Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Sentyabrın 24-də Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Krallıq elan olunması günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra müvəqqəti işlər vəkili Məmduh əl-Cəbru Səudiyyə Ərəbistanının keçdiyi inkişaf yolundan, müxtəlif sahələri əhatə edən uğurlara imza atmasından danışıb.
Səfir Səudiyyə Ərəbistanının beynəlxalq və regional miqyasda artan mövqeyinə də toxunub. O, Səudiyyə Ərəbistanı Krallığının İslam dünyasının birliyi, əməkdaşlığı yolunda daim çalışdığını vurğulayıb.
Diplomat ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Hər iki ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələnin baş verdiyini vurğulayıb. Səfir ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı rəsmi qəbulda çıxış edərək, Azərbaycan hökuməti adından Səudiyyə Ərəbistanı xalqını təbrik edib, sülh və əmin-amanlıq arzulayıb. O deyib ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr mehriban dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına ilk səfəri ilə əsası qoyulmuş yüksək səviyyəli siyasi münasibətlər sonrakı illərdə durmadan inkişaf edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərləri çərçivəsində dövlət başçılarımız arasında, eləcə də digər səviyyələrdə keçirilmiş çoxsaylı görüşlər həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafına təkan verib. Səudiyyə Ərəbistanı həmişə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini dəstəkləyir, işğalçılıq siyasəti aparan Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edir. Ölkələrimiz arasında əlaqələr gələcəkdə daha da inkişaf edəcək.

24 Sentyabr 2018 23:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə