hüququnun realizəsi imkanlarını yaxşılaşdırmağa, bir sözlə, seçkilərin daha şəffaf, demokratik şəraitdə keçirilməsinə xidmət edib.
Milli Məclisə fevralın 9-da keçirilən seçkilərdə də bunun bir daha şahidi olduq. Parlament seçkilərinin əsas nəticəsi və ortaya qoyduğu başlıca reallıq isə Prezident İlham Əliyevin liderliyinin, rəhbərliyi altında keçirilən siyasətin alternativsizliyini bir daha təsdiq etdi.
Bu, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda keçirilən sayca altıncı parlament seçkiləri idi. Seçkilərdə seçicilərin maneəsiz səs verməsi üçün məntəqələrdə hər cür şərait yaradılmışdı. Havanın soyuq, yağıntılı olmasına baxmayaraq, insanlarda ruh yüksəkliyi var idi. Əsas məqsəd hər bir kəsin seçkilərdə fəal iştirak etmək, vətəndaşlıq vəzifəsinin öhdəsindən gəlmək və layiqli namizədə səs vermək idi. 
Mənim diqqətimi daha çox çəkən məqam o oldu ki, belə soyuq hava şəraitinə baxmayaraq, seçicilər davamlı şəkildə məntəqələrə gəlib səs verir, öz vətəndaşlıq məsuliyyətlərini dərindən anlayırdılar. Yaxşı bilirdilər ki, ölkənin gələcəyi onların səsverməsindən çox asılıdır. Eyni zamanda, belə bir mütəşəkkillik Azərbaycan əhalisinin öz taleyinə özü məsuliyyət daşıdığından xəbər verirdi.  
Ölkəmizin həyatında mühüm hadisə olan Milli Məclisə seçkilərə çalışdığım tibb müəssisəsinin işçiləri də ölkəmizdə dönməz xarakter alan islahatların yeni mərhələsinə dəstək verdilər.   
Beynəlxalq və yerli müşahidəçilərin əksəriyyəti seçkidən sonra verdikləri açıqlamalarda seçkiqabağı dövrdə heç bir pozuntunun olmadığını, bütün namizədlər, siyasi partiyalar üçün lazımi şəraitin yaradıldığını bəyan etdilər. Seçkini izləmək üçün ölkəmizdə akkreditə olunan xarici kütləvi-informasiya vasitələri də parlament seçkilərinə geniş yer ayırmaqla onun demokratik və şəffaf keçirildiyini bütün dünyaya yaydılar.

 

Ləman Süleymanova, 
həkim-dietoloq

15 2020 00:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə