Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidentinin növbəti müsahibəsi də nikbinlik notları ilə zəngindir

Azərbaycan Prezidentinin növbəti müsahibəsi də nikbinlik notları ilə zəngindir

Əlbəttə, bizi narahat edən məsələlər var – regionumuzda gərginliyin artması. Lakin biz müsbət dinamikanı da görürük, əvvəllər bu cür sıx qarşılıqlı fəaliyyəti olmayan ölkələr bu gün, demək olar ki, müttəfiqlər kimi hərəkət edir və regional sabitliyə böyük töhfə verirlər. Buna görə də çoxqütblü dünya artıq reallıqdır. Düşünürəm ki, bu meyillər getdikcə daha da möhkəmlənəcək. Bu, müsbət haldır, çünki bu, dünyada sabitliyə zəmanətdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Dünyanın aparıcı dövlətlərinin, mötəbər beynəlxalq təşkilatların, qlobal miqyasda fəaliyyət göstərən şirkət və korporasiyaların Davos Dünya İqtisadi Forumuna böyük maraqla qatılması təsadüfi ­deyil. Çünki bu ünsiyyətin, görüş və müzakirələrin səmərəsini istisnasız olaraq hamı görür. Biz fəxr edirik ki, Azərbaycan dövləti də həmin forumun fəal üzvlərindən biri kimi tanınır. Daha maraqlı olan məqamlardan biri isə odur ki, ­Prezident İlham Əliyev həmin forum çərçivəsində xüsusi diqqət mərkəzində olan dövlət xadimidir.

Dövlət başçımız builki forum çərçivəsində də -- yanvarın 20-də Davosda Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verib. “Rossiya-1” və “Rossiya-24” kanalları dövlətimizin başçısının müsahibəsini yayımlayıb. Təbii ki, bu müsahibə əsasən forumun təməl prinsipi olan iqtisadi məsələləri əhatə edirdi. Amma mən bir azərbaycanlı olaraq, həmin müsahibənin təqdimatında eşitdiyim fikirlərdən-- xüsusi məmnunluq duydum. Aparıcı dedi ki, “OPEC+” bu gün neftin ədalətli qiymətini müəyyənləşdirməyə kömək edən çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır. Neft bazarının iştirakçıları arasındakı sövdələşmə öz səmərəsini göstərdi. Onu uzatmaq gərəkdir. Bu fikirləri kanalımıza müsahibədə Davos Forumunun kuluarlarında Azərbaycan Prezidenti İlham Əliyev söyləyib”.
Burada fəxr etməli olduğumuz məqam Azərbaycan rəhbərliyinin beynəlxalq bazarda neftin qiymətini tənzimləyən əməkdaşlıq formatında iştirak etməsi və bu faktın dünyanın aparıcı televiziyalarından birinin əsas proqramında səsləndirilməsi idi. Bundan başqa, rusiyalı jurnalist bu il neftin qiymətində hansı dinamikanın – müsbət, yoxsa mənfi – gözlənildiyini də məhz Azərbaycan Prezidentindən soruşurdu. 
Daim reallığı nəzərə alan, əsaslandırılmamış heç bir fikir söyləməyən Azərbaycan Prezidenti bu dəfə də öz ənənəsinə sadiq qalaraq dedi ki, proqnoz vermək çətindir. Prezidentin fikrincə, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir: “Azərbaycana gəldikdə, bu il bizim büdcəmizdə neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub. Lakin indi qiymət xeyli yüksəkdir. Buna görə də düşünürəm ki, əgər hər hansı forsmajor vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq. Üstəlik, “OPEC+” formatı çox səmərəlidir və Azərbaycan bu formatın işində fəal iştirak edir. Biz öz üzərimizə götürdüyümüz öhdəliklərlə əlaqədar hasilatı azaldırıq və mahiyyət etibarilə bu gün OPEC-ə daxil olmayan ölkələr də özlərini OPEC üzvləri kimi aparırlar. Buna görə də “OPEC+” çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır və bizim fikrimizcə, mahiyyət etibarilə, bu gün neftin qiymətinin ədalətli olduğunu müəyyənləşdirib”.
Jurnalistin beynəlxalq aləmdə kimlərinsə təkqütblülük arzusu ilə yaşadığına işarə edərək verdiyi sual da Azərbaycan Prezidenti tərəfindən nikbinliklə cavablandırıldı. Prezident xatırlatdı ki, əvvəllər bu cür sıx qarşılıqlı fəaliyyəti olmayan ölkələr bu gün, demək olar ki, müttəfiqlər kimi hərəkət edir və regional sabitliyə böyük töhfə verirlər. Buna görə də çoxqütblü dünya artıq reallıqdır: “Düşünürəm ki, bu meyillər getdikcə daha da möhkəmlənəcək. Bu, müsbət haldır, çünki bu, dünyada sabitliyə zəmanətdir”.
O ki qaldı, iri ölkələrin bəzi hallarda hegemonluq etmək, birqütblü dünya düzəni formalaşdırmaq istəyinə, Prezidentimizin fikrincə, iri dövlətlərin həmişə öz hüdudlarından kənarda maraqları olur və hər ölkə özü üçün daha yaxşı şəraitə nail olmaq, öz təsir dairəsini genişləndirmək istəyir: “Burada təzə heç nə yoxdur. Biz bunu əsrlərboyu müşahidə edirik, sadəcə, müxtəlif intensivlik dərəcəsi ilə. Buna görə məsələ bunda deyil, bugünkü dünya nizamının konstruksiyası, o cümlədən beynəlxalq münasibətlərin konstruksiyası çoxqütblülüyü nəzərdə tutur. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibinə baxsaq, bu, artıq dünyanın çoxqütblülüyünün əksidir. Daimi üzvlərdən birinin razılığı olmadan heç bir qərar qəbul edilə bilməz. Buna görə də düşünürəm ki, ölkələr özləri üçün birqütblülüyü təmin etməyə çalışmamalı, əksinə, hamı üçün sərfəli olan əməkdaşlıq elementləri tapmalıdırlar”.
Ümumiyyətlə, Prezident İlham Əliyevin “Rossiya -24” telekanalına verdiyi bütün müsahibələrdə beynəlxalq aləmdə gedən proseslərə olduqca aydın və ədalətli münasibət bildirilib. Məsələn, dövlət başçımızın 2014-cü il noyabrın 28-də həmin telekanalın əməkdaşının “Bu il biz dünya xəritəsində özünü “İraq--Şam İslam Dövləti” adlandıran yeni bir terrorçu qurumun yaranmasını gördük. Bu radikal islamçı qruplaşma get-gedə yeni əraziləri zəbt edir və qonşularına hədə-qorxu gəlir. Deməliyik ki, bu hadisələr Azərbaycandan o qədər də uzaqda baş vermir. Bu təcavüzkar və yetərincə qətiyyətli fenomen barədə Siz nə fikirləşirsiniz?” – sualını cavablandırarkən, haqlı olaraq, bəzi dairələrin ünvanına qınaq səsləndirilmişdi.
Prezident xatırlatmışdı ki, əvvələn, vəziyyəti düzgün qiymətləndirmək üçün bu qondarma strukturun necə əmələ gəlməsini, haradan meydana çıxmasını dəqiq başa düşmək lazımdır: “Axı, o, başqa planetdən uçub gəlməyib. Bütün bunlar ən azı son 10 ildə məhz Yaxın Şərqdə baş verən hadisələrin nəticəsidir. Bu, Yaxın Şərqdə həyata keçirilən siyasətin bəhrəsi və həmin siyasətin nəticəsidir. Bu, bir daha sübut edir ki, radikal, fanatik qrupların dəstəklənməsi məsələlərində çox ehtiyatlı və uzaqgörən olmaq lazımdır… Mənim fikrimcə, öz həllini tapmalı olan başlıca məsələ budur. Bu məsələ dünyanın aparıcı ölkələri tərəfindən həll edilməyincə, radikalizmə və terrorizmə ­qarşı mübarizədə ümumi anlaşma ­olmayınca belə vəziyyətlər daim yaranacaq”.
Dövlət başçımızın “Rossiya-24” telekanalına 2018-ci il dekabrın 25-də verdiyi müsahibədə isə bilavasitə öz regionumuzdakı terrorçuları dəstəkləyənlər qınanılmışdı: “Biz bu illər ərzində çox böyük inkişaf yolu keçmişik və Azərbaycanla Ermənistan arasında iqtisadi potensialın və bütün digər komponentlərin balansı artıq çoxdan pozulub. Düşünürəm ki, bizim iqtisadiyyatımızı, enerji, nəqliyyat layihələrinin potensialını gücləndirmək üzrə siyasətimiz müəyyən dərəcədə Ermənistanda baş verənlərə səbəb olub. Erməni cəmiyyətini narahat edən bütün digər məsələlərlə yanaşı, bu ilin baharında baş vermiş hadisələrin amillərindən biri Ermənistanın düşdüyü və ya özünü yuvarlatdığı ağır sosial-iqtisadi vəziyyət olub. Bu isə mən qəti əminəm ki, Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasının nəticəsində baş verib. Buna görə də düşünürəm ki, həm Ermənistan cəmiyyətində, həm də hakim strukturlarda daha yaxşı başa düşəcəklər ki, münaqişə yalnız ədalətli nizamlandıqdan, işğal olunmuş ərazilər azad olunduqdan sonra Ermənistan iqtisadiyyatı xeyli arta bilər”. 
Sonda qayıdaq dövlət başçımızın adı çəkilən televiziyaya müsahibələrindəki Azərbaycan – Rusiya dostluq və tərəfdaşlıq münasibətlərinə verdiyi önəmin üstünə. Ötən il dekabrın 5-də “Rossiya 24” telekanalı “Bakutel 2019” 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi ilə bağlı reportaj yayımlamışdı. Reportajda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müsahibəsi də yer alırdı.
Prezident İlham Əliyev həmin müsahibənin sonunda demişdi: “Azərbaycan müasir texnologiyaların idxalçısı, daha artıq dərəcədə idxalçısı və istehlakçısıdır. Rusiya isə inkişaf etmiş elmi potensialı və Rusiya rəhbərliyinin bu sahəyə göstərdiyi böyük diqqət sayəsində istehsalçıya çevrilir. Buna görə də ölkələrimiz arasında dostluq münasibətlərini əsas götürərək bu istiqamətdə Rusiya qurumları ilə işləmək bizim üçün çox maraqlı olardı. Çünki heç kəs üçün sirr deyil ki, bu, həm təhlükəsizlik, həm texnologiya, həm də biznes deməkdir, ümumiyyətlə, bu, ölkələrin potensialı deməkdir”.

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

29 2020 01:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə