Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yalan və böhtan seçkinin nəticəsinə xələl gətirə bilməz

Azərbaycanda parlament seçkiləri gözlənildiyindən artıq fəal, ruh yüksəkliyi və aşkarlıq şəraitində keçdi. İndiyədək öz rəyini açıqlayan yüzlərlə beynəlxalq müşahidəçi də qeyd edir ki, müstəqillik tarixi bir o qədər də çox olmayan Azərbaycan demokratik, şəffaf seçki keçirməkdə inkişaf etmiş bir çox dövlətlərə nümunə göstərdi. Seçkiyə hazırlıq işlərinin yüksək səviyyədə aparılması, mükəmməl hüquqi baza, siyasi əqidəsindən, mövqeyindən asılı olmayaraq hər bir ölkə vətəndaşına bərabər səviyyəli seçmək və seçilmək şansının verilməsi özünü açıq şəkildə göstərdi. 

İnsan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyi və demokratik dəyərlərin bərqərar olması mühüm fundamental prinsiplər kimi sivil inkişaf yolu tutmuş ölkələr üçün prioritet məsələlərdəndir. Bu məsələlərdə demokratik və ədalətli seçki mühüm əhəmiyyət kəsb edir. 
Azərbaycan da dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik inkişaf yolunu seçdi və bu sistemin hərtərəfli inkişaf etdirilməsi, daha da təkmilləşdirilməsi istiqamətində mütərəqqi islahatlar həyata keçirildi. Əsasını ulu öndər Heydər Əliyev qoyduğu demokratik inkişaf yolunun ­Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, dünyada yetkin demokratiya olan ölkələrin təcrübəsinin yaxından öyrənilməsi, mükəmməl qanunvericilik aktlarının qəbul edilməsi sayəsində respublikamız daha zəngin hüquqi baza yaratmağa nail oldu. Seçkilər sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq, demokratik Seçki Məcəlləsinin qəbul edilməsi, seçkidən –seçkiyə daha da təkmilləşdirilməsi sayəsində xeyli müsbət təcrübə qazanıldı. Üstəlik, bir çox sahələrdə, məsələn şəffaflığın təmin olunmasında, seçicilərin səsvermədə iştirakının daha da asanlaşdırılmasında və digər sahələrdə inkişaf etmiş dövlətlərə nümunə olduq. 
Təsadüfi deyil ki, ABŞ, Fransa, İspaniya, Almaniya kimi inkişaf etmiş dövlətlərdən gəlmiş beynəlxalq müşahidəçilər ölkəmizin seçki sistemindəki yeniliklərin öz ölkələrində də tətbiq edilməsi istəklərində olduqlarını etiraf ediblər. Bu etiraf sonuncu parlament seçkilərində də bir daha özünü büruzə verdi. 
 Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra – 1991-ci ildən bəri ölkəmizdə çoxsaylı seçkilər keçirilib. İndiyədək bütün seçkilər beynəlxalq müşahidəçilər tərəfindən layiqli qiymətini alıb. 1992- ci ildə keçirilən növbədənkənar prezident seçkiləri hər birimizin yadındadır. Çox tələsik və primitiv, qeyri-demokratik seçkilər kimi yadaşlara həkk olunan həmin seçkilər zamanı hakimiyyəti əlində saxlamağa çalışan AXC-Müsavat cütlüyü açıq saxtakarlıq edərək öz namizədini zor gücünə prezident “seçdirdi”. Həmin seçkilərdə namizədlərdən biri seçkinin nəticələrinin saxtalaşdırılmasına dair çoxlu fakt ortaya qoysa da, onu dinləyən olmadı. Bu da seçkilərin demokratik əsasda baş tutmamasına dəlalət edirdi. Ona görə də həmin hakimiyyətin ömrü uzun olmadı. 
1993-cü ilin oktyabrında müstəqil Azərbaycanın tarixində ilk demokratik prezident seçkisi keçirildi. Bu seçki respublikamız üçün böyük və tarixi hadisə idi. Çünki XX əsrin sonlarında yenidən müstəqlliyinə sahib çıxmış Azərbaycanda ilk dəfə olaraq, xalqın siyasi iradəsi tam ortaya qoyulmuşdu. Nəticədə, həmin vaxtdan başlayaraq, beynəlxalq standartlara uyğun seçki təcrübəsi formalaşdı. O vaxtdan indiyə qədər keçirilən demokratik seçki ənənəmiz beynəlxalq ictimaiyyətdə müsbət imicin yaranmasına səbəb olub. 1993-cü ildən indiyə qədər altı prezident, beş parlament və beş bələdiyyə seçkiləri keçirmişdir. O ölkəmiz bu gün artıq dünyada demokratik, azad, şəffaf və ədalətli seçki keçirməyə qadir olduğunu sübut edib. 
Prezident İlham Əliyevin 2005-ci il mayın 11- də və həmin il oktyabrın 25-də imzaladığı “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” və “Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamları ölkəmizdə keçirilən seçkilərin demokratikliyinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etdi. Sərəncamlardan sonra seçki praktikasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliliyinin artırılması, Seçki Məcəlləsinin müddəalarının seçkilərə hazırlıq dövründə və səsvermə günü tam və qeyd-şərtsiz həyata keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Bütün bunlar sonuncu parlament seçkilərinin beynəlxalq standartlar səviyyəsində keçirilməsində mühüm əhəmiyyət kəsb etdi.
Fevralın 9- da keçirilən seçkilər əvvəlkilərdən xeyli fərqləndi. İlk növbədə, iddiaçıların və seçkiyə qatılmış siyasi partiyaların sayına görə. İndiyədək keçirilən seçkilərin heç birində 2 min 431 nəfər deputat mandatı qazanmaq istəyində olmamışdı. Nəhayət, öz istəyi ilə namizədliyini geri götürənlərdən sonra 1314 nəfər namizəd mübarizə apardı. Bu da bir yer uğrunda 11 nəfərdən çox iddiaçının olması demək idi. 
Təbii ki, hər hansı bir mübarizədə – həm seçkilərdə, həm idman yarışlarında, həm də müsabiqələrdə qaliblər və məğlublar olurlar. Parlament seçkilərində də bunun şahidi olduq. Nədənsə, bəzi məğlublar hələ də səmimi etiraf mədəniyyətinə mükəmməl yiyələnə bilməyiblər. Onlar ölkəmizdə demokratik seçki ənənəsinə xələl gətirmək istəyən, respublikamızın müstəqil xarici siyasət yeritməsini və dünya birliyinə sürətli inteqrasiyasını həzm edə bilməyən ermənipərəst qüvvələrin və ya ikili standart aludəçilərinin yalan və böhtanla dolu qərəzli hesabatlarını əsas tutaraq, minbir oyundan çıxırlar. Ancaq unudurlar ki, deputatı xalq seçir, ölkəmizə qarşı qərəzli olan bəzi beynəlxalq təşkilatlar yox.
Qeyd etdiyimiz kimi, seçkiləri izləmək üçün 58 ölkə və 59 beynəlxalq təşkilatdan gəlmiş 883 beynəlxalq müşahidəçidən hələ ki, heç biri qanun pozuntusu, saxtakarlıq və digər qanunazidd əməllərlə qarşılaşdıqları barədə rəy verməyib. Yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət beynəlxalq seçki müşahidə missiyasının hazırladığı hesabatda guya belə halların mövcudluğu öz əksini tapıb. Bu məruzənin hələ seçkidən xeyli əvvəl hazırlandığı açıq şəkildə özünü göstərir. 
Ötən seçkilərdə olduğu kimi, bu dəfə də ATƏT sonadək obyektiv və ədalətli ola bilmədi. Bəzi faktlar da bunu təsdiqləyir. Məsələn, qərəzli məruzəni təqdim edən ATƏT-in qısamüddətli seçki müşahidə missiyasının xüsusi koordinatou Artur Gerasimov fevralın 9- da seçkinin gedişini izlədikdən sonra kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində deyib: “Səsvermənin gedişində indiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam. Biz ( yəni, ATƏT-in müşahidəçiləri -- Ə.B.) seçkilərdən əvvəl Mərkəzi Seçki Komissiyasının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının, partiyaların təmsilçiləri ilə görüşmüşük, kifayət qədər məlumatımız var. Hazırda bizim nümayəndələrimiz bütün ölkə üzrə seçkiləri müşahidə edirlər. Hələ ki, ciddi qanun pozuntusu barədə məlumat yoxdur”.
Başqa bir fakt. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) nümayəndələri 81 saylı Beyləqan seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçkiləri müşahidə ediblər. Həmin müşahidəçilərdən biri – Halogh Noranın dediklərindən: “Hər şey yaxşıdır, neqativ hal qeydə alınmayıb. Hər şey qaydasındadır”.
ATƏT DTİHB-in digər müşahidəçisi Pavel Kuznatsov da seçicilərin aktivliyinin normal olduğunu, qanun pozuntusu ilə qarşılaşmadığını deyib.
Seçkidən əvvəl ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyası Azərbaycanda 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı yaydığı aralıq hesabatı ilə fevralın 10-da keçirdikləri mətbuat konfransında təqdim etdikləri hesabatlar da bir-birinə ziddir. Məsələn, aralıq hesabatında qeyd edilir ki, Seçki Məcəlləsi beynəlxalq seçki müşahidəsi üçün imkan yaradır. Vətəndaşlar fərdi olaraq və ya seçki sahəsində çalışan qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin namizədlərin və siyasi partiyaların nümayəndələri müşahidəçi kimi qeydiyyatdan keçə bilərlər. Bəzi vətəndaş cəmiyyəti təşkilatları uzunmüddətli və qısamüddətli müşahidəçilər göndərməklə yanaşı, seçki prosesi zamanı pulsuz hüquqi yardım da göstərirlər. DSK-nın imza vərəqələri ilə bağlı qərarlarından verilən 10 şikayətin 8-i təmin edilib. Ümumilikdə, bu günə qədər heç bir namizəd araşdırma prosesi ilə bağlı narahatlıq ifadə etməyib.
Hesabatda müşahidə missiyasının hər hansı qanun pozuntusu ilə qarşılaşmadığı öz əksini tapıb. Seçki günü müşahidə aparan nümayəndələr də hər hansı qanun pozuntusu ilə qarşılaşmadıqlarını söyləyiblər, hətta bildirilir ki, həmin gün havanın soyuq olmasına baxmayaraq, seçici aktivliyi diqqəti cəlb edirdi. Bütün bunlardan sonra nə baş verdi ki, həmin qurumun yaydığı hesabatınada qeyd edilənlər deyilənlərlə üst-üstə düşmədi? 
Heç kim demir ki, seçkilərdə hansısa qanun pozuntusu baş verməyib. Qeyd etdiyimiz kimi, bu vaxta qədər dünyanın heç bir ölkəsində nöqsansız seçki keçirilməyib. Budəfəki parlament seçkilərində də pozuntular baş verib. Ancaq bunun da üstündən sükutla keçilmir. Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, sosial şəbəkələrdə paylaşılan görüntülər, şikayətlər ciddi araşdırılır və bilərəkdən qanun pozuntusuna yol verənlərin cəzalandırılacaqları, hətta həbs olunacaqları da istisna edilmir. Araşdırmanın sonuna səbri çatmayan bəzi məğlubların “Mən qalib gəlmişəm”- deyərək yersiz haray salmaları, kimlərinsə sifarişlərini yerinə yetirmələri başa düşüləndir. Biz əvvəlki seçkilərdə də bunun şahidi olmuşuq. Seçicilərin etimadını qazana bilməyənlər günahı özlərində yox, iqtidarda axtarırlar. 
Seçki sınaq, imtahan meydanıdır. Bu imtahandan alnıaçıq, üzüağ çıxmaq üçün hər bir namizəd özünü seçicilərinə daha yaxından tanıtmalı, reallığı əks etdirən vədlər verməli, inam qazanmalıdır. Ümumilikdə, 1314 iddiaçının olması seçkilərə etimadın göstəricisidir. Bu, indiyə qədər görünməmiş saydır. Beynəlxalq müşahidəçilər də qeyd edirlər ki, seçki sakit keçdi, heç bir gözlənilməz, xoşagəlməz hadisə baş vermədi. Məğlubların isə qərəzli və böhtançı təşkilatların yalanlarına arxayın olub yersiz səs-küy salmalarının heç bir əhəmiyyəti yoxdur. Unutmamalıyıq ki, yalan və böhtan seçkinin nəticəsinə xələl gətirə bilməz.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

13 Fevral 2020 21:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə