Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yolda yenidənqurma işləri bu il yekunlaşacaq

Dövlət başçısının sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgələrdə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq iri miqyaslı yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Bu cür layihələrdən biri 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulmasıdır.

Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlib.

Bu səbəbdən də layihə çərçivəsində mövcud örtük sökülərək kənara daşınıb, yararsız qruntun qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi işləri görülüb.

Layihə çərçivəsində yolun müxtəlif hissələrində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilib.

Hazırda avtomobil yolunun Təngəaltı kəndi ərazisində, sıldırım qayalıqlar arasından keçən hissəsinin genişləndirilməsi işləri aparılır, 150 metr uzunluğunda dəmir-beton konstruksiyalı bənd qurulur. “Təngə dərəsi” kimi tanınan ərazidə, Vəlvələçayın kənarında qurulan bəndin hündürlüyü 12 metr olacaq. Yolun genişləndirilməsi işləri Quba-Qonaqkənd yolunun 29-30-cu kilometrlik hissəsini əhatə edir. Çayda bənd vurulması və qayaların çapılması hesabına yolun hərəkət hissəsinin 4-5 metrdən 7-12 metrə kimi genişləndirilməsi nəzərdə tutulub.

Quba rayonunun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən yolun yenidən qurulması yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq, rayonun turizm imkanlarını genişləndirəcək.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

11 2020 11:33 -

Köhnə versiyamızdan xəbərləri izlə