Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dahi bəstəkarın məzarı ziyarət olundu

Dahi bəstəkarın məzarı ziyarət olundu

Dünən  dünya şöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin (1918-1982) doğum günü  idi.

Bu münasibətlə I Fəxri xiyabanda dahi musiqiçinin məzarı ziyarət olundu, abidəsi önünə tər çiçəklər düzüldü.

Mərasimdə mədəniyyət və incəsənət xadimləri, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi və sənətkarın ailə üzvləri iştirak edirdi.

Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə qeyd etdi ki, Qara Qarayev bütün yaradıcılığı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. O, Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkar, milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb. Onun hər bir əsərinin premyerası Azərbaycan musiqi tarixində xüsusi hadisəyə, sənət bayramına çevrilib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli bildirdi ki, musiqi sənətinin demək olar ki, bütün janrlarına müraciət etmiş bəstəkarın əsərləri dünyada geniş şöhrət qazanıb. Dahi sənətkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya, Almaniya və digər ölkələrdə keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib.

Daha sonra çıxış edən dahi bəstəkarın qızı, pianoçu Züleyxa Bağırova Qara Qarayevin xatirəsinə göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

6 2020 11:25 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə