Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

R. T. Ərdoğanın Pakistan səfəri

Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan bu il 13-14 fevral tarixlərində Pakistanda rəsmi səfərdə olub. Dövlət başçısı Pakistan rəsmiləri ilə  bir sıra aktual məsələləri geniş müzakirə edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Prezidentini İslamabad aeroportunda Pakistanın Baş naziri İmran Xan şəxsən özü qarşılayıb. Türkiyə lideri ilə Pakistan hökumətinin başçısı arasında əvvəlcə təkbətək, sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş olub. Tərəflər regiondakı mövcud vəziyyət və iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin daha da genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparıblar. 
Türkiyə tərəfdən danışıqlarda xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii resurslar naziri Fatih Dönməz, xəzinədarlıq və maliyyə naziri Berat Albayrak, ticarət naziri Ruhsar Pekcan, nəqliyyat və infrastruktur naziri Cahid Turxan və başqaları iştirak ediblər. 
Fevralın 13-də R.T.Ərdoğan ilə Pakistan Prezidenti Arif Alvi arasında görüş olub. Pakistan Prezidenti Türkiyə dövlətinin regionda sabitliyin və təhlükəsizliyin qorunmasında rolunu yüksək dəyərləndirib. 
Dünən Türkiyə Prezidenti Pakistan parlamentində geniş nitq söyləyib. R.T.Ərdoğan müasir dünyanın çağırışlarını nəzərə alaraq, müsəlman dövlətləri arasında birlik və həmrəyliyin gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. 
Türkiyə Prezidenti çıxışında deyib ki, Pakistan dövləti və xalqı Türkiyənin regionda tarixən ən yaxın dostlarından biridir  və heç bir qüvvə bu dostluğa zərər vura bilməz. 
Pakistan mediası Türkiyə dövlətinin başçısının Pakistana səfərini geniş işıqlandırıb. 
M.HACIXANLI, 
“Xalq qəzeti” 

15 2020 10:03 -

Köhnə versiyamızdan xəbərləri izlə