Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görkəmli dövlət xadimləri də 9 fevral seçkilərini yüksək qiymətləndirirlər

Görkəmli dövlət xadimləri də 9 fevral seçkilərini yüksək qiymətləndirirlər

Ötən illər ərzində böyük nailiyyətlər əldə olunub. Lakin həyat öz şərtlərini diktə edir. Dünyada, bizim regionda, iqtisadi sahədə şərait dəyişir, yeni çağırışlar meydana çıxır. Ona görə biz buna hazır olmalıyıq və vaxt itirməməliyik. Bu səbəbdən hökumətin, Prezident Administrasiyasının, mərkəzi və yerli hakimiyyət orqanlarının yenilənməsi, kadr islahatları parlamentdən yan keçə bilməzdi. Xüsusən də mahiyyətcə, seçkiləri bir neçə ay irəli çəkməklə biz vaxta qənaət etdik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Son zamanlar regionda və dünyada gedən ictimai-siyasi proseslər fonunda müşahidə etdiyimiz faktlar barədə söz açarkən, iki məqamı xüsusilə qeyd etmək olar. Birincisi odur ki, Azərbaycanda reallaşdırılan layihələrin və ya siyasi kampaniyaların hamısı getdikcə daha çox dairələr tərəfindən izlənilir. İkincisi isə ondan ibarətdir ki, son zamanlar Azərbaycan dövlətinin maraq və mənafelərini ifadə edən bəyanatlarla, təqdiredici fikirlərlə daha çox rastlaşırıq. Ölkəmizdə keçirilmiş 9 fevral parlament seçkiləri də həm daha çox dairələrin marağında idi, həm də seçkinin nəticələrini təqdir edən bəyanat və rəylər əvvəlki seçkilərə nisbətən daha çox oldu.

Bu da səbəbsiz deyildi. Çünki bu seçkilər adi siyasi kampaniya deyil, dövlət başçımızın elan etdiyi və hər addımda icra olunan əsaslı islahatlar prosesinin mühüm tərkib hissələrindən biri idi. Azərbaycan Respublikası Prezidentinin köməkçisi -- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu seçkiləri izləmiş xarici müşahidəçilərin rəyləri ilə bağlı sualları cavablandırarkən deyib ki, növbədənkənar parlament seçkiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar siyasətinin tərkib hissəsidir və Azərbaycan xalqı seçkilərdə bir daha öz iradəsini ifadə etdi. Onun fikrincə, seçkilərdə 1300-dən çox namizədin qeydə alınması faktı həm Azərbaycan cəmiyyətində seçkilərə böyük marağın və ən əsası, inamın olmasının, həm də onun rəqabətli şəraitdə keçməsinin bariz nümunəsidir. Cənab Prezidentin dediyi kimi, “əgər inam olmasaydı, bu adamlar bəlkə də seçkilərə qatılmazdılar”.
Xatırladaq ki, artıq həm ölkə daxilində, həm də beynəlxalq aləmdə seçkinin dünya ictimaiyyəti üçün açıq elan edilməsi bilavasitə Prezident İlham Əliyevin iradəsinin göstəricisidir. Belə ki, Azərbaycan hökuməti yenə də xoş niyyət nümayiş etdirərək, parlament seçkilərini müşahidə etmək üçün qonşu dövlətlərdən tutmuş Latın Amerikasına qədər müxtəlif ölkələrə və Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlara dəvət göndərmişdi. Həmin müşahidəçilərin böyük əksəriyyətinin seçkidən sonra keçirdiyi mətbuat konfranslarında mən və redaksiyamızın 7-8 nümayəndəsi də iştirak edirdik. Məmnuniyyətlə deyə bilərəm ki, beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçirildiyini vurğuladılar.
Xüsusilə qeyd edilməli məqamlardan biri də o idi ki, Azərbaycanda keçirilmiş müxtəlif seçkilər barədə mənfi rəy səsləndirmək ənənəsi formalaşdırmış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun da budəfəki rəyi məzmunca siyasi bəyanat xarakteri daşımır və əsas vurğu prosedur-təşkilati məsələlərə yönəldilirdi. Yəni, çatışmazlıq kimi qələmə verilən məqamların, iradların əksəriyyəti məhz prosedur-təşkilati səciyyəlidir. Hikmət Hacıyevin fikrincə: “Onlar lokal xarakter daşıyır və ümumi nəticələrə şamil olunmur. Xüsusi olaraq vurğulamaq istərdim ki, bəzi müxalifət nümayəndələrinin iddia etdiyi kimi, DTİBH-nin rəyində parlament seçkilərinin nəticələrinin şübhə altına alınması məsələsi yoxdur”.
Bu da faktdır ki, istənilən siyasi kampaniya özündən sonrakı kampaniyaların daha mükəmməl keçirilməsinə zəmin yaradır. Yəni bu seçkinin hamının bəyəndiyi səviyyədə təşkil edilməsinin əsas səbəblərindən biri də ötən seçkilərdə qazandığımız təcrübələr olmuşdur. Eyni zamanda, bu seçki də özündən sonrakı seçkilərin daha qüsursuz keçirilməsinə kömək etmiş olacaq. Azərbaycan hökumətinin fikrincə, biz hər bir seçkini əvvəlki ilə müqayisədə tərəqqi, eyni zamanda, çatışmazlıqların aradan qaldırılması imkanı kimi görürük. 
Yeri gəlmişkən, təkcə beynəlxalq müşahidəçilər deyil, eləcə də, bir sıra ölkələrin dövlət və hökumət başçıları da seçkinin başa çatmasından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək və ya məktub göndərərək xalqın iradəsini əks etdirən nəticələr münasibətilə onu təbrik etmişlər. Məsələn, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək, ölkəmizdə keçirilən parlament seçkilərində Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının qələbə qazanması münasibətilə dövlətimizin başçısını təbrik etmiş, yeni parlamentə fəaliyyətində uğurlar arzulamışdır.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda da Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində qələbə qazanması təqdir olunur və dövlət başçımız bu münasibətlə təbrik edilir. Bu seçkiləri “Xalq səsverməsi” adlandıran Rusiya Prezidenti yekunların səbəbini də göstərir: “Xalq səsverməsinin yekunları Sizin başçılıq etdiyiniz partiyanın Azərbaycan vətəndaşları arasında nüfuzunun yüksək olduğunu əyani təsdiq etdi”.
Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi məktubda isə seçkidə qazanılan nəticələrin YAP-ın cəsarət və məsuliyyətinin ifadəsi olduğu bildirilir: “Yeni Azərbaycan Partiyasının qələbəsi partiyanızın cəsarət və məsuliyyətinin ifadəsi, Sizin bu partiyanın lideri kimi dövlətin və xalqın inkişafına verdiyiniz töhfənin təcəssümüdür. Aydın siyasi mövqeyinizi, tükənməz enerjinizi və işinizə bağlılığınızı yüksək qiymətləndirirəm. Azərbaycanın böyük müvəffəqiyyətlər əldə etməsi səmimi dostunuz kimi məni çox sevindirir”.
Gürcüstanın Baş naziri Giorgi Qaxaria da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək onu rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırmışdır.
Bir sözlə, bu seçkilər çox məqamları ortaya çıxartdı. Ən başlıcası isə ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycan dövlətində hakimiyyətin mənbəyinin xalq olduğu növbəti dəfə sübut edildi və məlum oldu ki, Azərbaycan xalqı seçkilər vasitəsilə qanunvericilik hakimiyyəti ilə bağlı öz münasibətini açıqlamağı bacarır. Dövlət isə öz növbəsində sübut etdi ki, bizim demokratik, azad, şəffaf seçki keçirməklə bağlı siyasi iradəmiz olub, var və gələcəkdə də olacaqdır. 

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

13 2020 21:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə