• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsmayıl Safi: Türkiyə və Azərbaycan Bakının xilas olunmasının 100 illiyini birlikdə qeyd etdi

İsmayıl Safi: Türkiyə və Azərbaycan Bakının xilas olunmasının 100 illiyini birlikdə qeyd etdi

“Bakının azad edilməsinin 100 illiyinin möhtəşəm şəkildə keçirilməsi, hər iki dövlət başçısının – cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın – paradı birgə seyr etmələri bir daha əbədi birliyimizi nümayiş etdirdi. 100 il öncə olduğu kimi, bu dəfə də Türkiyə və Azərbaycan Bakının xilas edilməsini birlikdə qeyd etdi.” Bu fikirləri “Xalq qəzeti”nə açıqlamasında Ədalət və İnkişaf Partiyasının (AKP)  2011-2015-ci illərdə millət vəkili, “AK Parti”nin akademik işlər üzrə əlaqələndiricisi, İstanbul İstinye Universiteti siyasət elmləri şöbəsinin müdiri, elmlər doktoru İsmayıl Safi bildirib.
– 2018-ci il sentyabrın 15-də keçirilən və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad iki qardaş dövlətin 100 il bundan əvvəlki kimi, hər zaman bir-birinin yanında olmasını bir daha sübut etdi. Vaxtilə, Qafqaz İslam Ordusu tərəfindən Azərbaycanın düşmənlərinə güc göstərildi, düşmənlər yerlərində oturduldu, Azərbaycan türklərinin soyqırımında iştirak edən erməni-daşnak və bolşevik quldurları cəzalandırıldı. Nuru paşa öz əzəmətli ordusu ilə qardaş Azərbaycanın imdadına çatdı. Biz bu şanlı tarixi unutmuruq və düşmənlərimizi  unutmuruq.  Unutmadığımızı sentyabrın 15-də keçirilən möhtəşəm parad da sübut etdi. Hörmətli prezidentlərimiz bu paradda iştirak etdilər. Hər iki cümhur başqanlarımız gözəl çıxışlar etdilər. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paradda çıxışında Azərbaycan və Türkiyə kimi bir-birinə bu qədər yaxın, bir-birinə   arxa-dayaq olan  ikinci nümunənin olmadığını bildirərək dedi: “Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır.” Cənab İlham Əliyev türk ordusunun dünya miqyasında ən güclü ordulardan biri olduğunu və həm Türkiyə, həm də Azərbaycan üçün qürur mənbəyi olduğunu söylədi. 
Dövlət başçısı  İlham Əliyev yüz il bundan əvvəl Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakının işğalçılardan azad edildiyini bildirərək qeyd etdi ki, yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. 
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında iki qardaş dövlətin hər zaman bir-birinə dəstək olduqlarını vurğulayaraq bildirdi ki, Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun 1918-ci ildə burada  həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyin təməlini qoyub. Azərbaycanın istiqlalını 1991-ci ildə ilk tanıyan da məhz Türkiyə olub.  Bu, qan qardaşlığımızın təbii nəticəsidir. Türkiyə olaraq müstəqilliyinin ilk dövrlərindən başlayaraq  Azərbaycana əlimizdən gələn hər cür dəstəyi göstərdik və göstərməyə davam edəcəyik. Ak Parti təmsilçisi  İsmayıl Safi  əlavə edib ki, indi Nuru paşanın, Ənvər paşanın və Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu şaddır. Çünki Azərbaycanın başı çox bəlalar çəksə də, faciələrlə üzləşsə də, müstəqilliyini qoruyub saxlayıb və o fədakar şəxsiyyətlərin xatirəsini əziz tutur. 

Qələmə aldı: 
Anar TURAN,
“Xalq qəzeti”

24 2018 23:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin