Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əfqanıstan döyüşlərini unuda bilmirəm”

“Əfqanıstan döyüşlərini unuda bilmirəm”

1989-cu il fevralın 15-də keçmiş Sovet İttifaqının hərbi kontingenti Əfqanıstandan çıxarıldı.  Doqquz  mindən çox azərbaycanlının  iştirak etdiyi doqquz illik müharibədə  208 Azərbaycan vətəndaşı həyatını itirdi, 420 nəfər əlil oldu, 7 nəfər isə itkin düşdü. 

Əfqanıstan müharibəsində çoxsaylı qəhrəmanlıq nümunəsi göstərən soydaşlarımızdan biri də üç dəfə “Qırmızı  Ulduz”  ordeni ilə təltif  edilmiş  Hacı Mirmehdizadə  olub.

Hacı Mırmehdizadə Qubadlı rayonunun Dondarlı kəndində anadan olub.  Orta məktəbi bitirdikdən sonra Maliyyə-İqtisad Texnikumunda, Bakı Dövlət və İqtisad universitetlərində müvafiq olaraq hüquq və iqtisadçı ixtisaslarına yiyələnib. Əmək fəaliyyətinə 1988-ci ildə Sənaye Bankının yanacaq filialında kredit mütəxəssisi kimi başlayıb. Daha sonra Birləşmiş Universial Səhmdar Bankı,  Zaminbank və Depozitlərin Sığortalanması Fondunda müxtəlif vəzifələrdə çalışıb. Hazırda isə Muğanbankın sənaye filialının müdiridir.  

Əfqanıstan və Qarabağ müharibəsi veteranı olan müsahibim söhbətinin əvvəlində ölkəmizdə bu kateqoriyalı şəxslərə göstərilən dövlət qayğısı barədə danışdı:–Vətənpərvər insanların, xüsusilə də veteranların dövlət qayğısı ilə əhatə olunması ulu öndərimizin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev veteranları həmişə yüksək qiymətləndirib. Hazırda bu siyasət Prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Veteranlara hərtərəfli diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, veteranların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müharibə iştirakçıları üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmək hüququ var.

Qanunvericiliklə veteranların sosial təminatı ilə bağlı önəmli məqamlar təsbit olunub, mənzil-kommunal xidmətlərindən istifadə ilə bağlı müavinətlər təyin edilib. Veteranlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar, dərman və müalicə vasitələri ilə təmin olunurlar. Müvafiq icra hakimiyyəti orqanları veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirirlər. Bir sözlə, dövlət veteranların mənzil şəraitinin yaxşılaşdırılmasından tutmuş gündəlik sosial-məişət problemlərinin həllinə qədər hər  şeyi nəzərə alır. Bu səbəbdən də qayğıya ehtiyacı olan veteranların dövlətin himayəsində olması cəmiyyət tərəfindən təqdir edilir.

Onu da vurğulamaq istərdim ki, bu gün ölkə rəhbərinin  xüsusi diqqəti nəticəsində Milli Ordumuzun güclənməsi, əsgəri xidmət üçün gözəl şərait yaradılması, Azərbaycan əsgərinin döyüş ruhunun, vətənpərvərlik hissinin yüksəldilməsi biz Əfqanıstan və Qarabağ müharibəsi veteranlarında yağı tapdağında olan torpaqlarımızın tezliklə qəsbkarlardan xilas ediləcəyinə inamı artırır.

Hacı Mirmehdizadə  söhbət zamanı ulu öndərimiz Heydər Əliyevə olan xalq sevgisindən də söhbət açdı:

-–Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimizin adı və fəaliyyəti ilə bağlıdır. Dahi şəxsiyyətin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olub. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər dünyada lider mövqeyə yüksəlib. Hazırda ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu öndərimiz  xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərib. 

Hacı Mirmehdizadə  söhbət zamanı Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirdiyi dövrdə dahi öndərlə bağlı rastlaşdığı bir məqamı da xüsusi vurğuladı:–

Ümummilli lider Sov. İKP  MK  Siasi  Bürosunun  üzvlüyündən və SSRİ  Nazirlər Soveti Sədrinin   birinci müavini vəzifəsindən uzaqlaşdırılan gün hərbi hissənin Xankəndidən olan  erməni zabiti, siyasi məsələlər üzrə rəis müavini  Valeri Akopyanın sevinci, necə deyərlər, yerə-göyə sığmırdı… Bəli, bundan az sonra ermənilərin əl-qolu açıldı,  Dağlıq Qarabağda münaqişə, açıq separatizm başlandı. Respublikanın bacarıqsız rəhbərliyi isə muxtar vilayətdə sürətlə genişlənən antiAzərbaycan hərəkatının qarşısını ala bilmədi. Nəticədə ərazilərimizin 20 faizi itirildi. Dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin böyük siyasətdən kənarda qaldığı həmin illərdə respublikada baş verən qarışıqlıq, hakimiyyət uğrunda qruplararası mübarizə də düşmənin təcavüzkarlığı qarşısında ölkəmizi müdafiəsiz qoydu.

Qətiyyətlə deyə bilərəm ki, Heydər Əliyev ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycan rəhbərliyində olsaydı, erməni millətçilərinin xalqımıza qarşı davamlı xəyanət və cinayətlərinin tarixini dərindən bildiyinə görə, Qarabağ və ətraf rayonlarımızın yağı tapdağına düşməsinə imkan verməyəcəkdi. Bu sözləri, necə deyərlər, elə-belə, sözgəlişi demirəm. Çünki erməni millətçiləri dahi öndərin müdrik və qətiyyətli siyasətçi olduğunu yaxşı bilirdilər. Dərindən dərk edirdilər ki, ulu öndər Heydər Əliyev dərin zəkası, müstəsna liderlik bacarığı ilə Azərbaycana rəhbərliyinin birinci dövründə Ermənistanın respublikamıza qarşı ərazi iddialarının açıq müstəviyə çıxmasına,  erməni separatizminin baş qaldırmasına imkan verməyib. Təəssüf ki, böyük rəhbər Azərbaycandan gedəndən sonra Dağlıq Qarabağda baş verən proseslərə seyrçi münasibət bəsləyən bacarıqsız və iradəsiz yerli rəhbərlər burada baş verən mərkəzdənqaçma meyillərinin qarşısını yerindəcə almaq əvəzinə,  fəaliyyətsizlik göstərmişdilər. Onu da vurğulayım ki, xalqımızın böyük oğlu Heydər Əliyev SSRİ-nin yüksək dövlət rəhbərlərindən biri olduğu dövrdə də Dağlıq Qarabağ Muxtar Vilayətində respublikamızın üstün maraqlarını qətiyyətlə qorumuşdu.

Yeri gəlmişkən, Hacı Mirmehdizadə  Əfqanıstan döyüşlərində şücaət göstərib, müharibənin ağır günlərini yaşayıb, iki dəfə ayağından ağır güllə yarası alıb. Deyir ki, döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyinə görə, təltif üçün komandanlığa bir neçə dəfə təqdimat göndərilsə də, xalqımıza dərin nifrətini gizlətməyən hərbi hissənin siyasi məsələlər üzrə rəis müavini Valeri Akopyan bunun qarşısını alıb…

Azərbaycan müstəqillik qazandıqdan sonra Hacı Mehdiyev dogma Qubadlı  bölgəsində gedən ağır döyüşlərdə iştirak edib, əhalinin erməni hücumlarından qorunmasında fəallıq göstərib. 

Müsahibim söhbətində Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəklədiyini, eyni zamanda, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa, bu müqəddəs yolda hər an döyüşməyə hazır olduğunu da bildirdi.

Hacı Mirmehdizadə  söhbətinin sonunda fəaliyyət göstərdiyi bank sektorunda reallaşdırılan islahatlar barədə də danışdı:

–Möhkəm təməllər əsasında fəaliyyət göstərən Azərbaycan bank sisteminin formalaşdırılması bu gün ölkəmiz üçün əsas prioritetlərdəndir. Dövlət başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələri”ndə bank sektoru ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası artıq öz müsbət nəticələrini göstərməkdədir. Deyə bilərəm ki, yüksək açıq valyuta mövqeyi saxlayan bankların devalvasiya zamanı öhdəlik və aktivləri arasındakı disbalansın qarşısının alınması məqsədilə islahatlar çərçivəsində görülən preventiv tədbirlər artıq öz səmərəsini verib, bankların ölkə iqtisadiyyatında rolunu xarakterizə edən makroindikativ göstəricilərinin müsbət dinamikası saxlanılıb.

Bununla bərabər, bankların valyuta mövqeyinin möhkəmləndirilməsi, likvidlik və kapitallaşma ilə bağlı minimum tələblərin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində problemli aktivlərin ümumi kredit portfelində xüsusi çəkisi azalıb və kredit portfellərinin keyfiyyət əmsalı yüksəlib.

Ötən il fevralın 28-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalanıb ki, bu da bank sektoru üçün tamamilə yeni bir səhifə açmaqla bərabər, qeyri-işlək kredit portfelinin həcminin də əsaslı şəkildə azalması üçün möhkəm zəmin yaradıb. Müvafiq fərman sağlam kredit ekosisteminə müsbət təsir göstərməklə yanaşı,  yeni likvid vəsaitlərin real sektora yönlənməsinə və nəticədə makroiqtisadi mühitin xeyli yaxşılaşmasına gətirib çıxarıb.

Xatırladım ki, həmin fərmanın ölkənin bank sektoru üçün əhəmiyyəti və problemli kreditlərin həlli məsələsində oynadığı rolu nüfuzlu beynəlxalq reytinq agentlikləri də təsdiq ediblər. Belə ki, “Moody’s” beynəlxalq reytinq agentliyi ölkənin bank sektoru üçün son illərin ən pozitiv proqnozunu açıqlayıb. Agentlik Azərbaycan üzrə proqnozlarına dəyişiklik edərək, qeyri-işlək kreditlərin həcmi üzrə proqnoz göstəricisinin tədricən   azalacağını bildirib. Bu isə ölkədə aparılan köklü iqtisadi islahatların və icra edilməkdə olan layihələrin respublikanın maliyyə-bank sektoru üçün nə qədər faydalı olduğunu, həmçinin qeyri-işlək kredit əmsalının 8 faizədək azaldılması istiqamətində nəzərdə tutulan göstəricilərə nail olunacağını əminliklə söyləməyə əsas verir.

Hacı Mirmehdizadə bildirdi ki, hazırda  nağdsız iqtisadiyyatın, şəffaf vergi, maliyyə və bank sisteminin qurulması istiqamətində ciddi tədbirlər həyata keçirilir. Fiskal islahatlar çərçivəsində təşviqedici vergi mexanizmlərinin tətbiq olunması isə biznes subyektləri işçilərinin əməkhaqlarını və digər ödənişləri nağdsız formada reallaşdırmağa şərait yaradır. Bu da müştəri hesabları və kart sahiblərinin sayının artmasına, nəticədə isə rəqəmsallaşmanın və onlayn ödənişlərin səviyyəsinə müsbət təsir göstərir. Bu istiqamətdə aparılan işlərin nəticəsi olaraq elektron bank əməliyyatlarının artması sektorda resurs sərfinin optimallaşmasına,  kredit təşkilatlarına müvafiq maliyyə vəsaitlərindən maliyyələşdirmə aləti kimi istifadə etməyə imkanlar yaradır, onların likvidlik göstəricilərinin yaxşılaşmasına, həmçinin sahibkarlıq subyektlərinin büdcəyə vergi ödənişləri həcminin artmasına müsbət təsir göstərir.

Bütün bunlar isə müasir bank sektorunun formalaşmasına, ödəniş və kredit infrastrukturunun yeni bir keyfiyyətdə inkişafına səbəb olacağına, debitor və kreditorlar arasındakı münasibətlərin xarakterini əsaslı şəkildə dəyişəcəyinə əminlik yaradır.

V. BAYRAMOV,
“Xalq qəzeti”

15 2020 10:16 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə