Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Davos görüşləri yeni iqtisadi layihələrin reallaşmasına əlverişli imkan yaradır

Davos görüşləri yeni iqtisadi layihələrin reallaşmasına əlverişli imkan yaradır

Son günlərdə Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı və tədbir çərçivəsində keçirdiyi çoxsaylı görüşlər dünyanın və Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Xüsusən Prezidentin forum çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilmiş panel iclasında moderatorun suallarına verdiyi çox sanballı cavablar böyük marağa səbəb olub. Bu barədə danışan ADNSU-nun dekanı Naməd PAŞAYEV bildirdi: 

– Prezident İlham Əliyevin Avrasiya regionuna Rusiya və Çin tərəfindən təsirlə bağlı suala cavabı xüsusilə xoşuma gəldi. Dövlət başçısı Azərbaycanın milli maraqlarının hər şeydən yüksəkdə durduğunu bəyan etdi, öz dövlətinin müstəqil siyasət yürütməsindən, heç bir ölkədən asılı olmamasından bəhs etdi. Bildirdi ki, Azərbaycan bütün qonşuları ilə mehriban münasibətdədir, lakin milli maraqlar həmişə birinci yerdədir. Buna görə də müstəqillik illəri ərzində əldə olunmuş bütün nailiyyətlər xalqımızın müstəqilliyə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirildiyinə görə qazanılıb. 
Ölkədə aparılan infrastruktur, kadr və sosial islahatlardan danışan dövlət başçısı qeyd etdi ki, yeni hökumət əsas diqqətini əhalinin artması ilə bağlı böyük çağırış üzərinə yönəldəcək. Buna görə də ölkədə iqtisadi artım əhalinin artımına uyğun gəlməlidir. Müstəqillik illərində əhalinin sayı 7 milyondan 10 milyona qədər artıb. Bu, o deməkdir ki, əhaliyə əlavə infrastruktur, əlavə ərzaq təminatı tələb olunur. Ölkə əhalisi hər il 100 mindən çox artır. Bu isə o deməkdir ki, ildə azı 100 min iş yerinə ehtiyac yaranır. Bu, asan deyil: “Hökumət bu məsələ ilə məşğul olacaq. Biz yoxsulluğu bugünkü səviyyədə - 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacağıq. Həmçinin bizim birbaşa xarici borcun azaldılması ilə bağlı uzunmüddətli strategiyamız var. Bu gün bu borc çox aşağıdır, ümumi daxili məhsulun 17 faizini təşkil edir. Lakin bizim hədəfimiz onu ümumi daxili məhsulun 10 faizinə qədər endirməkdir. Əlbəttə ki, inflyasiyanın keçən il olduğu kimi, 2,5 faiz səviyyəsində, aşağı səviyyədə saxlanılması məsələsi üzərində də işləyəcəyik. İnsanların gəliri həmişə inflyasiyanı üstələməlidir, habelə iş yerlərinin yaradılması da demoqrafik artımdan daha çox olmalıdır”.
Təbii ki, Prezident İlham Əliyevin bu fikirləri Azərbaycanı böyük islahatlar yolu ilə gedən, sosial-iqtisadi inkişafını uğurla davam etdirən, ölkənin milli maraqlarını uca tutan ölkə kimi dünyada tanıdır, ölkəyə böyük nüfuz qazandırır. 

 

Söhbəti yazdı: 
Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

29 2020 01:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə