Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: Bizim apardığımız siyasət xalqımızın maraqlarına cavab verir

Prezident İlham Əliyev: Bizim apardığımız siyasət xalqımızın maraqlarına cavab verir

Könüllülər hərəkatı, əslində, ölkəmizdə “ASAN xidmət” mərkəzlərində başlamışdır. Əsas vəzifə ondan ibarət idi ki, ölkəmizin gənc istedadlı sakinləri bu işlərə qoşularaq vətəndaşlara kömək göstərsinlər, Azərbaycanda Könüllülər hərəkatı başlasın və bu sahədə ciddi irəliləyiş olsun. Çünki “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, əslində, Könüllülər hərəkatına da təkan vermişdir. Ancaq ondan sonra Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti çox geniş vüsət almışdır. 
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
Kürdəmir, 12 fevral 2020-ci il


Dövlət başçımızın Kürdəmir səfəri barədə hazırladığımız materialın əvvəlində hələ fevralın 4-də şahidi olduğumuz bir toplantıda eşitdiyimiz ifadələri yada salmaq istərdim. Belə ki, həmin gün “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev demişdir ki, dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır.
Prezident xatırlatmışdır ki, əvvəlki üç proqram çərçivəsində böyük işlər görülmüşdür. Ancaq hələ də görüləsi işlər çoxdur: “Hesab edirəm ki, dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır”.
Fikrimizcə, cənab Prezidentin tez-tez bölgələrə səfər etməsi də məhz ölkəmizin gələcək inkişafını təmin etməli olan plan, proqram və layihələrin icra səviyyəsi ilə bilavasitə yerində tanış olmaq məqsədini daşıyır. Dövlət başçımızın Kürdəmir səfərinin gündəliyi də elə bu arqumentin nə qədər həqiqi olduğunu sübut edirdi. 
Təbii ki, regionların sosial-iqtisadi inkişafı dedikdə, yada düşən ilk məqam yol infrastrukturunun yenilənməsi, müasir yol qovşaqlarının, körpülərin salınması, kənd yollarının bərpa edilməsi istiqamətində həyata keçirilən tədbirlər olur. Bu məsələ ulu öndər Heydər Əliyevin də diqqət mərkəzində olub, Prezident İlham Əliyev də onu daim gündəlikdə saxlayır. 
Dövlət başçımız fevralın 12-də -- Kürdəmirdə olarkən rayonun Pirili -- Muradxan --Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonrakı açılışında iştirak etdi və bildirdi ki, onun sərəncamına əsasən, son dövrlərdə Kürdəmir rayonunda investisiya xərcləri hesabına 3 yol layihəsi icra olunub. Həmin layihələrdən birincisi 33 kilometrlik Pirili –Muradxan--Sor-Sor yoludur. Bu yol öz başlanğıcını 2 nömrəli Bakı --Kürdəmir --Yevlax avtomobil yolundan götürən və respublika əhəmiyyətli Ağsu --Kürdəmir--İmişli yoluna birləşir. İkinci yol layihəsi isə 37 kilometrlik Karrar --Böyük Kəngərli yolu olub. Bu yol 7 yaşayış məntəqəsinin 6 min əhalisinə xidmət edir. Bu da indiyə qədər torpaq yol olub, nə asfalt, nə də çınqıl örtüyü görüb. Yolun bərpası zamanı hətta ötən əsrin 60-cı illərində tikilmiş körpü də yenidən qurulub. Üçüncü yol isə Kürdəmiri Ağsu yolu ilə birləşdirir. Bu yol 8 min nəfərin yaşadığı 7 yaşayış məntəqəsinə xidmət göstərir.
Görülmüş işlərlə tanış olan dövlət başçımız elə oradaca bütün kürdəmirlilərin sevincinə şərik olan tapşırıq verdi: “Kürdəmir rayonunda yolların təmiri ilə bağlı işlər aparılıb, amma hələ də, təqribən, yolların 50 faizinin vəziyyəti yaxşı deyil. Biz gərək onları da düzəldək. Qalan yarısını da gərək yaxın bir neçə il ərzində başa çatdıraq”. 
Başqa bir məqama diqqət yönəldək. Bu gün Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri də qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının inkişaf etdirilməsidir ki, bu məsələ də dördüncü Dövlət Proqramında xüsusilə qabardılır. Prezidentin Kürdəmirdə “Qlobal Aqro” MMC-nin aqroparkının açılışında iştirakı da bu məqsədə xidmət edir. Xatırladaq ki, Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdəndir. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan səmərəli istifadə mexanizmlərini də üzə çıxarır. Ölkəmizdə yeni yaradılan aqroparklardan biri də “Qlobal Aqro” MMC-nin aqroparkıdır.
Dövlətimizin başçısına məlumat verildi ki, “Qlobal Aqro” MMC-nin rayonun Karrar qəsəbəsi və Pirili kəndi ərazisində yerləşən aqroparkı iki min hektardan çox sahəni əhatə edir. Ümumi dəyəri 30 milyon manat olan müəssisənin yaradılmasına 1 milyon manat güzəştli kredit verilib, 8,1 milyon manat dövlət əsaslı vəsaiti qoyulub. O cümlədən ərazidə aparılan meliorasiya işlərinə 7,9 milyon manat, elektrik və qaz təminatının hər birinə 100 min manat vəsait sərf olunub, 600 min manat vəsaitə qənaət edilib. Müəssisədə ölkəmizlə yanaşı, Türkiyə və Belçika şirkətlərinin istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb. İndiyədək 60 hektar sahənin suvarılması üçün ən müasir suvarma qurğusu, 27 ədəd texnika və aqreqat alınıb. Aqroparkda 18 min tonluq saxlama anbarı və gücü saatda 10 ton olan toxumçeşidləmə – qablaşdırma sahəsi, ofis və laboratoriya binaları, texnika üçün talvar tikilib. Ötən il 942 hektarda arpa, 128 hektarda buğda, 30 hektarda bostan bitkiləri əkilib. Hələlik burada 17 nəfər işlə təmin olunub və yaxın vaxtlarda 60-dan çox iş yerinin yaradılması nəzərdə tutulur.
Prezidentin Kürdəmirdə iştirak etdiyi üçüncü tədbir isə bu gün dünyaya Azərbaycan brendi kimi təqdim edilən iki layihənin – “ASAN xidmət”in və Könüllülər proqramının daha da genişləndirilməsinə xidmət edir. Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat verdilər ki, Kürdəmir “ASAN həyat” kompleksinin tikintisinə 2018-ci ilin iyun ayında başlanılıb. 2020-ci ilin fevral ayında tikinti başa çatıb. “ASAN həyat” kompleksi üçün ayrılan 2,055 hektar ərazidə inzibati bina, uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, 124 yerlik çay evi, 80 və 108 yerlik yay kafeləri, 64 yerlik yığılıb-sökülən yay kafesi, 12 yerlik kinoteatr, 191 yerlik restoran və “ABAD food hall” yaradılıb.
 Bildirildi ki, mərkəzdə əməkdaşların sayı 259, könüllülərin sayı isə 45 nəfər olması nəzərdə tutulur. Kompleksdəki regional “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 320 xidmət həyata keçiriləcək. Bu mərkəzdə Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 min 400-dən çox sakinlə yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstəriləcək.
“ASAN xidmət” əməkdaşlarının və könüllülərin çıxışlarını diqqətlə dinləyən dövlət başçımız qeyd etdi ki, könüllülər hərəkatı, əslində, ölkəmizdə “ASAN xidmət” mərkəzlərində başlamışdır: “Əsas vəzifə ondan ibarət idi ki, ölkəmizin gənc istedadlı sakinləri bu işlərə qoşularaq vətəndaşlara kömək göstərsinlər, Azərbaycanda Könüllülər hərəkatı başlasın və bu sahədə ciddi irəliləyiş olsun. Çünki “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, əslində, Könüllülər hərəkatına da təkan vermişdir. Ancaq ondan sonra Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti çox geniş vüsət almışdır. Ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda, o cümlədən birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında könüllülər çox fəal rol oynamışlar və bu oyunların uğurla keçirilməsində böyük dərəcədə öz xidmətlərini göstərmişlər”.
Xatırladaq ki, bu gün Azərbaycan könüllülərinin fəaliyyəti daha genişmiqyaslıdır. Həm vətənpərvərlik, ekoloji tarazlıq mövzularında keçirilən tədbirlərdə, həm də incəsənət, mədəniyyət və digər sahələrdə könüllülər çox fəaldırlar. Eyni zamanda, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti önəmlidir. Təsadüfi deyil ki, dünyanın mötəbər beynəlxalq təşkilatları, o cümlədən BMT və digər təşkilatlar həm “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirir, həm də Azərbaycanda yaranmış və inkişaf edən Könüllülər hərəkatına yüksək dəyər verirlər. 
Dövlət başçımızın Kürdəmirdə iştirak etdiyi əsas tədbirlərdən biri də “Azərxalça” ASC-nin Kürdəmir filialının istifadəyə verilməsi oldu. Həmin obyektin açılması qədim sənət nümunələrimizdən olan xalçaçılığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, yerli fermerlərin istehsal etdiyi yun məhsulunun satılması, rayon büdcəsinə gəlir gətirilməsi, Azərbaycan brendi adıyla xaricə ixrac olunacaq məhsullarımızın çoxalması və digər səbəblərdən olduqca əhəmiyyətli idi. 
Ən başlıcası, cənab Prezident Kürdəmirdə olarkən dedi: “Azərxalça”nın fabriki bu gün açılır. Bir neçə aqropark fəaliyyət göstərir. Əsaslı təmirdən çıxmış Mərkəzi Rayon Xəstəxanasının da mənim iştirakımla açılışını etmişik. Olimpiya İdman Mərkəzi, Gənclər evi inşa edilib. Yəni, belə obyektlərin sayı çoxdur. Otuzdan çox məktəb əsaslı təmir edilib. Amma görüləsi işlər də çoxdur. Ona görə dördüncü regional inkişaf proqramının uğurlu icrası nəticəsində hesab edirəm ki, bir dənə də olsun infrastruktur problemi qalmamalıdır”.

 

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

13 2020 22:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə