Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ölkəmizin inkişafını daha da sürətləndirib

Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ölkəmizin inkişafını daha da sürətləndirib

İnfrastruktur layihələri keçən ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dördüncü Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bu, beşillik proqramdır. Bundan əvvəlki üç proqram müvəffəqiyyətlə icra edildi. Əminəm ki, dördüncü proqramın icrasında da heç bir problem olmayacaq. Beləliklə, hesab edirəm ki, proqram başa çatanda artıq bizim bütün infrastruktur layihələrimiz, o cümlədən sosial infrastrukturla bağlı layihələr öz həllini tapacaqdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Son illərdə respublikamızda həyata keçirilən islahatların dərinləşməsi və geniş miqyas alması nəticəsində Prezident İlham Əliyevə olan ictimai rəğbət və dəstək daha da artıb. Artıq reallıqda “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” prinsipi öz ifadəsini tapıb. Belə ki, dövlət başçısının milli maraqlara söykənən siyasəti nəticəsində 2015-ci ildən başlayaraq neft qiymətlərinin kəskin düşməsinə baxmayaraq, Azərbaycanda heç bir infrastruktur layihəsi dayandırılmayıb, əksinə, son16 il ərzində iqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici dövlət borcu ən aşağı səviyyəyə enib, bu, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edib və belə bir göstəriciyə görə, Azərbaycan dünya miqyasında doqquzuncu yerdə qərarlaşıb.

Yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısı bununla bağlı deyib: “İnfrastruktur layihələri icra edildi, elektrik enerjisi sahəsində “Şimal-2” elektrik stansiyası istismara verildi. Bu stansiyanın istehsal gücü 400 meqavatdır. Bununla paralel olaraq Mingəçevir İstilik Elektrik Stansiyasında və digər mövcud stansiyalarda aparılmış təmir-bərpa işləri nəticəsində biz təxminən 400 meqavat itirilmiş generasiya gücünü bərpa etdik. Beləliklə, keçən il 800 meqavat əlavə generasiya gücü əldə etdik. Əlbəttə ki, bu, həm bizim tələbatımızı tam ödəyir, həm də böyük ixrac imkanımız yaranmışdır. Hazırda bizim tələbatımızdan artıq 1000 meqavat generasiya güclərimiz var. Elektrik təsərrüfatının yenilənməsi istiqamətində görülən tədbirləri nəzərə alsaq, demək kifayətdir ki, bu istiqamətdə çox ciddi iş aparılıbdır”.
Prezident İlham Əliyev daha sonra ölkəmizdə qazlaşdırmanın 96 faizə çatdığını, qazılmış 345 subartezian quyusunun yüzlərlə kəndin su ilə təminatını yaxşılaşdırdığını, bu il isə 400-dən çox subartezian quyusunın qazılacağını diqqətə çatdırıb. 
Ölkə rəhbəri infrastruktur layihələrindən danışarkən, yol tikintisinə də mühüm önəm verildiyini xüsusi vurğulayıb. Qeyd edib ki, bu il həm magistral, həm də şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələrin icrası nəzərdə tutulub. Bakı-Sumqayıt-Rusiya, Gəncə-Gürcüstan, Astara-İran sərhədi yollarının tikintisi planlaşdırılıb. Keçən il 1300 kilometr yol çəkilib...
2019-cu ilin yekunlarına həsr olunan müşavirədə səsləndirilən bu və digər göstəricilər deməyə əsas verir ki, hazırda Azərbaycanda infrastruktur layihələri uğurla həyata keçirilir. Bu isə ölkəmizin müasirləşdirilməsinə, qeyri-neft sektorunun, xüsusən də regionların inkişafına mühüm təsir göstərir, işsizlik probleminin həllində, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasnda böyük rol oynayır. 
Dövlət başçısı, çıxışında bir sıra beynəlxalq layihələrin də uğurla reallaşdırıldığını diqqətə çatdırıb. Bildirib ki, son illər ərzində energetika, nəqliyyat sahələrində qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetirilib. Çox mürəkkəb geosiyasi vəziyyətdə həm Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri istismara buraxılıb. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinə artıq start verilib. Cənub Qaz Dəhlizinin icrasının yekunlaşmasına, demək olar ki, bir il vaxt qalıb. 
Xatırladaq ki, regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət proqramının icra olunduğu 2004–2018-ci illərdə dövlətimizin başçısı 1800-dən çox infrastruktur obyektinin açılış və təməlqoyma mərasimlərində iştirak edib, rayon və şəhərlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində 650-dək sərəncam imzalayıb. 
Dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri infrastruktur layihələr reallaşdırılıb. Aqrar sektorun innovativ əsaslara keçirilməsi, o cümlədən aqroparkların yaradılması da bu hədəflər arasında yer alıb. 
Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda 33 rayon üzrə 258,3 min hektar ərazidə 51 aqroparkın, o cümlədən 17 müasir cins heyvandarlıq kompleksinin və 34 iri bitkiçilik təsərrüfatlarının yaradılması üzrə işlər sürətlə davam etdirilir.
Respublikada turizmin inkişafına xidmət edən infrastruktur obyektlərinin istifadəyə verilməsi də diqqət mərkəzində saxlanılıb. Belə ki, 2003-cü ildə ölkədə mehmanxana və mehmanxana tipli müəssisələrin sayı cəmi 96 ədəd idisə, regional Dövlət proqramlarının icrası nəticəsində belə obyektlərin sayı artaraq 560-ı keçib. Bunun nəticəsidir ki, son 16 ildə turizmin inkişafı sahəsində böyük artım qeydə alınıb.
Son illərdə ölkənin tranzit potensialının reallaşdırılması istiqamətində bir sıra infrastruktur layihələri gerçəkləşdirilib. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti gücləndirilib, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi uğurla davam etdirilib, Bakı-Tbilisi-Qars dəmir yolu işə salınıb. Beləliklə, görülən işlər nəticəsində Azərbaycan ərazisindən keçməklə daşınacaq yüklərin həcmləri əhəmiyyətli dərəcədə artmağa başlayıb. Bu da, öz növbəsində, qeyri-neft sektorunun inkişafını sürətləndirib. 
Son 16 ildə regionlarda 6 hava limanı tikilib və yenidən qurulub, 436 ədəd körpü və tunel tikilib və təmir olunub. Bütün bunlarla bərabər, əhalinin elektrik enerjisinə olan tələbatını daha dolğun təmin etmək məqsədilə son 16 ildə regionlarda 28 elektrik stansiyası istifadəyə verilib, 45 min kilometrdən artıq elektrik xətti çəkilib, 1650-dən çox yarımstansiya quraşdırılıb və ya təmir olunub. Həmçinin bu dövrdə regionlarda 56,2 min kilometr qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 1800-dən çox yaşayış məntəqəsi təbii qazla təmin edilib, regionlar üzrə qazlaşdırma səviyyəsi 41 faizdən 95 faizə çatıb.
Əlbəttə, bütün bunlar Dövlət proqramlarının uğurlu icrası sayəsində gerçəkləşib. Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət proqramının icrası isə yarımçıq qalmış işlərin başa çatdırılmasına, rayonlarda yaşayan insanların sosial rifahının daha da yaxşılaşmasına təkan verəcək, bütövlükdə ölkəmizin inkişafına xidmət edəcək.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə ölkə miqyasında genişmiqyaslı infrastruktur layihələri reallaşdırılıb. Su və kanalizasiya layihələrinin icrasına başlanılan 50 şəhər və rayon mərkəzinin 38-də su şəbəkələrinin tikintisi artıq yekunlaşıb. Şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənddə içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb.
Son 16 ildə avtomobil magistrallarının tikintisi və yenidən qurulmasına, regionlarda yol şəbəkəsinin bərpasına da xüsusi önəm verilib. Bu isə ölkədə sərnişin və yükdaşımaların keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, iqtisadiyyatın inkişafını sürətləndirib, turizm potensialından səmərəli istifadəni şərtləndirib. 

 

Xatırladaq ki, cari ilin investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bu vəsait hesabına ilin əvvəlindən indiyədək 1000 kilometrdən çox yeni avtomobil yolu salınıb. Bölgələrdə də nəzərdə tutulan yolların tikintisi artıq başa çatdırılıb. 
Dövlət başçısı müşavirədə respublikamızda həyata keçirilən infrastruktur layihələrindən bəhs edəkən, maraqlı bir məqama da toxunub. Prezident İlham Əliyev Azərbaycanın dünya əhəmiyyətli nəhəng layihələrin Ermənistan istisna olmaqla qonşu ölkələrlə birgə reallaşdırıldığını vurğulayaraq deyib: “Cənub Qaz Dəhlizi bu il istismara veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib və bu yol vasitəsilə yükdaşımaların həcmi ildən-ilə artır. Bakı-Tbilisi-Qars Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsidir. Biz bu layihəni qonşu ölkələrlə - Türkiyə və Gürcüstan ilə uğurla icra etdik. Digər qonşularımızla - Rusiya və İran ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər uğurla gedir və demək olar ki, bu dəhliz fəaliyyət göstərir. Sadəcə olaraq, bu dəhlizi daha da səmərəli etmək üçün növbəti addımlar atılır. Bu nəhəng enerji və nəqliyyat layihələri Ermənistandan yan keçib. Bu, bizim qonşularımızdır, eyni zamanda, Rusiya istisna olmaqla, Ermənistanın da qonşularıdır. Yəni, biz qonşularla dostluq, əməkdaşlıq, səmimiyyət əsasında münasibətləri qurmuşuq və məhz buna görə bu layihələrə nail olmuşuq. Ermənistan isə əsrlərboyu qonşulara xor gözlə baxır, qonşulardan nəsə qoparmaq istəyir, onların torpağına iddia edir, tarixi saxtalaşdırır, tarixi abidələri saxtalaşdırır və özününküləşdirməyə cəhd edir. Fərq bundan ibarətdir”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfindən Ermənistan enerji və nəqliyyat layihələrindən təcrid edilib və bu, heç vaxt gizlədilməyib… Ermənistan bu gün Azərbaycanın səyli nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır. Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də qalacaq. Beləliklə, Ermənistan rəhbərliyi növbəti dəfə saxta məlumat əsasında Ermənistanı Azərbaycanla müqayisə etmək istəsə, yaxşı fikirləşsin. Çünki idman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır və getdikcə bu fərq daha da böyüyəcək.
Ölkə rəhbəri müşavirədə cari ilin dövlət investisiya proqramında infrastruktur layihələrinə də yer ayrıldığını vurğulayıb. Diqqəti həmin sənəddə nəzərdə tutulan layihələrinin icrası ilə paralel olaraq iqtisadiyyatın real sektoruna dəstək verilməsinin zəruriliyinə yönəldərək deyib: “İnfrastruktur layihələrinin real sektora olan təsiri də bir növ təhlil edilməli və mənə məlumat təqdim edilməlidir. Misal üçün, yeni infrastruktur, tutaq ki, bu və ya digər rayonda iqtisadiyyatın real sektoruna nə dərəcədə müsbət təsir göstərmişdir”.
Göründüyü kimi, dünyada gedən proseslər, bölgədə olan mürəkkəb vəziyyət və digər problemlər fonunda ötən il infrastruktur layihələrinin icrası dayanmayıb. Bu sahədə görülən işlər, əldə edilən göstəricilər, Azərbaycan üçün böyük nailiyyətdir və Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin bariz ifadəsidir.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

 

29 2020 01:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə