Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq şairi Fikrət QOCA: Yeni seçilmiş parlament xalqımızın ümidlərini doğruldacaq

Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkinin xalqımızın arzu-istəklərinə uyğun, beynəlxalq tələblər səviyyəsində, demokratik şəraitdə başa çatması ölkəmizin nüfuzlu ziyalılarında dərin məmnunluq yaradıb, daha xoş sabahımızla bağlı yeni ümidlər doğurub. Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca duyğu-düşüncələrini belə ifadə etdi:

– Gələn il Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 30 illiyi tamam olacaq. Ötən dövrdə siyasi və iqtisadi sistemimiz tamamilə dəyişib və ildən-ilə demokratikləşib. Sosial-mədəni həyatımız isə dövlət müstəqilliyinin yaratdığı tarixi əsaslar üzərində daha da milliləşib, mükəmməlləşib. Bütün bunlar xalqımızın tarixi xoşbəxtliyinin ciddi əsaslarını yaradıb.

 Əldə edilmiş nailiyyətləri davam və inkişaf etdirmək, müstəqilliyin yetirməsi olan nəsli bu prosesə daha fəal qoşmaq üçün Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin idarəetmə orqanlarında dərin struktur islahatları gerçəkləşdirilir. Bu günlərdə uğurla başa çatmış parlament seçkisi marafonu da bu islahatın zəruri bir həlqəsi olaraq qanunverici hakimiyyətdə yeniləşmə və çevik fəaliyyətə zəmin yaratdı.

 Dostlarımızın, eləcə də düşmənlərimizin diqqət mərkəzində olan bu siyasi imtahandan ölkəmizin üzüağ çıxması bizi istəyənləri sevindirdi, bədxahlarımızı isə yenidən məyus etdi. Biz ziyalılar xalqımızla bir yerdə bir daha gördük ki, dostumuz kimdir, düşmənimiz kim. Azərbaycanın müstəqillik yolu ilə inamla irəliləməsi, irili-xırdalı problemlərini öz gücü ilə aradan qaldırması dünyada ağalıq edən dairələri daim məyus edir. Onlar xalqımızın öz haqlarının, sərvətlərinin sahibi olması ilə barışmaq istəmirlər. Belə bədnam siyasətin qanlı “ərəb baharı” adlı məsuliyyətsiz “inqilablarının” faciələri hələ də bitib-tükənmir.

 Düşmənlər Azərbaycanı belə bir girdaba yuvarlatmaq üçün ölkəmizi içəridən parçalamaq, bəzi xain və dönüklərin əli ilə aranı qarışdırmaq üçün son vaxtlar daha çox dəridən-qabıqdan çıxırlar. Bu baxımdan onlar ölkəmizdəki ümummilli aksiyaları, siyasi hadisələri pozuculuq alətinə çevirməyə çalışırlar. Lakin Azərbaycan iqtidarı ilə xalqın birliyi, cəmiyyətin belə fitnə-fəsadların mahiyyətini ayıqlıqla anlaması beynəlxalq aləmdəki pozucu dairələrin niyyətlərini gözlərində qoyur. Bu dəfə də belə oldu.

 Artıq başa çatmış seçki, əvvəla, Azərbaycanın demokratik inkişaf sahəsində çatdığı yüksək səviyyəni göstərdi. İkincisi, xalqla iqtidarın eyni məram və məsuliyyət ətrafında həmrəyliyi bütün dünyaya nümayiş etdirildi. Nəhayət, ölkəmizi yeni nailiyyətlərə qovuşduracaq ümummilli siyasətin qanunvericilik təminatını gerçəkləşdirəcək yeni xalq elçiləri korpusu formalaşdırıldı.

 Xalq şairi Fikrət Qoca sonda dedi:

– Təcrübəli parlamentarlarla yeni nəslin yetirməsi olan siyasətçilərin uğurlu tandemi yeni parlamentin xalqın ümidlərini yüksək səviyyədə doğruldacağına dərin inam yaradır. Mən gərgin siyasi yarışmada qalib gəlmiş, seçicilərin daha böyük inamını qazanaraq deputat mandatına layiq görülmüş yeni xalq elçilərini ürəkdən təbrik edirəm.

 Yerdə qalan namizədlər isə ruhdan düşməyərək, ölkənin siyasi həyatına yeni töhfələrini verməli, gələcək qələbələri yolunda nüfuzlarını daha da artırmalıdırlar. Demokratik şəraitdə, xalqın fəal iştirakı ilə yeni Milli Məclisin formalşdırılması hamımızın qələbəsidir.

Hazırladı:
T.RÜSTƏMOV, “Xalq qəzeti”

 

 

13 Fevral 2020 21:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə