Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İkinci Milli Nefroloji, Dializ və Transplantoloji beynəlxalq konqres

Səhiyyə Nazirliyinin dəstəyi və Azərbaycan Nefroloqlar Cəmiyyətinin təşkilatçılığı ilə 2-ci Milli Nefroloji, Dializ və Transplantoloji beynəlxalq konqres işə başlayıb.

Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri Barat Yusifov, cəmiyyətin fəxri prezidenti Mehman Ağayev, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri Sudeyf İmamverdiyev, Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev ölkəmizdə səhiyyənin, o cümlədən də nefrologiya sahəsinin inkişafından danışıb, belə konqreslərin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, Azərbaycanda hemodializ ilk dəfə 1970-ci ildə, transplantasiya isə 1971-ci ildə tətbiq olunub.

Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli ölkəmizdə təbabətin tərəqqisindən bəhs edib, dünyanın aparıcı klinikalarında icra olunan cərrahi əməliyyatların ölkəmizdə uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

O, mərkəzin baş direktoru, akademik Cəmil Əliyevin adından konqresin işinə uğurlar arzulayıb, belə tədbirlərin davamlı olmasını diləyib.

Səhiyyə Nazirliyinin nümayəndəsi Anar İsrafilov Azərbaycanda 2006-cı ildən bəri xroniki böyrək çatışmazlığına dair 3-cü dövlət proqramının icra olunduğunu, proqram əsasında 44 hemodializ mərkəzinin fəaliyyət göstərdiyini, həmin mərkəzlərdə 600-dən çox süni böyrək aparatının quraşdırıldığını bildirib. O, xroniki böyrək çatışmazlığından əziyyət çəkən 4 minə yaxın xəstənin mərkəzlərdə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin olunduğunu qeyd edib.

Türkiyədən gələn professor Mehmet Şükrü Sever isə belə tədbirlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edərək burada iştirakdan məmnunluğunu ifadə edib.

Konqres panel müzakirələrlə davam edib. Konqresin işinə fevralın 8-də yekun vurulacaq.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 2020 10:04 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə