Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sevinc FƏTƏLİYEVA: Parlamentin 100 illiyinə həsr olunmuş təntənəli mərasim tarixi hadisədir

“Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli mərasim mühüm tarixi hadisədir. Mərasimdə xeyli sayda ölkə parlamentlərinin rəhbərliyinin, deputatlarının iştirakı, səsləndirilən fikirlər Azərbaycanın dünyada böyük nüfuza malik  olduğunu bir daha təsdiqləyir”. Bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Azərbaycan parlamenti nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.
Deputat  bildirib ki, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyət göstərdiyi qısa müddət ərzində mühüm sənədlər qəbul etmişdi. Bu sənədlər, qanunvericilik aktları demokratik prinsipləri özündə ehtiva edirdi. Hazırda müasir Azərbaycan parlamentinin demokratik ənənələri davam etdirdiyini deyən  deputatn sözlərinə görə, respublikamız müstəqilliyini bərpa etdikdən sonra Milli Məclis suverenliyimizin möhkəmləndirilməsində müstəsna rol oynayıb. Bu prosesin ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra başladığını deyən S.Fətəliyeva bildirib ki, Milli Məclis həmin dövrdən etibarən beynəlxalq standartlara, demokratik prinsiplərə uyğun qanunlar qəbul edib.
Milli Məclisin fəaliyyətində beynəlxalq əlaqələrin də mühüm rol oynadığını  diqqətə çatdıran S.Fətəliyeva  deyib ki, bu gün ölkə parlamenti geniş beynəlxalq əlaqələrə malikdir. Milli Məclis ayrı-ayrı dövlətlərin parlamentləri ilə yüksək münasibətlərə malikdir: “Eyni zamanda, parlamentimiz beynəlxalq təşkilatlar – AŞPA, ATƏT , NATO , MDB , İƏT  və digər qurumların parlament assambleyaları çərçivəsində uğurla fəaliyyət göstərir. Deputatlarımız həmin təşkilatların tribunalarından istifadə edərək milli maraqlarımızı qətiyyətlə qoruyurlar. Bu tribunalardan Azərbaycan həqiqətləri, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyi, Ermənistanın işğalçılıq siyasəti dünyaya çatdırılır. AŞPA-da və digər qurumlarda Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələrin qəbul olunması Azərbaycan parlamentinin uğurudur. Biz bu istiqamətdə işimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik. Təbii ki, bu prosesdə Milli Məclisin parlamentlərarası dostluq qruplarının da özünəməxsus rolu var”. 
S.Fətəliyeva bildirib ki, Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və dərin məzmunlu  nitqi xüsusilə yaddaqalan oldu. Onun sözlərinə görə, dövlət başçısı çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əhəmiyyəti, o zaman parlamentimizin təsis olunması və fəaliyyəti haqqında dəyərli fikirlər söylədi.  Azərbaycanın müasir inkişafı haqqında dəyərli fikirlərini diqqətə çatdıran dövlətimizin başçısı  hazırkı Milli Məclisin deputatlarının fəaliyyətini də yüksək qiymətləndirib: “Prezident İlham Əliyev çıxışında Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi olaraq toxundu və qeyd etdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın. Dövlət başçısı qeyd etdi ki, Ermənistan xülyalarla yaşamamalıdır”. 
Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın qazandığı uğurlar, beynəlxalq müstəvidə artan rolu barədə dəyərli fikirlər səsləndirdi. Şübhə yoxdur ki, ölkəmizin nailiyyətləri bundan sonra da davam edəcək və bu prosesdə Azərbaycan parlamenti də öz rolunu oynayacaqdır.

Söhbəti qələmə aldı:  
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

24 Sentyabr 2018 23:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə