Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncədə “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

Hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Vəfa Abbasova çıxışında ölkəmizdə formalaşan nümunəvi dövlət-din münasibətlərinin, dini sahədə sabitliyə nail olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Vəfa Abbasova onu da vurğulayıb ki, Gəncədə dini durum sabitdir.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi dini siyasəti beynəlxalq ictimaiyyət müsbət qarşılayır, digər dövlətlərə model kimi tövsiyə edir. Bu da sübut edir ki, ölkə rəhbərliyinin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu özünü tam doğruldur. Səyyad Salahlı vurğulayıb ki, bunu dini əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlarımız gündəlik həyatlarında da hiss edirlər.

Dövlət Komitəsi sədrinin birinci müavini onu da diqqətə çatdırıb ki, Azərbaycanın dövlət-din münasibətləri modeli digər ölkələrə nümunə göstərilir: “Azərbaycan dünyəvi dövlətdir. Yəni Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır. Amma bu dövlətin dinə qarşı olduğu anlamına da gəlmir. Əksinə, beynəlxalq hüquq normalarına söykənən qanunlarımız millətindən asılı olmayaraq, hər bir vətəndaşın dini etiqad azadlığını tanıyır. Qanunla hər kəsə öz iradəsiylə istədiyi dini seçməyə və azad şəkildə ibadət etməyə icazə verilir”,-deyə S.Salahlı əlavə edib.

Gəncə Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri Gülsüm Fətəliyeva, Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov, Gəncə Şəhər İH-nin əməkdaşı Həsən Məmmədov və digər tədbir iştirakçıları çıxışlarında mövzunun əhəmiyyətindən danışıblar. İkigünlük seminar-müşavirə müzakirələrlə başa çatıb.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

14 2020 12:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2020 | 16:37
Neftdən nə xəbər?!

Köhnə versiyamızdan xəbərləri izlə