Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”nin təsdiq edilməsi barədə
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan  Respublikası  Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 1.1.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti   qərara alır:
1. “Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, həmçinin tabeliyində dövlət ümumi təhsil müəssisəsi olan orqanlar (qurumlar) bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 7 fevral 2020-ci il

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 7 fevral

tarixli 33 nömrəli Qərarı ilə

təsdiq edilmdir.

 

Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə

 

NORMATİVLƏRI

 

1. Ümumi müddəalar

 

1.1. Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə normativləri (bundan sonra – Normativlər) “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə uyğun olaraq dövlət ümumi təhsil müəssisələrinin büdcədən maliyyələş-dirilməsi xərclərinin proqnozlaşdırılması məqsədilə hazırlanmışdır.

1.2. Bu Normativlər Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrinin cari fəaliy-yətini həyata keçirmək üçün vahid büdcə təsnifatına uyğun büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədilə tətbiq edilir.

 

2. Maliyyələşdirmə normativlərinin hesablanması

 

2.1. Dövlət ümumi təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilən, müdafiə olunan xərc maddələri istisna olmaqla, cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının həddindən asılı olaraq müəyyənləşdirilir və xərclər aşağıdakı istiqamətlər üzrə aparılır:

2.1.1. “Əməkhaqqı” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə “Ştatda olan işçilərin əməkhaqqı”, “Ştatdankənar işçilərin əməkhaqqı” və “Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” xərcləri daxildir.

2.1.1.1. “Ştatda olan işçilərin əməkhaqqı” xərc normativinə ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavə və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya (pul təminatı) ilə bağlı xərclər daxildir.

2.1.1.2. “Ştatdankənar işçilərin əməkhaqqı” (ştatdankənar şəxslərə ödənilən haqq) xərc normativinə təşkilatların daimi ştatında olmayan, cari fəaliyyətlə bağlı müddətli əmək müqaviləsi əsasında işləyən işçilərə hesablanmış əməkhaqqının və mülki-hüquqi müqavilə əsasında cari fəaliyyətlə bağlı olmayan müddəti bəlli olan konkret işlərin (layihələrin, proqramların) yerinə yetirilməsi üçün cəlb olunan şəxslərə ödənilən haqla bağlı xərclər daxildir.

2.1.1.3. “Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” xərc normativinə işçilərə verilən mükafatlar, maddi yardımlar, həmçinin istirahət, bayram və ümumxalq hüzn günü işə çıxan işçilərə əlavə iş saatlarına görə verilən ödənişlərlə bağlı xərclər daxildir.

Təhsilverənlərin (pedaqoji işçilər), təlim-tərbiyə prosesində iştirak edən digər işçilərin və xidmətedici heyətin əməkhaqqı hədləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən Vahid Tarif Cədvəlinə uyğun müəyyənləşdirilmiş əməyin ödənişi dərəcələri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən müəyyən edilir.

Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ümumi təhsil müəssisəsində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxemi və məbləğləri “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarı ilə (əməkhaqqı artımı ilə bağlı dəyişikliklər nəzərə alınmaqla) müəyyən edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, təhsilin səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədilə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

2.1.2. “Əməkhaqqına ayırmalar” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə işəgötürənlərin “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” (bu sığorta növü tətbiq edilən ərazilərdə), “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən müəyyənləşdirilmiş hədlərdə sosial müdafiə ayırmaları üzrə xərcləri daxildir. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə ödənilir.

2.1.2.1. “Məcburi dövlət sosial sığorta haqları” xərc norma-tivinin hesablanması

Bu təyinat üzrə xərc normativinə müəssisədə çalışan işçilərin əməkhaqlarına hesablanan və ödənilən xərclər daxildir.

Normativin hesablanması:

Nmdssh = ƏHF * MDSSH

Burada, Nmdssh – illik məcburi dövlət sosial sığorta haqları norması (manatla), ƏHF – illik əməkhaqqı fondu, MDSH – işçilərin hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən miqdarda ödənilir.

2.1.2.2. “İcbari dövlət sığortası” xərc normativinin hesablanması

Bu təyinat üzrə xərc normativinə qanunvericiliyə uyğun olaraq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı xərclər daxildir.

Normativin hesablanması:

Nids = ƏHF * İDS

Burada, Nids – illik icbari dövlət sığortası norması (manatla), ƏHF – illik əməkhaqqı fondu, İDS – işçilərin hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə əmək müqaviləsi əsasında çalışan işçilərə hesablanmış əməkhaqqı fondunun “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 5 noyabr tarixli 200 nömrəli Qərarı ilə müəyyən edilmiş faizi miqdarında ödənilir.

2.1.2.3. “İşsizlikdən sığorta” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə işsizlikdən sığorta ilə bağlı xərclər daxildir.

Normativin hesablanması:

Nis = ƏHF * İS

Burada, Nis – illik işsizlikdən sığorta norması (manatla), ƏHF – illik əməkhaqqı fondu, İS – işçilərin hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən miqdarda ödənilir.

2.1.3. “Dəftərxana və təsərrüfat xərcləri” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə müxtəlif növ kağızların, o cümlədən faks, fotosurət üçün kağızların, rəsmxət və idarədə istifadə edilən dəftərxana və təsərrüfat ləvazimatlarının, mühasibat, statistik, kargüzarlıq blanklarının və müxtəlif cədvəllərin, poçt nişanlarının alınması, idarədə istifadə olunan bütün növ mal və materialların, printerlər üçün tonerlərin, katriclərin alınması, həmçinin bu qəbildən olan digər xərclər daxildir.

Normativin hesablanması:

Ndt = Sta* Syl * Qyl + DX

Burada, Ndt – dəftərxana və təsərrüfat xərclərinin illik norması (manatla), Sta – təhsilalanların sayı, Syl – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi” (bundan sonra – istehlak səbəti) əsasında hazırlan-mış minimum istehlak səbətinin formalaşdırılması və yaşayış minimumunun hesablanması metodikası (bundan sonra – Metodika) ilə müəyyən edilmiş, il ərzində orta hesabla adambaşına düşən yazı ləvazimatının sayı, Qyl – cari il üçün müəyyənləşdirilən yazı ləvazimatının satınalma qiymətlərinin yuxarı həddi, DX – illik dəftərxana və təsərrüfat xərclərinin 10 faizi həcmində digər xərclərdir.

2.1.4. “Mətbəə məhsulları üzrə xərclər” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dəftərxana işlərinin təşkili üzrə bütün növ forma, buklet, registrlər, mühasibat, statistik, kargüzarlıq blanklarının və müxtəlif cədvəllərin hazırlanması və çapı, mətbəə və nəşr ilə əlaqədar, həmçinin maarifləndirmə (təbliğat-təşviqat) və reklam xarakterli çap materiallarının (məhsullarının) hazırlanması və ya alınması xərcləri, mətbəə üçün sərfiyyat materiallarının (mətbəə avadanlıqları üçün katriclərin, tonerlərin və mətbəə üçün müxtəlif növ sərfiyyat materiallarının) alınması və bu qəbildən olan digər xərclər daxildir.

Normativin hesablanması:

Nmm = Sta * Smm * Qmm

Burada, Nmm – mətbəə xərclərinin illik norması (manatla), Sta – təhsilalanların sayı, Smm – Metodikaya əsasən il ərzində orta hesabla adambaşına düşən mətbəə məhsullarının sayı, Qmm – cari il üçün müəyyənləşdirilən mətbəə məhsullarının qiymətlərinin yuxarı həddidir.

2.1.5. “Yanacaq və sürtkü materiallarının alınması” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət ümumtəhsil mək-təblərində, habelə ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, xüsusi məktəblərdə və xüsusi internat məktəblərində, inteqrasiya təlimli internat tipli gimnaziya, sağlamlıq imkanları məhdud olan və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ümumtəhsil internat məktəblərində (bundan sonra – ÜİM) məxsus olan və ya icarəyə götürülmüş nəqliyyat vasitələrinə yanacaq və sürtkü materiallarının alınması ilə bağlı xərclər daxildir.

Normativin hesablanması:

Nys = Sn * Sy * Qy * Yn * Xs

Burada, Nys – illik yanacaq və sürtkü materiallarının alınması normativi (manatla), Sn – istifadəyə yararlı olan nəqliyyat vasitələrinin sayı, Sy – istifadəyə yararlı olan nəqliyyat vasitəsinin növündən asılı olaraq 100 km məsafə üçün yanacaq sərfiyyatı (sərfiyyat nəqliyyat vasitəsinin texniki pasportu və faktiki göstəriciləri əsasında müəyyənləşir), Qy. – yanacağın qiyməti, Yn – “Azərbaycan Respub-likasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləş-dirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin normaları”na (bundan sonra – aylıq yürüş həddi) uyğun il ərzində nəqliyyat vasitəsinin orta yürüş məsafəsinin 100 km-ə olan nisbətidir, Xs – aylıq yürüş həddinə uyğun olaraq yanacaq sərfinin baza xətt normalarına əsasən nəzərdə tutulmuş yanacaq xərcinin 10 faizi məbləğində sürtkü materiallarının (mühərrik yağı, əyləc mayesi, soyuducu və digər mayelər) alınması xərcidir.

Qeyd. Təhsil müəssisəsində müxtəlif növ nəqliyyat vasitəsi olduğu halda, həmin norma hər bir növ avtomobil üçün ayrılıqda hesablandıqdan sonra toplanır.

2.1.6. “Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət ümumi təhsil müəssisələri tərəfindən dərmanların, vaksinlərin, vitaminlərin, dezinfeksiyaedici vasitələrin alınması ilə bağlı xərclər daxildir. Dövlət ümumi təhsil müəssisəsinin bu xərcə olan tələbatı təhsil müəssisəsinin mövcud fəaliyyət istiqamətlərindən asılı olaraq müəyyən edilir. Bu xərc üzrə vəsait proqnozlaşdırılarkən, təhsil müəssisəsin fəaliyyət göstərən tibb məntəqəsinin mövcudluğu və müəssisənin faktiki sifarişi nəzərə alınır.

2.1.7. “Yumşaq inventar, yataq ləvazimatlarının və xüsusi geyimlərin alınması” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə ÜİM şagirdləri üçün paltar və geyimlərin alınması, həmçinin ayaqqabıların, yataq ləvazimat-larının, xüsusi geyimlərin və dəyişəyin alınması, təmiri və tikilməsi ilə bağlı xərclər daxildir.

Normativin hesablanması:

Nyum= Sç * Qyd + 0.2Sta * Qxg - Dmy

Burada, Nyum – yumşaq inventarın, yataq ləvazimatlarının, ayaqqabı, paltar və geyimlərin, xüsusi geyimlərin illik norması (manatla), Sç – yataqxanada faktiki istifadə olunan çarpayıların sayı, Qyd – yataq dəstinin (balışın, ağların, yorğanın və döşəyin), ayaqqabı, paltar və geyimin qiyməti, Sta – təhsilalanların ümumi sayının 20 faizi, Qxg – xüsusi geyimlərin qiyməti, Dmy – cari ildə mövcud istifadə olunan yumşaq inventarın dəyəridir.

İstifadə olunan yumşaq inventar, yataq ləvazimatları, ayaqqabı, paltar və geyimlərin və xüsusi geyimlərin amortizasiya müddəti İstehlak səbətinin 2-ci “Qeyri-ərzaq malları” bölməsində orta hesabla adambaşına düşən istehlak həcminə, satınalma qiymət-lərinin yuxarı həddi isə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin qiymətlər və qiymət indeksləri bülletenində göstərilən qiymətlərə uyğun olaraq müəyyən edilir.

2.1.8. “Ərzaq məhsullarının alınması və təminatı” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə ÜİM (bu 2.1.30-cu yarımbənddə hazır yeməklə təmin olunan təhsil müəssisələri istisna olmaqla) təhsilalanlar üçün ərzaq məhsullarının alınmasına sərf edilən xərclər daxildir.

Normativin hesablanması:

Nə = N1gə * Sta * Sg

Burada, Nə – ÜİM mövcud qanunvericiliyə əsasən dövlət təminatında olan təhsilalanların illik ərzaq norması (manatla), N1gə – təhsil müəssisəsi üçün müəyyən edilmiş gündəlik ərzaq norması, Sta – ərzaq almaq hüququ olan təhsilalanların sayı, Sg – ərzaq verilən günlərin sayıdır.

ÜİM mövcud qanunvericiliyə əsasən dövlət təminatında olan təhsilalanlar üçün ərzaq məhsullarının orta hesabla adambaşına düşən istehlak həcmi İstehlak səbətinin 1-ci “Ərzaq məhsulları” bölməsinə, satınalma qiymətləri isə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin qiymətlər və qiymət indeksləri bülletenində göstərilən qiymətlərə uyğun hesablanır.

2.1.9. “Digər malların alınması” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə əsas fond (vəsait) hesab edilməyən sair aktivlərin, o cümlədən sayğacların alınması və quraşdırılması, yanğınsöndürən balonların, toxucu sapların, portretlərin, məşğələlər üçün müxtəlif ləvazimatların, məktəb və rəsmxət ləvazimatlarının, materialların, yağlı və sulu boya, rəngli şüşə, kimyəvi mayelər, gil və təhsil proqramlarının alınması, tədris müəssisələri üçün tədris jurnallarının, əyani vəsaitlərin, blankların, şəhadətnamələrin, kitabçaların və digər sənədlərin alınması, dövri mətbuatın, kitabxanalar üçün kitabxana əşyalarının və uçot sənədlərinin alınması, işçilərin maddi həvəsləndirmə və qulluğa xitam verilməsi ilə bağlı hədiyyələrin alınması, bina və tikililərin şəhadətnamələrinin alınması və pasportlaşdırılması, habelə ÜİM yeməkxana və mətbəx ləvazimatlarının və bu qəbildən olan digər alışlarla bağlı xərclər daxildir.

Xərc normativinin hesablanması təhsil müəssisəsində təhsilalanların sayı əsasında aparılır.

Normativin hesablanması:

Ndax = Sta* Sas * Qa - Dma + Hdx

Burada, Ndax – digər alışlar və xidmətlər üzrə illik norma (manatla), Sta – əyani vəsaitdən istifadə edən təhsilalanların sayı, Sas – alışların siyahı üzrə sayı, Qa – cari il üçün müəyyənləşdirilən aidiyyəti alışların satınalma qiymətlərinin yuxarı həddi, Dma – cari ildə mövcud istifadə olunan digər alışların dəyəri, Hdx – cari ildə müəyyənləşdirilən digər xidmətlərin haqqının yuxarı həddidir.

2.1.10. “Tikili və avadanlıqların cari təmir xərcləri” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə əmlakın, o cümlədən tikili və avadanlıqların texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən cari təmir işləri, habelə cari təmirlə bağlı mal-materialların alınması üzrə xərclər daxildir.

Normativin hesablanması:

Nct  = Dəf * Əamort

Burada, Nct – illik cari təmir norması (manatla), Dəf – əsas fondların dəyəri, Əamort – əsas fondların cari il ərzində aşınmasını faizlə ifadə edən amortizasiya əmsalıdır. Bu əmsal ictimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə təlimatla müəyyən edilir.

2.1.11. “Nəqliyyat vasitələrinin cari təmir xərcləri” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə nəqliyyat vasitələrinin texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə sərf olunan məbləğlər daxildir. Bu maddəyə həmçinin nəqliyyat vasitələrinin cari təmiri ilə bağlı mal-materialların alınması üzrə xərclər də daxildir.

Normativin hesablanması:

Nnəq = Nys * Əehct + Əət

Burada, Nnəq - nəqliyyat xidmətlərinin illik xərc normativi (manatla), Nys – bütün növ nəqliyyat vasitələri üzrə cəmi illik yanacaq və sürtkü materiallarının alınması xərci, Əehct – aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin 30 faizi məbləğində avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri, Əət – təqdim olunan sənədlər əsasında (əsaslı təmirə dayanmanın səbəbləri haqqında arayış, nöqsan aktı, təmir işlərini aparmalı olan təmir müəssisəsindən müvafiq sənəd və s.) nəqliyyat vasitələrinin cari təmir xərcidir.

2.1.12. “Elektrik enerjisi haqqının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə sayğacın göstərişinə əsasən istifadə olunan elektrik enerjisinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

Vəsaitin proqnozlaşdırılması sayğac göstəricilərinə uyğun istifadə olunmuş elektrik enerjisi üzrə ortaillik sərfiyyatla bağlı təqdim edilmiş sifariş əsasında həyata keçirilir.

2.1.13. “Qaz haqqının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə istifadə olunan qazın dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

İstilik sistemi quraşdırılmış qaz cihazlarının texniki göstəri-cilərinə uyğun təqdim edilmiş sifariş əsasında, sayğac göstəricilərinə uyğun illik qaz sərfiyyatı əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir.

2.1.14. “Su haqqının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət ümumi təhsil müəssisələrində istifadə olunan suyun dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

2.1.15. “Kanalizasiya xidmətləri haqqının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə kanalizasiya xidmətlərinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir. Bu xərclər üzrə vəsaitin proqnozlaşdırılması ümumi təhsil müəssisəsinin sifarişi və müvafiq hesablamaları əsasında aparılır.

2.1.16. “İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə istilik enerjisini yarada biləcək mal-materialların (odun, kömür, ağ neft, mazut və s.) dəyərinin ödənilməsi, elektrik və istilik enerjisi istehsal edən generator və digər avadanlıqlar üçün yanacaq və sürtkü material-larının alınması, habelə mərkəzləşdirilmiş istilik sistemi olan qazanxanalar tərəfindən göstərilmiş xidmətlərin haqqının ödənilməsi ilə bağlı xərclər daxildir.

2.1.17. “Digər kommunal xidmətlərin haqqının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə elektrik, rabitə, qaz, su və digər kommunal xətlərin çəkilişi, tullantıların ləğvi və daşınması, tüstü bacalarının təmizlənməsi, camaşırların və binalarda şüşələrin yuyulması, kanalizasiya xətləri olmayan yerlərdə çirkab suların daşınması, kommunal xidmətlərdə istifadə olunan smart kartların hazırlanması üçün xərclərin ödənilməsi və bu qəbildən olan digər xərclər daxildir. Bu xərclər üzrə tələbat tərtib olunmuş qüsur aktları əsasında və təqdim edilmiş sifarişə uyğun həyata keçirilir.

Qeyd. Kommunal və kommunikasiya xidmətlərindən istifadə müəyyən edilmiş limitlər həddində (əvvəlki illərin faktiki sərfiyyatı əsasında) həyata keçirilir.

Dövlət ümumi təhsil müəssisələrində məskunlaşmış məcburi köçkünlər tərəfindən istehlak olunan kommunal xidmətlərin haqları müəyyən edilmiş qaydada ödənilir (məcburi köçkünlərin öz vəsaitləri hesabına və ya Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçün bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait hesabına).

2.1.18. “Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə ölkə daxilindəki telefon danışıqları, faks xidməti, telefon-teleqraf rabitə kanallarının icarəsi və sair xidmətlərlə bağlı xərclər, abunə haqlarının ödənilməsi xərcləri və bu növ digər xərclər daxildir.

Normativin hesablanması:

Nöt = St * Hab

Burada, Nöt – illik ölkədaxili telefon danışıq haqlarının ödənilməsi normativi (manatla), St – təşkilatda mövcud olan telefon nömrələrinin sayı (telefon nömrələrinin sayının 3-dən artıq olmaması şərtilə), Hab – bir nömrənin illik abunə haqqıdır.

2.1.19. “Beynəlxalq telefon danışıqları haqlarının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə xarici ölkələrlə bağlı telefon danışıqları və faks xidməti ilə bağlı xərclər daxildir.

Normativin hesablanması:

Nbt = Sbt * Hbt

Burada, Nbt – illik beynəlxalq telefon danışıq haqlarının ödənilməsi norması (manatla), Sbt – beynəlxalq telefon danışıqlarının sayı (telefon nömrələrindən yalnız birinin beynəlxalq çıxışı olması şərtilə), Hbt – beynəlxalq istiqamətlər üzrə orta hesabla bir telefon danışığının haqqıdır.

2.1.20. “Poçt xidmətləri haqqının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət ümumi təhsil müəssisələri tərəfindən məktub və bütün növ poçt və teleqramların göndərilməsi, çap materiallarının çatdırılması ilə bağlı xərclər daxildir.

Dövlət ümumi təhsil müəssisəsinin faktiki tələbatına uyğun təqdim etdiyi sifariş əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir.

2.1.21. “İnternet xidməti haqqının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət ümumi təhsil müəssisələri tərəfindən internet xidmətindən istifadəyə görə ödənişlər daxildir.

Normativin hesablanması:

Ne = Set* He

Burada, Ne – illik internet xidməti haqlarının ödənilməsi norması (manatla), Set – təşkilatda internet şəbəkəsinə çıxışı olan telefon nömrələrinin sayı, He – internet xidmətləri haqqıdır.

2.1.22. “Proqram təminatlarına xidmət haqlarının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə proqram təminatına xidmətlə bağlı xərclər, informasiya təhlükəsizliyinin təmin edilməsi xərcləri və bu qəbildən olan digər xərclər daxildir.

Həmin xərclər üzrə vəsaitin proqnozlaşdırılması ümumi təhsil müəssisəsinin sifarişi və müvafiq hesablamalar əsasında aparılır.

2.1.23. “İcarə və muzdlu xidmətlər” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət ümumi təhsil müəssisələri tərəfindən cari məqsədlər üçün binaların, sahə və otaqların icarəsi haqqı avadanlıq və nəqliyyat vasitələrinin icarəyə götürülməsi ilə bağlı xərclər daxildir.

Dövlət ümumi təhsil müəssisəsinin faktiki tələbatına uyğun müvafiq hesablama və təsdiqedici sənədlərlə birlikdə təqdim etdiyi sifariş əsasında müvafiq xidmətlər üzrə xərc smetasının maliyyə ekspertizası aparılmaqla vəsaitin proqnozlaşdırılması həyata keçirilir.

2.1.24. “Mühafizə xərcləri” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə təhsil müəssisəsinin mühafizə xərcləri üzrə ayırmaları daxildir. Büdcə xərclərinin planlaşdırılması “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.16-cı maddəsinə uyğun olaraq Azərbaycan Respub-likası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi qaydada  bağlanılmış ikitərəfli müqavilə əsasında göstərilən xidmətin növünə və yerləşmə yerinə görə müvafiq büdcə təşkilatının sifarişi əsasında həyata keçirilir.

2.1.25. “Əsas fondlara xidmət haqqı xərcləri” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə hesablama texnikası və avadanlıqlara göstərilən xidmət haqları, liftlərə texniki xidmətlə bağlı xərclər, soyutma və isitmə sistemlərinə, inzibati binalara buraxılış sistemlərinə (turniketlərə) xidmət haqlarının ödənilməsi ilə bağlı və bu qəbildən olan digər xərclər daxildir. Bu xərclər üzrə vəsaitin proqnozlaşdırılması ümumi təhsil müəssisəsinin sifarişi və müvafiq hesablamalar əsasında aparılır.

2.1.26. “Sanitariya-gigiyena və digər xidmət haqqı xərcləri” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dezinfeksiya xərcləri, sanitariya-gigiyena xərcləri, bina və tikililərin fasadlarının yuyulması və təmizlənməsi, nəqliyyat vasitələrinin yuyulması və təmizlənməsi ilə bağlı və bu qəbildən olan digər xərclər daxildir. Bu xərclər üzrə vəsaitin proqnozlaşdırılması ümumi təhsil müəssisəsinin sifarişi və müvafiq hesablamalar əsasında aparılır.

2.1.27. “Ölkədaxili ezamiyyətlər” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə ölkə daxilindəki ezamiyyətlər və xidməti səfərlər zamanı gediş-gəliş, gündəlik və mehmanxana xərcləri, kompensasiya ödənişləri, xidməti səfərlərə, kurslara və təhsil müəssisələrinə, sessiyalara, müşavirə və konfranslara göndərilməsi ilə bağlı xərclər daxildir.

Normativin hesablanması:

Nez = Sez * Sg * N1g

Burada, Nez – illik ölkədaxili ezamiyyətlər və xidməti səfərlərin norması (manatla), Sez – ezamiyyətlərin sayı, Sg – bir ölkədaxili ezamiyyətdə və xidməti səfərdə olma günlərinin orta sayı, N1g – ölkədaxili ezamiyyətlərin və xidməti səfərlərin birgünlük normasıdır.

2.1.28. “Xarici ezamiyyətlər” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə xarici ölkələrə ezamiyyətlər və xidməti səfərlər zamanı gediş-gəliş, gündəlik və mehmanxana xərcləri, kompensasiya ödənişləri, xidməti səfərlərə, kurslara və təhsil müəssisələrinə sessiyalara, müşavirə və konfranslara, xarici ölkələrin ali və orta ixtisas təhsilli müəssisələrinə göndərilməsi ilə bağlı gündəlik və yol xərcləri daxildir.

Xarici ölkələrə ezamiyyətlər və xidməti səfərlər zamanı tələbat tətbiq olunan normativə uyğun və təhsil müəssisəsinin müvafiq sifarişinə əsasən müəyyən edilir.

2.1.29. “Nəqliyyat vasitələri, istehsal təyinatlı maşın, avadanlıq və qurğular üzrə xidmət haqlarının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə müəssisənin mülkiyyətində olan və ya icarəyə götürdüyü nəqliyyat vasitələri, istehsal təyinatlı maşın, avadanlıq və qurğuların texniki baxışdan keçirilməsi, mülki məsuliyyətinin icbari sığortası və bu qəbildən olan digər xərclər daxildir. Bu xərclər üzrə vəsaitin proqnozlaşdırılması ümumi təhsil müəssisəsinin sifarişi və müvafiq hesablamalar əsasında aparılır.

2.1.30. “İstehlakyönlü müxtəlif xidmətlər” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə bayram tədbirlərinin təşkili, keçirilməsi və iştirak xərcləri, ölkə səviyyəli sərgi və yarmarkaların, ekskursiyaların və düşərgə toplantılarının keçirilməsi, tədris müəssisələrinin nəzdindəki eksperimental emalatxanaların xidmətinin ödənilməsi, yanğınsöndürən balonların, katriclərin, tibbi və digər avadanlıqların doldurulması, mətbuatda elan, bildiriş, reklam verilməsi, təhsil müəssisələrində bədən tərbiyəsi tədbirlərinin və kütləvi informasiya işlərinin aparılması, arxiv materiallarından istifadə edilməsi və arxivə verilmiş sənədlərə xidmət haqqının ödənilməsi, sənədlərin cildlənməsi, tikilməsi, informasiya agentliklərinin xidmətləri, guşələrin yaradılması və bədii tərtibat işlərinin dəyərinin ödənilməsi, əmlakın sığortalanması, ÜİM-də tam dövlət təminatında olan, eləcə də mövcud tədris, təlim və tərbiyə prosesi ilə əlaqədar gün ərzində qalan təhsilalanların yeməklə təminatı ilə bağlı xərclər və bu qəbildən olan digər xərclər daxildir.

Bu xərc maddəsi üzrə maliyyələşdirilən tədbirlər sabit və daimi xarakter daşımadığından, faktiki sifariş əsasında, lakin müvafiq hesablamalar tələb olunmaqla və tədbirin xərc smetasının maliyyə ekspertizası aparılmaqla həyata keçirilir.

2.1.31. “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət ümumi təhsil müəssisələri tərəfindən abadlaşdırma xidmətlərinin göstərilməsi ilə bağlı xərclər daxildir.

Bu xərc maddəsi üzrə maliyyələşdirilən tədbirlər sabit və daimi xarakter daşımadığından, faktiki sifariş əsasında, lakin müvafiq hesablamalar tələb olunmaqla və tədbirin xərc smetasının maliyyə ekspertizası aparılmaqla həyata keçirilir.

2.1.32. “Sair xərclər” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə şagirdlərin (ali və orta ixtisas təhsilli müəssisələrinə) yeni qəbulunun təşkili, istehsal təcrübəsinin keçirilməsi, şagirdlərin yol haqqı və təcrübə yerlərinə gətirilməsi, saxlanılması və bu qəbildən olan digər xərclər daxildir.

Bu xərc maddəsi üzrə maliyyələşdirilən bir sıra tədbirlər sabit və daimi xarakter daşımadığından faktiki sifariş əsasında, lakin müvafiq hesablamalar tələb olunmaqla və tədbirin xərc smetasının maliyyə ekspertizası aparılmaqla həyata keçirilir.

2.1.33. “Kommunal və digər xidmətlərə görə təzminat (kompensasiya)” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə respublikanın kənd rayon-larında yerləşən ümumtəhsil məktəblərində çalışan ali və orta ixtisas təhsil müəssisələrinin pedaqoji ixtisaslarını bitirən gənc mütəxəs-sislərə kommunal və digər xidmətlərə görə ödənilən təzminat (kompensasiya) və bu qəbildən olan digər xərclər daxildir.

2.1.34. “Maşın və avadanlıqlar” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət ümumi təhsil müəssisələri tərəfindən digər maşın və qeyri-istehsal avadan-lıqlarının alınması ilə bağlı xərclər daxildir.

Normativin hesablanması:

Nma = Sma * Qma - Dmma

Burada, Nma – digər maşın və avadanlıqların illik alış norması (manatla), Sma – Metodika ilə müəyyən edilmiş, il ərzində orta hesabla adambaşına düşən maşın və avadanlıqların sayı, Qma – cari il üçün müəyyənləşdirilən aidiyyəti maşın və avadanlıqların satınalma qiymətlərinin yuxarı həddi, Dmma – cari ildə istifadə olunan maşın və avadanlıqların dəyəridir.

2.1.35. “Nəqliyyat vasitələri” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət ümumi təhsil müəssisələri tərəfindən nəqliyyat vasitələrinin alınması ilə bağlı xərclər daxildir. Fərdi qaydada təhsil müəssisəsinin sifarişi əsasında müəssisənin hansı növ nəqliyyat vasitəsinə olan tələbatı araşdırılmaqla, müvafiq vəsaitin ayrılması həyata keçirilir.

2.1.36. “Sair torpaq, tikili və avadanlıqlar” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə iş vaxtı fəaliyyətinin asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan ümumi və texniki təyinatlı predmetlər (mebel dəstləri, masalar, kreslolar, kürsülər, dolablar, şkaflar, stellajlar, dəmir seyflər, partalar, daşınan sədlər, asılqanlar, qarderoblar, divanlar, yanmayan şkaflar və yeşiklər, inventar taraları, daşınan çadırlar, çarpayılar, kovrolit örtük və xalçalar, portyerlər, jalüzlər), əməyin mühafizəsi üçün uyğunlaşdırılmış xüsusi avadanlıqlar (hidropultlar, stenderlər, əl nərdivanları, maye və dənəvərlərin saxlanması üçün xüsusiləş-dirilmiş qablar), idman və digər xüsusi hərbi təyinatlı inventarların və bu qəbildən olan digər təsərrüfat inventarlarının alınması, quraşdırılması və istehsalı ilə bağlı xərclər daxildir. Xərc normativinin hesablanması dövlət ümumi təhsil müəssisəsində təhsilalanların sayı əsasında faktiki tələbata uyğun aparılır.

2.1.37. “Qeyri-yaşayış binalarının əsaslı təmiri” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə əsas vəsaitlərin əsaslı təmiri ilə bağlı xərclər daxildir. Həmin xərc normativi Azərbaycan Respublikasında qüvvədə olan “Dövlət tikinti normativ sənədləri” sisteminə uyğun müəyyən edilir.

2.1.38. “Qeyri-maddi aktivlər” xərc normativinin hesablanması

Bu istiqamət üzrə xərc normativinə dövlət ümumi təhsil müəssisələri tərəfindən bir ildən çox istifadə edilən kompüter proqramlarının hazırlanması və ya onun alınması, məlumat bazalarının hazırlanması, informasiya sistemlərinin yaradılması ilə bağlı xərclər daxildir.

Dövlət ümumi təhsil müəssisəsinin faktiki tələbatına uyğun müvafiq hesablama və təsdiqedici sənədlərlə birlikdə təqdim etdiyi sifariş əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir.

2.1.39. Normativlərə daxil edilməyən, lakin ödənişi zəruri hesab olunan xərclər (fəxri adlara görə təqaüdlər, analıq məzuniyyətinə çıxan qadınlara və 3 yaşına çatmamış uşaqlara qulluğa görə ödənilən müavinətlə bağlı xərclər, xüsusi təhsilə cəlb edilənlərə görə müavinətlər, əmək qabiliyyətini müvəqqəti itirməyə görə işçilərə ödənilən müavinətlər, əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə dəymiş zərərin ödənilməsi, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən müavinət, bank xərcləri və qanunvericilikdə nəzərdə tutulan digər zəruri xərclər) üzrə ödəmələr faktiki tələbata uyğun olaraq, büdcə təşkilatlarının sifarişləri əsasında həyata keçirilir.

2.1.40. Dövlət ümumi təhsil müəssisələrinin büdcədənkənar vəsaitlərinin xərc smetalarının hazırlanması zamanı bu Normativlərdən istifadə edilə bilər.

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə