Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 410 Bakı şəhəri, 22 sentyabr 2018-ci il

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda  dəyişikliklər  edilməsi  barədə”  Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 66-cı hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Mühasibat uçotunun aparılması həyata keçirilir, maliyyə, vergi və statistik hesabatlar tərtib və təqdim edilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nın 4.12-ci bəndinin birinci cümləsinə “mühasibat” sözündən sonra “uçotu” sözü əlavə edilsin.

3. “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”, “Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları” və “Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 119; 2002, № 7, maddə 451, № 11, maddə 675; 2003, № 4, maddə 215; 2004, № 9, maddə 745; 2005, № 1, maddə 49, № 7, maddə 667; 2008, № 9, maddə 856; 2011, № 9, maddə 865; 2016, № 9, maddə 1598; 2017, № 3, maddə 513; 2018, № 1, maddə 119) ilə təsdiq edilmiş “Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları”nın 4.5-ci bəndində “maliyyə-mühasibat” sözü “mühasibat” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 avqust tarixli 140 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 563; 2006, № 5, maddə 463) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin Problemləri  üzrə Elmi Araşdırmalar Mərkəzinin Əsasnaməsi”nin 5.2-ci bəndində “mühasibat” sözü “maliyyə” sözü ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 375; 2007, № 2, maddə 201; 2008, № 1, maddə 46; 2011, № 8, maddə 783; 2017, № 10, maddə 1901; 2018, № 3, maddə 608) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Əsasnaməsi”nin 7.3-cü bəndində “mühasibat” sözü (ikinci halda) “maliyyə” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 965; 2005, № 11, maddə 1076; 2006, № 1, maddə 59; 2009, № 4, maddə 290, № 10, maddə 846; 2012, № 9, maddə 942; 2014, № 2, maddə 201; 2016, № 4, maddə 793) ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ın 1.1-ci bəndindən “, Milli Mühasibat Uçotu Standartlarına” sözləri çıxarılsın.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 17 mart tarixli 43 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 256; 2006, № 11, maddə 994; 2014, № 10, maddə 1306; 2015, № 6, maddə 808; 2018, № 3, maddə 594) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 7.4.5-ci yarımbəndindən “mühasibat,” sözü çıxarılsın.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 mart tarixli 57 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 262) ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan və fəaliyyət göstərən dövlət agentlikləri, dövlət xidmətləri və onlara bərabər tutulan digər dövlət qurumlarına onların fəaliyyəti üzrə ayrılmış məqsədli büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən nəzarətin həyata keçirilməsi Qaydaları”nın 7-ci, 8-ci və 9-cu hissələrində “mühasibat” sözü “maliyyə” sözü ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 3 avqust tarixli 148 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 779; 2006, № 11, maddə 994; 2014, № 10, maddə 1304; 2015, № 6, maddə 809; 2018, № 3, maddə 595) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 7.4.5-ci yarımbəndindən “mühasibat,” sözü çıxarılsın.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 49; 2014, № 6, maddə 747) ilə təsdiq edilmiş “Universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provayderə lazım olan vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya) Qaydaları”nın 4.1.2-ci yarımbəndində “mühasibat” sözü “maliyyə” sözü ilə əvəz edilsin.

11. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 fevral tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 186; 2016, № 11, maddə 1959) ilə təsdiq edilmiş “Sənədlərin reyestrinin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi Qaydaları”nın 2.4-cü bəndinə “Mühasibat” sözündən sonra “uçotu” sözü əlavə edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 fevral tarixli 53 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 131; 2014, № 10, maddə 1305; 2018, № 3, maddə 596) ilə təsdiq edilmiş “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 7.4.4-cü yarımbəndindən “mühasibat,” sözü çıxarılsın.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 306; 2009, № 11, maddə 936; 2017, № 3, maddə 503, № 7, maddə 1474; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 avqust tarixli 343 nömrəli qərarı) ilə təsdiq edilmiş “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nın 5.1-ci bəndində “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”a” sözləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına” sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 may tarixli 126 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 449; 2014, № 10, maddə 1307; 2018, № 3, maddə 597) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korçay Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 7.4.5-ci yarımbəndindən “mühasibat,” sözü çıxarılsın.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 may tarixli 79 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 387; 2014, № 10, maddə 1308) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi”nin 5.5-ci bəndində “mühasibat” sözü (ikinci halda) “maliyyə” sözü ilə əvəz edilsin.

16. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 10 iyul tarixli 106 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 603; 2014, № 1, maddə 69, № 2, maddə 201; 2016, № 5, maddə 955) ilə təsdiq edilmiş “Maddi sərvətlərin səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, yığılması, saxlanılması, təzələnməsi və istifadə olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

16.1. 7.1-ci bənddə “Azərbaycan Respublikasının mühasibat uçotu haqqında” sözləri “Mühasibat uçotu haqqında” sözləri ilə əvəz edilsin və həmin bənddən “, “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları” sözləri çıxarılsın;

16.2. 7.7-ci bənddə “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları”na” sözləri “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1076; 2010, № 6, maddə 548; 2013, № 6, maddə 771; 2014, № 6, maddə 740; 2015, № 1, maddə 68; 2016, № 4, maddə 794; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 iyul tarixli 301 nömrəli qərarı) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

17.1. 1.2-ci bənddə “Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına” sözləri “bu Qayda ilə müəyyən edilmiş formaya” sözləri ilə əvəz edilsin;

17.2. 2.1-ci bənd ləğv edilsin;

17.3. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. Maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır.”.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 5 yanvar tarixli 2 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 1, maddə 48; 2011, № 12, maddə 1251; 2014, № 10, maddə 1286; 2017, № 3, maddə 504) ilə təsdiq edilmiş “Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları”nın 3.4-cü bəndindən “2007-ci il 27 iyun tarixli” sözləri çıxarılsın.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 474; 2012, № 9, maddə 917; 2016, № 5, maddə 960, № 8, maddə 1427, № 10, maddə 1734; 2017, № 2, maddə 281) ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

19.1. 1.2-ci bəndə “kredit təşkilatları” sözlərindən sonra “, mikro” sözü əlavə edilsin;

19.2. 1.4-cü bənddə “Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” sözləri “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına” sözləri ilə əvəz edilsin;

19.3. 5.1-ci bəndə “hazırlayan” sözündən sonra “kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)” sözləri əlavə edilsin;

19.4. 5.1.1-ci yarımbənddən “qanunla müəyyən edilmiş hallarda” sözləri çıxarılsın və həmin yarımbəndə “səhifəsində” sözündən sonra “və ya mətbu orqanda” sözləri əlavə edilsin;

19.5. 5.1.2-ci yarımbənd ləğv edilsin;

19.6. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.2. Maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları istisna olmaqla) siyahısını Azərbaycan Respublikasının Vergilər Nazirliyi ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.”;

19.7. aşağıdakı məzmunda 5.3-cü bənd əlavə edilsin:

“5.3. Bu Qaydaların 5.1-ci bəndində göstərilmiş qurumlar törəmə cəmiyyət olduqda və qurumun bilavasitə və ya son nəticədə tabe olduğu əsas cəmiyyət maliyyə hesabatlarını bu Qaydaların 5.1.1-ci yarımbəndinin tələblərinə uyğun olaraq dərc etdirdikdə, qurum maliyyə hesabatlarını dərc etdirməmək hüququna malikdir.”.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 1 mart tarixli 48 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 249; 2016, № 11, maddə 1964) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası”nın 2.1.2-ci və 4.1.3-cü yarımbəndlərində ismin müvafiq hallarında “balans” sözü ismin müvafiq hallarında “maliyyə hesabatları” sözləri ilə əvəz edilsin.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1202; 2015, № 2, maddə 215) ilə təsdiq edilmiş “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nın 2.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“2.1.3. Maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır.”.

22. “Siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli 238 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1034) aşağıdakı dəyişikliklər edilsin:

22.1. adından və ikinci abzasından “sadələşdirilmiş” sözü çıxarılsın;

22.2. həmin qərarla təsdiq edilmiş “Siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması Qaydaları” üzrə:

22.2.1. adından və 1.1-ci bəndindən “sadələşdirilmiş” sözü çıxarılsın;

22.2.2. 2.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.1. Maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır.”.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 265 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1140; 2015, № 2, maddə 225; 2017, № 10, maddə 1909) ilə təsdiq edilmiş “Təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması Qaydaları”nın 4.3.1-ci yarımbəndinə “mühasibat” sözündən sonra “uçotu” sözü əlavə edilsin.

24. “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 321 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1292; 2016, № 4, maddə 789; 2017, № 2, maddələr 288, 320) adından, 1-ci hissəsindən və həmin qərarla təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) Siyahısı”nın adından “mühasibat uçotunu aparmalı və” sözləri çıxarılsın.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1904; 2018, № 3, maddə 587) ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 1.3-cü bəndində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimata” sözləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına” sözləri ilə əvəz edilsin.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2166) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”nin 6.1-ci bəndində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkilinə və aparılmasına dair təlimata” sözləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına” sözləri ilə əvəz edilsin.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 dekabr tarixli 545 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2493; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 iyul tarixli 328 nömrəli qərarı) ilə təsdiq edilmiş “Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”ndə aşağıdakı dəyişikliklər edilsin:

27.1. 8.4.2-ci, 8.5.2-ci və 8.6.2-ci yarımbəndlərə aşağıdakı məzmunda dördüncü abzaslar əlavə edilsin:

“Peşəkar mühasib olmalıdır;”;

27.2. 8.7.2-ci yarımbəndə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“Peşəkar mühasib olmalıdır (baş mühasib vəzifəsi üçün);”.

28. Bu qərarın 6-cı, 13-cü, 16-cı, 25-ci, 26-cı hissələri və 17.2-ci, 19.2-ci bəndləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində rəsmi mətnləri ilk dəfə dərc olunduğu gündən qüvvəyə minir.

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin