Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bolqarıstan Elmlər Akademiyasının sədri AMEA Rəyasət Heyətində

AMEA Rəyasət Heyətində Bolqarıstan Elmlər Akademiyasının (BEA) sədri, akademik Yulian Revalskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçiriib. Nümayəndə heyətinin tərkibinə BEA-nın sədr müavini, müxbir üzv Vasil Nikolov, bu müəssisənin baş elmi katibi, professor Evdokia Paşeva və  başqaları daxildir.

www.science.gov.az saytı yazır ki, görüşdə Avropa İttifaqı proqramları çərçivəsində müvafiq sahələr üzrə təcrübə, alim və tədqiqatçıların mübadiləsi və birgə layihələrin həyata keçirilməsi, həmçinin neft və qaz yataqlarının kəşfiyyatı, geologiya, seysmologiya, arxeologiya, ekologiya və digər prioritet sahələrdə əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqlara akademiyanın yaranma tarixi, inkişaf mərhələləri və müasir dövrdə burada aparılan tədqiqatlar haqqında məlumat verib. Bildirib ki, 70 ildən çox yaşı olan bu qurum uzun illər ərzində ölkə elminin inkişafına mühüm töhfələr vermiş, çoxsaylı alim və mütəxəssislər yetişdirmişdir. Bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoyan AMEA-da prioritet istiqamətlərdə araşdırmalar aparılır, dünyanın nüfuzlu elm mərkəzləri və ali məktəbləri ilə əməkdaşlıq əlaqələri qurulur.

Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfərini xatırlayan A.Əlizadə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Paleontologiya və Tarixi Geologiya Muzeyi barədə danışıb. O, bu qurumla AMEA Geologiya və Geofizika İnstitutunun nəzdindəki Təbiət Tarixi Muzeyi arasında təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu deyib.

Sonra çıxış edən akademik Yulian Revalski Azərbaycana ilk dəfə səfər etdiyini bildirib. Alim rəhbərlik etdiyi qurum haqqında məlumat verərək, BEA-da fəaliyyət göstərən 42 müəssisədə elmin müxtəlif sahələrində araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə olunduğunu, eləcə də dünyanın bir sıra elm mərkəzləri ilə əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. O, AMEA ilə riyaziyyat, arxeologiya, astrofizika, ekologiya, informasiya texnologiyaları və s. sahələr üzrə birgə tədqiqatların yerinə yetirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

Son zamanlar iki ölkənin elmlər akademiyaları arasında əməkdaşlığın daha da möhkəmləndiyini deyən BEA-nın sədri bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev iştirak ediblər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

25 Sentyabr 2018 10:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə