Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suriyada gərginlik səngimir

Suriyanın şimalında, xüsusən İdlib ətrafında vəziyyət gərgin olaraq qalır. Türkiyə ordusunun dünən həyata keçirdiyi əməliyyat nəticəsində Suriya rejiminin daha 63 əsgəri məhv edilib. Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. İnformasiyanı “Anadolu” verib. 
Məlumata görə, ərazidəki son vəziyyət Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Yaşar Gülərin rusiyalı həmkarı Valeri Gerasimovla telefon söhbəti zamanı da müzakirə edilib. Tərəflər İdlib ətrafındakı vəziyyət, Suriyada gedən son proseslər, eləcə də ikitərəfli məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. 
Türkiyə Silahlı Qüvvələri İdlibdəki deeskalasiya zonasındakı müşahidə məntəqələrinin yerləşdiyi rayonlara xüsusi təyinatlı qüvvələr göndərib. Türkiyə Suriya ilə sərhədə reaktiv döyüş sistemləri də yerləşdirib. 
Xatırladaq ki, Suriyanın hökumət qüvvələrinin İdlibdəki Türkiyə ordusuna məxsus müşahidə məntəqələrini atəşə tutması nəticəsində bu yaxınlarda 12 hərbçi həlak olub. Cavab hücumları nəticəsində Suriyanın, ümumilikdə, 400-dən çox hərbçisi öldürülüb.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Kristofor Robinson da Suriyadakı vəziyyətə toxunaraq bildirib ki, Birləşmiş Ştatlar Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını bütün ciddiliyi ilə başa düşür: “Müəyyən məsələlərlə bağlı Türkiyə ilə aramızda fikir ayrılığı olsa da, əməkdaşlığımızı davam etdiririk, çünki onların təhlükəsizlik problemlərinə ciddi yanaşırıq”. 
Robinson Senatın xarici siyasət komitəsində çıxışı zamanı deyib ki, Türkiyə NATO-nun çox vacib müttəfiqi, regional təhlükəsizlik məsələsində həlledici oyunçudur. “Türkiyə Suriyada xeyli hərbçisini itirib. Rusiyanı Suriya üzrə razılaşmalar çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırırıq”. 
Türkiyənin Müdafiə naziri Hulusi Akar NATO-nun Brüsseldəki mənzil-qərargahında ABŞ-dan olan həmkarı Mark Esperlə görüşüb və onunla Suriyadakı son durumu müzakirə edib. Akar ABŞ və NATO-nun vəziyyətin nizamlanmasına daha konkret töhfələr verməsinin vacibliyini bildirib. 
Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

15 2020 10:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə