Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib

Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib

Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində, Dünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası (ÇXR) hökumətinin elan etdiyi kimi, Çinin Uxan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş Nazirin sədrliyi ilə keçirilən müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak ediblər.
Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.
Müşavirənin yekununda belə hallar üçün nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi - sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi, ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi, səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması, virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması, vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi haqda qərar qəbul edilib.
Əhalinin nəzərinə çatdırılır ki, ölkədə belə vəziyyətlərdə ehtiyacın yarana biləcəyi bütün tibbi ləvazimatlar kifayət qədərdir. O da vurğulanıb ki, hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur.
Müşavirədə Səhiyyə nazirinin rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə İşçi Qrupunun yaradılması qərarı qəbul edilib.
Tədbirlərin görülməsində Dünya Səhiyyə Təşkilatının müvafiq tövsiyələri nəzərə alınır.
Azərbaycanın ÇXR-dəki səfirliyi və Çinin ölkəmizdəki səfirliyi ilə sıx əlaqə saxlanılır. Habelə, Azərbaycanın Çindəki səfirliyi bu ölkənin dövlət qurumları və Çində olan vətəndaşlarımızla daimi təmasdadır.

29 2020 01:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə